haberL haberR

İlahiyyatçı Ceyhun Cəfərovun həbs müddəti növbəti dəfə uzadıldı

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 09.11.2015 01:07:09 2984 dəfə oxunub.

Mart ayının 10-da həbs olunan İlahiyyatçı Ceyhun Cəfərovun həbs müddəti yenə uzadılıb

İslamazeri.az xəbər verirki, bu haqda ilahiyyatçının vəkili Cavad Cavadov özünün sosial şəbəkə profilində məlumat verib.

Vəkil yazıb: "Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Ceyhun Cəfərov barəsində bu gün, növbəti dəfə həbsdə saxlama müddətinin uzadılması təqdimatına baxıldı. Təqdimat Cinayət Prosessual Məcəlləsinini 159.3-cu maddəsinin tələblərinin pozulması ilə verilmişdir, belə ki, həbs müddətinin bitməsinə azı beş gün əvvəl verilməli olmasına baxmayaraq iki gün qalmış verilmişdir. Məhkəmə bununla bağlı vəsatətimizi təmin etmədi. Məhkəmədən ittihamın qanunsuz və əsassız olmasını, heç bir sübutla təsdiq olunmadığını və ilkin sübutların tələb edilməsinə dair vəsatətimiz, o cümlədən həmin iş üzrə keçən Elşən Mustafayevin dindirilməsinə dair vəsatətlərimiz təmin edilməmişdir. İttiham o dərəcədə qondarmadır ki, indiyə kimi müdafiə tərəfinə onun faktiki və hüquqi tərəfləri aydın deyil. Həbsin uzadılması üçün istintaq orqanı ciddi əsaslar göstərə bilmir və Ceyhun Cəfərovla bağlı hər hansı istintaq hərəkəti aparılmır. Məhkəmə təqdimatı təmin edərək həbs müddətini 26 yanvar 2016-cı il tarixə kimi uzatmışdır. Məlumat üçün bildiririk ki, ilkin həbs qərarı ilə şikayət artıq Avropa Məhkəməsinə göndərilmişdir. Lakin bu işin elə istintaq orqanında xitam veriləcəyinə hələ ümidlər tükənməyib."

 

Xatırladaq ki, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov 2015-ci ilin mart ayında MTN əməkdaşları tərəfindən saxlanılıb.  İlahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib, “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Eyni zamanda “Təkamül” Tərcümə Mərkəzinin direktoru olub, onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Bu nəşriyyat tərəfindən İslam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan” təfsiri tərcümə olunaraq nəşr olunub. Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.