haberL haberR

İlahiyyatçı Tale Bağırov Ayətullah Həmədaniyə olan şikayətdən danışdı

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 09.09.2015 14:05:55

“Məni Bakıdakı heç bir məscidə buraxmamaq barədə tapşırıq verilib”

Sabiq vicdan məhbusu: "Üç Azərbaycan vətəndaşının günahsız olaraq həbs edilməsini bir İslam fəqihinə bildirmək hüquq müstəvisindən kənar deyil"

İyul ayında həbsdən azad edilmiş vicdan məhbusu, ilahiyyatçı Taleh Bağırov yenidən medianın gündəmindədir. Bu dəfə onun Azərbaycanda səfərdə olan Ayətullah Nuri Həmədani ilə görüşdə söylədiyi sözlər mətbuatın gündəminə əsas hadisə kimi düşüb. Media iddia edir ki, o, öz ölkəsindən iranlı bir din adamına şikayət etməklə, yanlışa yol verib. Hacı Talehlə görüşüb həm azadlığa çıxdıqdan sonrakı fəaliyyəti, həm də planları barədə söhbət etdik.

 

- Həbsdən 40 günə yaxındır çıxmısınız. Hazırda nə işlə məşğul olursunuz?
 
- İstərdim öncə “Yeni Müsavat”a öz təşəkkürümü bildirim. Qəzetin rəhbərliyinə, o cümlədən sizə təşəkkür edirəm... Həbsdən çıxdıqdan sonra Azərbaycanın bir neçə bölgələrinə səfər etmişik. Yerlərdə insanlarla görüşürük, ilahiyyatçı kimi dini söhbətlər, çıxışlar edirik. Demək olar ki, hər gün inanclı insanlarla sıx təmasdayıq. Hazırda əsas məqsədimiz yaratdığımız Hərəkat vasitəsilə cəmiyyətdə mənəvi boşluğu doldurmaq üçün İslam və milli məfkurədə ümmətçilik prinsiplərini təbliğ etməkdir. Bununla da xalqın inamını özünə qaytarmağa doğru bir addım atmağa çalışırıq.
 
- Həbsdən azad edildiyiniz gün səs-küylü açıqlamalr verdiniz, bu açıqlamalarınıza görə sizə qarşı hər hansı təzyiq və ya təqib olmadı ki?
 
- Həbsdən çıxdıqdan sonrakı iki gün dalbadal Yasamal Rayon Polis İdarəsinə çağırıldım. İdarədə həbsdən çıxdığımız gecə mətbuata verdiyimiz açıqlamalardan narahat olduqlarını hiss etdim, xüsusən də “kiçik zindandan çıxıb böyük zindana daxil oldum” ifadəsindən narahat olduqlarını hiss etdim. Amma təhdid və ya təzyiq olmadı. Söhbət etdilər. Narahatlıqlarını bildirdilər. Leyla Yunusu nədən müdafiə etdiyimi də soruşdular, mən də bunun mənim vicdan borcum olduğunu dedim. Yalnız bir müddət keçdikdən sonra xüsusi bir vasitə ilə təhdid mesajı göndərildi ki, növbəti həbsimə hazırlıq görülür. Bir də Bakının məscidlərinə, bildiyim qədəri ilə, xüsusi tapşırıq verilib ki, Taleh Bağırzadə heç bir məsciddə xütbə deməyə buraxılmasın.
 
- O zaman görüşləri, ibadətləri harada keçirirsiz?
 
- Nardarandakı məscidə və Maştağada Əbəlfəzl Abbas məscidində ibadətlərə gedirəm, çıxış edirəm. Bir də bölgələrə gedib görüşlər keçirirəm.
 
- Açıqlamalarınızdan belə hiss olunur ki, Tale Bağırov siyasətlə məşğul olur, hətta həbsdə olanda təşkilat da yaratdınız. Yeri gəlmişkən, həm də Milli Şuranın üzvüsünüz. Doğrudan siyasi fəaliyyətə qoşulmaq fikriniz varmı? Yəni seçkilərə qatılmaq kimi.
 
- Əvvəlcə onu deyim ki, biz hakimiyyətə iddialı deyilik. Qaldı ki, siyasi fəaliyyətə, əgər zülmə, zalımlığa qarşı olmaq, xalqın problemlərini dilə gətirmək, milli-mənəvi dəyərlərin aşınmasına qarşı çıxmaq siyasətdirsə, biz onunla məşğuluq. Parlament seçkilərinə gəlincə, vətəndaş olaraq təbii ki, iştirak edəcəyik. Ancaq namizəd olmaq və ya namizəd irəli sürmək fikrimiz yoxdur. Ən azı bu seçkilərdə.
 
- Milli Şuranın üzvüsünüz və bu qurumun üzvü olaraq hansısa partiyanı, bloku və ya namizədi dəstəkləyə bilərsiniz?
 
- Azərbaycanda, aydındır ki, demokratik seçki mühiti yoxdur və seçkinin taleyini seçicilər həll etmir. Burda daha çox xüsusi əllər və pullar rol oynayır. Bizim üçün bu gün öncəlik xalqın problemlərinin həlli, siyasi məhbusların azadlığa buraxılması kimi ümummilli məsələlərdir. Seçki ilə bağlı olaraq bizim Müsəlman Birliyi Hərəkatı müzakirələrdən sonra seçki prosesinin gedişində öz mövqeyini bəyan edəcək.
- Müsəlman Birliyi Hərəkatı yaratmısınız. Bu ad həm siyasi, həm də dini anlam daşıyır. Məqsədiniz nədir, bu, siyasi qurumdurmu?
 
- Adından göründüyü kimi, Azərbaycanın müsəlman xalqını – dindar olan və olmayan, məzhəb fərqi qoymadan – milli və islami kimliyin işığında, ümmətçilik-müsəlmançılıq ruhunda maarifləndirməkdir əsas hədəfimiz. Hesab edirik ki, bu gün xalqın dini və milli kimliyinə sahib çıxması üçün geniş maarifçi fəaliyyətə ehtiyac var. Yəni hələlik əsas məqsəd və hədəfimiz maarifçilikdir, siyasi proseslərə aktiv şəkildə qatılmaq fikrimiz yoxdur. Ancaq gələcəkdə fəaliyyətimizin nəticəsi olaraq formalaşacaq məfkurənin işığında ictimai-siyasi proseslərdə iştirak edə bilərik.
 
- Meydan TV-yə müsahibəniz böyük rezonans doğurdu. Orda söylədiyiniz fikirlərə cavab da yazıldı. Necə düşünürsünüz, söylədiyinizin reallaşması üçün Azərbaycanda zəmin varmı?
 
- Meydan TV-yə müsahibəmiz birmənalı qarşılanmadı, hətta orda söylədiyimiz fikirlərdən yola çıxaraq niyyətlərimizi təftiş etmək cəhdləri oldu. Bu da sanki post-modern falçılığa bənzədi. Bir daha sizin qəzet vasitəsi ilə fikirlərimizi tam aydın izah etməyə çalışacam. Hazırda Azərbaycanda fundamental İslam hakimiyyətinin qurulmasının perspektivi yoxdur. Doğrudur, nəzəri cəhətdən islamçılar yaxın gələcəkdə hakimiyyətə gələ bilər. Misal üçün, Türkiyədə olduğu kimi, seçkilərdə qələbə qazanmaqla. Ancaq İslam hakimiyyəti fərqli anlayışdır, bunun bərqərar olması daha mürəkkəb prosesdir. Məsləhət görərdim ki, bizim sözümüzə şübhə edənlər İslam hüququna müraciət etsinlər. İslam hüququnda məhkəmə hakimiyyətini araşdırsalar, tam əminliklə bizim fikrimizi dəstəkləyəcəklər.
 
- Klassik mənada islamçı bir siyasətçinin və ya hərəkatın sona qədər liberal və ya sol qüvvələrlə birgə olması mümkün deyil. Bu mənada sizin liberal, qərbyönlü təşkilat və liderləri dəstəkləməyiniz geniş şəkildə olmasa da, dini çevrələrdə birmənalı qarşılanmır, hətta bildiyim qədəri ilə açıq şəkildə olmasa da, qınaqlar var. Ümumiyyətlə, siz necə düşünürsünüz, bu qruplarla əməkdaşlığınız hara qədər mümkündür? 
 
- Bu mövzu mənə tanışdır. Amma ilk öncə o suala cavab verək ki, İslam nöqteyi-nəzərindən islamçıların başqa ideologiyalarla ortaq rəqibə qarşı birləşməsi məqbul hesab edilir, yoxsa yox? İslamın ilk illərində əziz İslam Peyğəmbəri (s.ə.s) yəhudilər, bütpərəstlər, hətta müşriklərlə düşmənə qarşı əməkdaşlıq edir, qarşılıqlı yardım müqaviləsi imzalayırdı. Bu, tarixi sənədlərlə sübut edilir. Bu mənada bizim digər siyasi qruplarla əməkdaşlığımız normal qarşılanmalıdır, çünki başqa örnəkləri də var. Bizim digər ideologiyaya mənsub qüvvələrlə əməkdaşlığımız onların ideologiyalarını qəbul etməyimiz anlamına gəlmir, biz ortaq problemlərə qarşı birgə fəaliyyət göstərmək, hər iki tərəfi narahat edən problemlərin həllinə çalışırıq. Məsələn, korrupsiya problemi, seçki saxtakarlığı, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər bu kimi məsələlər.
 
- Yenə də sərt çıxışlar edirsiniz. Növbəti dəfə həbs olunmaq təhlükəsindən narahat deyilsiniz? Məsələ ondadır ki, həbsdən çıxarkən verdiyiniz bəyanat çox sərt idi.
 
- Şübhəsiz ki, biz bəyanat verəndə qabaqcadan düşünürük. Bu bəyanatların, çıxışların cəmiyyətin passiv ovqatının aradan qaldırılması, ictimai fəallığın artması, xalqımızın birləşməsi üçün təkan olmasına ümid edirik. Bu yolda nəinki həbs olunmağı, ölümü gözə almışıq. Biz bu şeyləri düşünsəydik özümüz passivləşərdik.
 
- Yeri gəlmişkən, ötən həftə sizin Ayətullah Həmədani ilə görüş zamanı 3 dindarın həbs olunduğunu bildirməniz birmənalı qarşılanmadı. Sizi Azərbaycanın daxili məsələlərini iranlıya, yəni xarici vətəndaşa şikayət etməkdə ittiham etdilər.
 
- Bu məsələyə bir neçə aspektdən cavab vermək olar. Beynəlxalq hüquqda insan haqq və hüquqları sərhəd tanımır. İnsan haqları dövlətlərin daxili işi sayıla bilməz. Bu nöqteyi-nəzərdən 3 nəfər inanclının qanunsuz olaraq həbs olunması insan haqlarının kobud şəkildə pozulmasıdır. Bu məsələni Azərbaycanın daxili işi hesab etmək beynəlxalq hüquqa uyğun deyil. İkincisi, bu məsələdə İslam hüququ və beynəlxalq hüquq ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, Ayətullah Həmədani təqlid mərcəsi, yəni islam hüququ üzrə ən ali elmi dərəcənin sahibidir, müsəlmanların birbaşa hüquqlarının qorunmasına mənəvi baxımdan cavabdeh olan insandır. Yəni, istər dünyəvi, istərsə də dini nöqteyi-nəzərdən baxdıqda, üç Azərbaycan vətəndaşının günahsız olaraq həbs edilməsini bir İslam aliminə bildirmək hüquq müstəvisindən kənar deyil. O ki qaldı Ayətullah Həmədaninin İran vətəndaşı, yəni xarici ölkə vətəndaşı olması məsələsinə, düşünürəm ki, bu primitiv düşüncədir. Ayətullah Həmədani İran vətəndaşı olmamışdan öncə bizim üçün və ümumiyyətlə, dünyanın harasında yaşamasından asılı olmayaraq şiə müsəlmanlar üçün təqlid-mərcəsi, yəni ali titullu fəqihdir. İslam hüququ bu mövzularda sərhəd qəbul etmir. Ümumiyyətlə isə nəinki şiə məzhəbi, bütün məzhəblər və dinlərin ardıcılları üçün dini mərkəz siyasi sərhədləri qəbul etmir. İstənilən dinin təmsilçiləri üçün dini mərkəz və ya şəxslər olur ki, onlara müraciət edirlər. Bu, təbii bir haldır. Bu məsələnin görünən tərəfi. Qaldı ki, görünməyən tərəfinə, qeyd etmək istərdim ki, Aytətullah Nuri Həmədaninin müstəqil ruhanilərlə görüşməsi bəzi dairələrdə narahatlığa səbəb olub. Bu cür elementar məsələlərin şişirdilməsi həmin qüvvələrin sifarişi ilə baş verir. 
(Musavat.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.