haberL haberR

İmam Zamanın (ə.f) mübarək mövlududur

Kateqoriya: İslam Yayımlama tarixi: 22.05.2016 1:05:05

Bu gün Şaban ayının 15-i 12-ci İmam, Həzrəti Məhdinin təvəllüd günüdür

Bu münasibətlə İslamazeri.az bütün dünya müsəlmanlarını təbrik edir, o Həzrətin qəlbini hər birimizdən razı olmasını arzu edirik. Bayramınız mübarək!!!

Bu gecənin və gününün xüsusi əməlləri var ətraflı.

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa məlumat

On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olub.

Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir. Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar.

Ən məşhur ləqəbi isə Məhdidir. Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.

Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.

İslamda Məhdəvilik

Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah-tәala həzrət Mehdinin (ə) zühurunu bir gecədə müəyyənləşdirib imzalayar.

Əhməd ibn Hənbəl nəql edir ki, həzrət Peyğəmbər (s) buyurdu: “Mehdi (ə) biz əhli-beytdəndir. Allah onun zühurunu bir gecədə həyata keçirəcək.

Şiələrin əqidəsinə görə, İmam Zaman (s.ə) İmam Həsən Əskərinin (ə) övladıdır. Sünnilərin alimləri isə bu məsələdə iki fikirə inanırlar. Əksəriyyət İmam Məhdinin (ə.f) doğulacağını, bəziləri isə İmam Həsən Əskərinin (ə) övladı olduğuna inanır.

 Sünni alimlərindən bir qrupu imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladının dünyaya gəlişini etiraf etmişlər. Həmin alimlərdən bəzilərinin adları belədir: Əllamə Şəmsəddin Qazi ibn Xəlkan Şafei, Əllamə Səlahəddin Xəlil ibn Eybək Səfədi, İbn-Əsr Cəzri, Əllamə Mirxand, Əli ibn Hüseyn Məsudi, Məhəmməd Fərid Vəcdi, Əbül-Fəda İsmail ibn Əli Şafei, Sebt ibn Cоzi, Məhəmməd ibn Təlhə Şafei, Şəmsəddin Məhəmməd ibn Tulun Hənəfi, Mirzaməhəmməd ibn Rüstəm Bedəxşi Şafei, Əhməd ibn Hucr Heytəmi Şafei, Məhəmməd ibn Yusif Gənci Şafei, Arif Əbdül Vəhhab Şərani Hənəfi, Mühyiddin Ərəbi, Mömin ibn Həsən Şəbələnci Şafei, Şeyx Süleyman Qunduzi Şafei, Şeyx Məhəmməd ibn Əli Səbban Şafei, Səfiyuddin Əbdül-Mömin Bağdadi, Zeynəddin Ömər ibn Virdi, Əbül-Əbbas Əhməd ibn Əli Qələqşəndi Şafei, Əbu-Əbdüllah Yaqut Həməvi, Məhəmməd Əmin Bağdadi (Süyudi), İbn-Xəldun, Əbül-Fəth Məhəmməd ibn Əbdül-Kərim Şəhristani, Nurəddin ibn Səbbağ Maliki, Nurəddin Əbdül-Rəhman Cami Hənəfi, Molla Əli Qari Hənəfi Məkki, Fəzl ibn Ruzbəhan, Cəmaləddin Məhəmməd ibn Yusif Zirəndi Hənəfi, Əhməd Əmin Misri, Sədrəddin Həməvini, Əttar Nişapuri, Cəlaləddin Bəlxi Rumi, Sədrəddin Qəvnəvi, Hüseyn ibn Məhəmməd Diyarbəkri Maliki, Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi, Şəmsəddin Zəhəbi Şafei, Fəxr Razi Şafei, Şeyx Əbdüllah ibn Məhəmməd Şəbravi Misri Şafei, İbn İmad Dəməşqi Hənbəli, Məhəmməd ibn Əbdür-Rəsul Bərzənci Şafei, Əbül-Bərəkat Neman ibn Məhmud Alusi Hənəfi və başqaları.

Sünnə əhlindən kimsə imam Əsgərinin (ə) övladını xilaskar kimi qəbul edirmi?

Bəzi sünni alimləri imam Həsənin (ə) Mehdi (ə) adlı övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə şiələrə aid əqidə bilirlər. Bəzi sünni alimləri isə həm Mehdinin (ə) mövluduna, həm də onun hazırda sağ olmasına inanırlar. Bu alimlərdən bəzilərinin adları:

1. Məhəmməd ibn Yusif Gənci Şafei deyir: “İmam Həsən Əsgərinin (ə) özündən sonra bir oğlu qalıb və o, vəd olunmuş imamdır.” Mənbə - “Kifayətul-Talib”, s. 312.

2. Əbdül-Vəhhab Şərani Hənəfi deyir: “Dünyanın sonunda Mehdinin zühuruna ümid var. O, imam Həsən Əsgərinin (ə) övladlarındandır. Onun mövludu hicri 255-ci il Şəbanın ortasına təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib. Mənbə - “Əl-yəvaqit vəl-cəvahir”, c. 2, s. 127.

3. Nurəddin Əbdür Rəhman Came Hənəfi deyir: “O yer üzündə ədaləti bərpa edər.” Mənbə - “Şəvahidun-Nübuvvə”,s. 104.

4. Qazi Bəhlul Behcət Әfəndi deyir: “On ikinci imam hicri 255-ci il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb. Allah ona izin verdiyi vaxt yer üzündə ədaləti bərpa edəcək”.“ Mənbə - Əl-Mühakimə fi tarixi Ali-Muhəmməd”, s. 246.

5. Sədrəddin Həmvini həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: “Həqiqətən, övladlarımdan 12-cisi qeybə çəkilər... Nəhayət, Allah-tәala ona zühur icazəsi verər.”  Mənbə - “Fəraidus-sitmin”, c. 2, s. 132.

6. Şeyx Fəridəddin Əttar Nişapuri öz qəsidəsində deyir:

Minlərlə övliya əl açıb göyə

Mehdini istərlər “ya Allah” deyə.

Ya Rəbb, göndər gəlsin böyük xilaskar,

Ədalət dünyada görünsün aşkar.

7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:

Kişilər sərvəri Əliyə salam,

Ərənlər hünəri Əliyə salam...

Haqqı yer üzündə bərpa edəsi

Mehdi adlı diri vəliyə salam.

8. Sədrəddin Qəvnəvi şagirdlərinə belə vəsiyyət etmişdir: “Dünyadan köçəcəyim gecə qəlb iştirakı ilə 70000 dəfə “la ilahə illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.