haberL haberR

İran səfiri azərbaycanlı deputatların ittihamlarından danışdı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 16.06.2016 11:58:26

Möhsün Pakayin: Tehran və Bakı arasında mövcud olan bu günkü müsbət əlaqələr heç bir zaman mövcud olmamışdır

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayik Milli Məclisinin bəzi deputatlarının çərşənbə axşamı günündəki çıxışlardan təəssüfləndiyini bildirib: “Bu qəbil açıqlamalar dost və qardaş olan iki ölkə arasında əlaqələrin inkişafına heç bir yardım etmir”.

İslamazeri.az səfirliyin saytına istinadən xəbər verir ki, o, Tehran və Bakı arasında mövcud olan bugünkü müsbət əlaqələrin heç bir zaman mövcud olmadığına diqqət çəkib: “Ermənistan Xarici İşlər Nazirinin Tehrana səfəri İran İslam Respublikasının qonşu dövlətlərlə siyasi əlaqələrin tənzimlənməsi çərçivəsində həyata keçib və bu səfər heç bir ölkənin əleyhinə olmayıb”.

Möhsün Pakayin bəzi media qurumların Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfəri ilə bağlı yaydığı xəbərlərin əslində güman əsasında olduğunu vurğulayıb: “İran İslam Respublikasının Prezidentinin səfər proqramı və həmin səfərlərin dəqiq tarixi milli mənafe çərçivəsində həyata keçir. Təbii ki, hər səfərdən öncə bununla bağlı İİR Prezident Administrasiyası tərəfindən lazım olan məlumatlar verilir”.

Səfir iki ölkə arasında münasibətlərin genişlənmə şərtinin ölkə rəhbərlərinin siyasi iradəsindən asılı olduğunu qeyd edib: “Son 3 il ərzində İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşməsi iki ölkə rəhbərlərinin ölkələr arasında münasibətlərin inkişafı üçün siyasi iradəyə malik olduğunu göstərir. İki ölkə prezidentinin bu müddət ərzində bir-biri ilə bu qədər görüşməsi və iki ölkə arasında imzalanmış sənədlər İranın qonşu dövlətləri arasında bənzərsizdir”.

Möhsün Pakayin Tehran və Bakı arasında mövcud olan münasibətlərin bu tərzdə müsbətə doğru inkişafının səbəbini Həsən Ruhani dövlətinin qonşu dövlətlərlə münasibətin inkişafı və xarici siyasətdə ədalət prinsipinə xüsusi təkid göstərməsi nəticəsində baş verdiyini vurğulayaraq  “Bu siyasətin icrasında iki tərəf iqtisad, ticarət, tranzit, əkinçilik, sənaye, turizm və enerji sahələrində yaxşı uğurlar əldə ediblər. İki ölkənin Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı əldə etdikləri razılıq bu uğurun simvolu sayılır. İki ölkə arasında qarşılıqlı olaraq viza rejiminin aradan qaldırılması da turizm sahəsinin genişlənməsi və iqtisadi mübadilələrin həcminin artması üçün qarşılıqlı mənafeə xidmət göstərəcək və hər iki ölkə bu əməkdaşlıqların faydalarından bəhrələnə biləcəklər”, - deyə qeyd edib.

Səfir iki tərəfli və çoxtərəfli münasibətlərin genişlənməsinin zəruri olduğunu söyləyib: “Gələcəkdə də İranın yüksək səviyyəli dövlət məmurlarının Bakıya səfəri və xüsusilə də Bakıda keçiriləcək iclasda İran, Rusiya və Azərbaycan Prezidentlərinin görüşünün şahidi olacağıq”.

 “Gələcəkdə bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz bir qonşu, dost və tərəfdaş ölkə olaraq əvvəlki illərdən daha yüksək səviyyədə genişlənəcəkdir. İki ölkənin rəhbərləri özlərini ölkələrimiz arasında mövcud olan münasibətləri bədxahlardan qorumağa borclu bilirlər”,- deyə səfir əlavə edib.

Qeyd etmək lazımdır ki, çərşənbə axşamı günündə Milli Məclisinin üç deputatı Ermənistan Xarici İşlər Nazirinin Tehrana səfərini tənqid ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.