haberL haberR

İran XİN: Azərbaycan prezidentinin İrana səfəri zamanı bir sıra sazişlər imzalanacaq

Kateqoriya: Siyasət Yayımlama tarixi: 15.02.2016 14:10:05

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri fevral ayının sonlarında baş tuta bilər.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari keçirdiyi həftəlik mətbuat konfransında APA-nın sualına cavabında deyib.


H. Cabiri Ənsari  bildirib ki, səfər zamanı iki qonşu ölkə arasında bir sıra əməkdaşlıq sazişləri imzalanacaq: “Səfərin dəqiq vaxtı və proqramı haqqında səfərdən öncə ətraflı məlumat veriləcək. Bizim qonşu ölkələrlə əlaqələrimiz müştərək tarixi köklərə əsaslanır və bu əlaqələr və əməkdaşlıq müştərək mənafelər yönündə davam etdirilir”.
 
İranın müdafiə naziri Hüseyn Dehqanın Rusiyaya səfəri haqqında danışan H. Cabiri Ənsari qeyd edib ki, İran və Rusiya arasında əlaqələr yüksək səviyyədədir: “Hazırkı şəraitdə siyasi və hərbi nümayəndə heyətlərinin  gediş-gəlişi gündəlikdə var və hər iki ölkə qərara alıb ki, iqtisadi əlaqələri inkişaf etdirsin”.
 
XİN sözçüsü turizmin inkişafı istiqamətində atılan yeni addımlardan da danışıb: “Qəbul edilən qərara əsasən 9 ölkədən başqa, dünyanın bütün ölkələrinin vətəndaşları İranın hava limanlarında viza ala biləcək. Ümid edirəm bu, ölkəmizdə turizmin inkişafına kömək edəcək“.
 
H. Cabiri Ənsari İran-Türkiyə münasibətlərinə də toxunaraq deyib ki, Ankara və Tehranın müştərək iradəsi ikitərəfli əlaqələrin inkişafı yönündədir: “Bu iradə regiondakı bəzi məsələlər və Suriya böhranı ilə bağlı fikir ayrılıqlarının məhdudlaşdırılması üçün də mövcuddur”. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.