haberL haberR

İranlı vali İqtisadiyyat və Sənaye Nazirliyində olub

Kateqoriya: Ölkə Yayımlama tarixi: 21.10.2015 10:33:03

Görüşdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi müzakirə edilib

İslamazeri.az-ın əldə etdiyi məlumata əsasən, oktyabrın 20-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, ölkələrimizin əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd etmiş, ötən il dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti də ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına öz töhfəsini verir. Bu yaxınlarda Azərbaycanın və İranın Astara şəhərlərində keçirilmiş görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz işləməsinə və digər məsələlərə dair razılıqlar əldə olunmuşdur. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi Şərqi Azərbaycan vilayəti üçün də əhəmiyyətli olacaqdır. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft, enerji, nəqliyyat, ticarət, sənaye, turizm, səhiyyə və təhsil sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, logistika və s. sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulamışdır.  

Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırmışdır.

İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə dövlət başçılarının birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişdir. Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən cənab İ.Cabbarzadə neft, sənaye, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq perspektivlərindən danışmışdır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.