haberL haberR

İslami medianı hədəfə alanlar kimə işləyirlər? (İttihamlara cavab)

Kateqoriya: Təhlil Yayımlama tarixi: 19.06.2015 18:00:00 8762 dəfə oxunub.

Fəaliyyətə başladığımız gündən bəri vətənimizin milli maraqlarına, azərbaycançılıq idealogiyasına, mənəvi dəyərlərin qorunması və həmçinin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət göstərmişik

Bir neçə gün bundan öncə, fəaliyyətilə ilk dəfə tanış olduğumuz “femida” adlı bir sayt islamazeri.az saytı haqda əsassız və mənasız ittihamlar irəli sürüb. Adı çəkilən sayt "İslamazəri"ni xarici qüvvələrdən maliyyələşməkdə ittiham edib.

Əvvəla onu qeyd edək ki, saytımız fəaliyyətə başlayandan bu günə kimi ölkəmizin milli-maraqlarına, azərbaycançılıq idealogiyasına, mənəvi dəyərlərin qorunması və həmçinin vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət göstərib və göstərəcək. Bildirmək istəyirik ki, saytımız, əxlaqsızlığı, ölkə ictimaiyyətində demoqrafik qaydaları nəzərə alaraq soyunmağı, tərbiyəsizliyi, müasirlik adı altında azərbaycanlı ailəsinə uyğun olmayan "avropalaşmağ"ı, bir sözlə əxlaqa zidd informasiyaları təbliğ etmir.

Diqqətinizə çatdırmaq istəyirik ki, "femida" adlı saytda İslamazeri.az da daxil olmaqla ölkənin bir çox İslami və inanclılar tərəfindən idarə olunan  saytlar hədəfə alınıb.

Bu sayt yazır:  “Ölkənin milli təhlükəsizliyinin qorunmasında, milli maraqların təmin olunmasında medianın rolu çox böyükdür. Əfsuslar olsun ki, qloballaşan dünyada medianın əks-təsiri də göz qabağındadır. Qloballaşma prosesində yaxından iştirak edən Azərbaycan mediyadan gələn böyük “təhlükə” ilə də üz-üzədir. Belə ki, ölkədə fəaliyyət göstərən mətbu orqanların bəziləri Azərbaycanın milli maraqlarının əleyhinə yazılar paylaşır və müxtəlif səbəblərdən digər dövlətlərin maraqlarını ifadə edirlər. Heç şübhəsiz, bu saytlar xarici qüvvələrin birbaşa təsiri və maliyyə yardımı ilə fəaliyyət göstərirlər”.

Sayt yazır: "...adlarını çəkdiyimiz saytlar ölkəmizin hər cəhətdən əməkdaşlıq etdiyi və Dağlıq Qarbağ münaqişəsində daim Azərbaycanın yanında olan İsrail dövlətinin əleyhinə yazılar paylaşır, İsraili terrorçu təşkilat səviyyəsində təqdim edir və İran İslam Respublikasının regiondakı maraqlarından yana çıxış edirlər. Görəsən, sayt rəhbərliyi müstəqil Azərbaycan Respublikasının milli maraqlarını nəyə görə nəzərə almır və İsrailə qarşı bu cür mövqe nümayiş etdirirlər? Həmin saytların Azərbaycan üçün ən az Ermənistan qədər təhlükə saçan İranın regiondakı mənafeyi uğrunda yazılar yazması, regionda İranın güc mərkəzi kimi təqdim etməsi ölkəmizin milli maraqlarına tamamilə zidd deyilmi?”


İşğalçı işğalçıdır...

Biriləri digərlərinin torpağını işğal etməklə işğalçı adına layiq görülüb. Bu siyahıya ilk növbədə Azəbaycanın 20% torpağını işğal edən Ermənistan və 1948-ci ildən bəri əzəli Fələstin torpaqlarında işğalçılıq siyasəti yürüdən İsrail kimi "ölkə"lər daxil edilməlidir. Biri bizim milli dəyərimiz olan Dağlıq Qarabağımız, digəri isə mənəvi dəyərimiz, eyni zamanda müsəlmanların ilk qibləsi olan Fələstin torpaqlarıdır.

Ermənistanla bağlı ölkədə bəzilərinə nəyisə sübut etməyə ehtiyac yoxdur. Çünki, Xocalı soyqırımını törədənləri, torpaqlarımızı işğal edənləri hamı tanıyır və bilir.

Yazımızda İsraillə bağlı bəzi mətləblərə toxunmaq istəyirik. Bunun səbəbini isə bir az sonra qeyd edəcəyik.

1948-ci ilin may ayında Fələstin torpaqlarında İsrail adlı dövlət qurulması haqqında qərar qəbul edildi. Bu tarixi faktı  dəyişdirmək və boyundan atmaq qeyri-mümkündür. Özünü dövlət adlandıran sionist rejim Fələstin torpaqlarını işğal edərək, insanları öz yurd yuvasından didərgin salaraq bu işə imza atdı. Eynilə, işğalçı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi kimi. 2003-cü ilin statistik hesablamalarına görə, 1948-ci ildə işğal edilmiş tоrpaqlardan 5 milyon 400 min nəfər qaçqın düşüb. Həmçinin, Qəzza bölgəsindən və İordan Çayının Qərb Sahilindən qоvulmuş təxminən 1 milyona yaxın fələstinli öz vətənlərindən didərgin düşüblər. Deməli, fələstinli qaçqınların ümumi sayı 6 milyon 400 min nəfərdir ki, bu da Fələstin xalqının 68%-ni təşkil edir. Bu göstərici оndan xəbər verir ki, fələstinlilər dünyada ən çоx qaçqını оlan xalqdır. Yəni, İsrail və Ermənistan hər ikisi təcavüzkarlar kimi insanları öz yurd yuvalarından uzaqlaşdırmaqla dövləti cinayətə imza atmışlar.

Bu günə qədər yüzə yaxın BMT qətnaməsi İsrail tərəfindən qəbul edilməyib, sanksiyalar isə ABŞ tərəfindən "veto" edilməklə geri çevrilib.

  • Sabra və Şatilla soyqırımı, Qəzzadakı qətliamlar, uşaq, qadın bilmədən hər kəsə qarşı acımasız hərbi əməliyyatlar İsrailin ört-basdır etməsi mümkün olmayan cinayətləridir.  
  • Fələstinlilərin İsrail polisi tərəfindən oğurlanaraq orqan mafiyasına satılması faktları da beynəlxalq aləmin göz yumduğu cinayətlərdəndir.
  • Bundan başqa, qardaş Türkiyədən Qəzzaya yardım aparan Mavi Mərmərə gəmisində 9 türkün şəhid edilməsi və çox sayda könüllünün əsir götürülməsi də sionist rejimin caniliyini bir daha sübut edən faktlardandır.

Axı vicdanlı insan bunlara necə göz yuma bilər?! Bütün bu cinayətləri İsrail  törətməyibmi?

Diqqətli olsaq, burada söhbət kiminsə haqqını ayaqlar altına sərməkdən, günahsız insanlar üzərində həyata keçirilən vəhşət dolu cinayətlərdən, on minlərlə körpənin gülləbaran edilməsindən gedir.


“Təqsirsizlik prezumpsiyası”...

Əvvəla onu bildirək ki, konstutusiyamızın 63-cü maddəsində “Təqsirsizlik prezumpsiyası”nı oxumusunuzsa bir daha təkrar xatırlamağı, oxumamısınızsa, bir dəfə oxumağı sizə məsləhət görürük. Çünki, bu maddədə deyilir: 

Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ  vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol  verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta  yetirməyə borclu deyildir.

Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş  sübutlardan istifadə oluna bilməz.

 

 Məhkəmənin  hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Bundan başqa, media etikasına əsasən, bilməliydiniz ki, bir şəxsin məhkəmə qərarı olmadan ittiham olunması medianın etik qaydalarının kobud şəkildə pozulması deməkdir. Əvvəla, bizi xarici qüvvələrdən maliyyələşməkdə ittiham etməyiniz böhtan və bizə təhqir sayılır. Bütün hallarda isə, sizin bu ittihamınız şər və böhtandan başqa bir şey deyildir.

Yazıda, siz dövlət maraqları deyirsiz, “İsrailə terrorçu deməyin”- demək istəyirsiz. Bunu dövlət maraqları kimi təqdim etmək istəyir və ya bu cür özünüzü inandırırsız. Amma Azərbaycanla qonşu və dost ölkə olan İran haqqında “Azərbaycan üçün ən az Ermənistan qədər təhlükə saçan İranın regiondakı mənafeyi uğrunda yazılar” cümləsini dövlət maraqlarına zidd hesab etmirsiz. Axı niyə? İran Azərbaycanın müstəqilliyini tanıyan ilk 5 ölkədən biri deyilmi?  29 iyun - 2 iyul 1994-cü ildə  İranın xarici işlər nazirliyi  Ermənistanın təcavüzünü ittiham edən bəyanat imzalamayıbmı? Prezident İlham Əliyev İranın nüvə fəaliyyətləri haqqında öz dəstəyini niyə açıqlamışdı? Dəfələrlə hər iki ölkənin rəsmiləri görüşüb dost ölkə olduqlarını deməyiblərmi? Prezident İlham Əliyev sonuncu dəfə həmkarı Həsən Ruhani ilə görüşündə dost və qonşu dövlət olduqlarını demədimi?

İlham Əliyev 2014-cü ildə “Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə biz Sizə minnətdarıq” - deməklə İranın Azərbaycanın yanında  olduğunu demək istəməmişdirmi? Bu cür cümlə və açıqlamaları uzatmaq da olar.

Əgər  biz dediyiniz kimi “dövlət maraqlarını” pozmuşuqsa, ən azından İran haqqında sizin cümlələr də “dövlət maraqları”nı pozmağa xidmət edir. Siz açıq-aşkar böhtan atmaqla yanaşı, əlaqədar qurumları sanki senzuraya dəvət edirsiz. Siz bilməlisiniz ki, Konstutusiyaya görə dövlət senzurası qadağandır ; 


Konstutusiyamızın 50-ci maddəsində qeyd edilir:

I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Bunu hər bir şəxs öyrənsə yaxşı olar. Hər kəs bilməlidir ki, hətta parlamentdə deputatların davası, bir birinə ağır söz söyləməsi kimi, istər ölkədə, istərsə də dünyada baş verən bütün xəbərlərin yayımlanması azaddır.

Siz bizi eyni zamanda, xarici qüvvələrə işləməkdə ittiham etməklə şərəf və ləyaqətimizi alçaltmağa cəhd göstərmisiniz.

Maddə 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma — yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərinizə çatdıraq ki, saytınızda mənafeyimizə xələl gətirən məlumatı təkzib etmək üçün bizim də hüququmuz var. Konstitusiyanın 50-ci maddəsində deyilir: “Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.”

“Femida” saytının diqqətinə çatdırmaq istəyirik ki, biz İsrail əleyhinə verdiyimiz xəbərlərin içində belə bir xəbər də olub. Xəbərə görə, ermənilərin qondarma soyqırımı Qüds şəhərində qeyd edilib ki, tədbirə Knessetin - İsrail parlamentinin bir sıra deputatı qatılıb. İrəvanda da belə bir tədbirlərdə İsrailli deputatlar iştirak edib. Məlumatı İsrailin xüsusi xidmət orqanlarına yaxın “İzrus” portalı yayıb. Məlumata görə, tədbirdə iştirak edən qadın deputat "Merets" partiyasının sədri Zaxav Qalyon deyib: "Erməni soyqırımını tanımaq bizim mənəvi borcumuzdur. Kütləvi qətliamdan keçən, Xolokostun inkarını anlayan və bu inkarla mübarizə aparan yəhudi xalqı, bu gün başqa xalqların faciələrinə anlayışlı olmalıdır".

Sizcə, deputatları belə açıqlamalarla çıxış edən İsrail nə dərəcədə Azərbaycanla dostdur?   Özünüz oxuyun və səmimi cavab verin.

 

Cavab vermək  hüququmuzdan istifadə etməyimiz üçün şərait yaratmadınız...

Baxmayaraq ki, “femida” saytı əvvəl bizim mövqeyimizi dərc edəcəklərini bildirsə də, sonradan mövqeyimizi dərc etmədilər. Bununla da qanunu pozdular.  Özünü Günay Arda kimi təqdim edən sayt redaktoru əvvəl telefon zənglərimizə cavab verməsə də, sonradan bizim ardıcıl etdiyimiz zəngləri görüb cavab verməyə məcbur oldu. Mövqeyimizi dərc etmələrini xahiş etdik. Beləliklə, razılaşdıq. Amma, G.Arda bizim mövqeyimizi dərc etməkdən yayındı. Bununla da,  həm hüquq, həm də jurnalistika etikası cəhətdən qaydaları pozmuş oldu. İsrailin etdiyi cinayətləri yayımladığımıza görə, bizi xarici qüvvələrə işləməkdə günahlandırıb böhtan atan sayt, əcəba, bu yazınızdan İsrail tərəfi məmnun qalmadımı? Bu hədəfinizdən sonra, İslami mediaları hədəfə alanlar kimə işləyir? - sualı meydana gələcək. Bu sualın cavabını isə, faktlarsız yayımlamaq fikrimiz yoxdur. Ancaq  qeyd edək ki, İsrailin xüsusi xidmətlərilə yaxınlığı ilə tanınan "İzrus" saytı da, bir neçə il öncə saytımızı hədəfə almışdı. Bu yolla bizə məzmunca eyni olan mesajı vermək istəyirdilər: "İsrail əleyhinə yazı yazmayın!". 

Bu mesaj əslində İsrailin İslamçılara bir mesajı idi.

O İsrail ki, bu gün dünyada terror hadisələrinin ana xəttini təyin edən qəsbkar rejim kimi tanınır. O İsrail ki, körpələri qətlə yetirməkdə daima birincilik əldə edib və hətta öz vətəninin daşları bu işğala etirazlar ediblər. O İsrail ki, dünyanın əksər Beynəlxalq Təşkilatlarının terror qruplaşması kimi təsdiqlədiyi "Əl-Qaidə"nin Suriya qolu olan "Nusra Cəbcəsi" terrorçularını öz xəstəxanalarında müalicə edir, onlara daha yaxşı baş kəsməkdə lazım hər cür dəstəyi əsirgəmir. Bu həmin o İsraildir ki, işğalçılığına görə Ermənistandan heç də geridə qalmır. Məgər bu cür xəbərlərdirmi sizi narahat edən?!

Hamıya məlumdur ki, bu gün dünyada İsrail kəşfiyyatçıları istənilən ölkəyə sıza biliblər. İslamçıları və İsrail əleydarlarını təqibə almaq da məhz bu kəşfiyyat orqanlarının əsas hədəflərindəndir.

Bu yazıda öz münasibətini bildirən Elşad Miri isə deyir: “Qafqaz Müsəlmanları İdarəsinin sədri özü də açıqlamasında qeyd etdi ki, o, özü bir şiə olaraq İranın ali dini lideri Ayətullah Xomeynini təqlid edir. Bunu açıq şəkildə televiziyada o, özü deyib. Bunun da nəticəsində belə deyə bilərik ki, Azərbaycandakı dini şəxslər hansısa dini liderləri təqlid edirlər. Təbii ki, bu da həmin şəxslərin, qurumlarn, saytların İran İslam Respublikası ilə əlaqələndirilməsinə gətirib çıxarır”.

Elşad Miri bəy, axı özünüz də yaxşı bilirsiniz ki, təqlid İslamın bütün məzhəblərində mövcuddur. Biriləri ölüyə, biriləri diriyə təqlid edirlər. Hənəfi, Maliki, Şafei, Hənbəlinin şəri kitablarına əsasən, əməl edən sünni qardaşlar təqlid etmirlərmi? Təqlid azaddır! Allahşükür Paşazadə istəyər Ayətullah Xomeyniyə təqlid edər, istəyər Ayətullah Sistaniyə təqlid edər. Biz demirik ki, kimlərsə Harun Yəhya kimi özünü təqdim edib açıq-saçıq  qızlarla studiyada oynayan Adnan Oktara niyə təqlid edir? Və ya onu niyə təbliğ edirlər? Biz demirik ki, nə üçün bəziləri “dünya fırlanmır” deyən Səudiyyəli şeyxə təqlid edərək, ona niyə dəstək verir? Biz demirik ki, niyə bəziləri “Nusra Cəbhəsi”, “Əl-Qaidə” və İŞİD kimi terrorçuları mücahid olaraq adlandırır?  Hər halda bir həmkar tövsiyyəsi olaraq sizi diqqətli olmağa çağırırıq. Sələfi lideri Qamət Süleymanov sizin haqqınızda “Mən onun barədə çoxdan deyirəm ki, o, şəri elm tələbəsi deyil. Ona sual verməyin, ondan fətva götürməyin. O, adi jurnalistlərdən biridir” - deyib axı. Düzdür, bu, sizin öz işinizdir. Bizə görə, jurnalist olmaq yarımçıq elm tələbəsi və ya ilahiyyatçı olmaqdan dəfələrlə üstündür.

Əslində biz, bu qondarma ittihamlara cavab verməyə də bilərdik. Amma bu cür əsassız anti-təbliğat kampaniyalarının, həqiqətə zidd, cəmiyyəti aldadan piyarların qarşısının alınması üçün bu yazını yazmalı olduq.

 

P.S. Məsələ ilə bağlı Azadxeber.az saytı millət vəkilləri Zahid Oruc və Fəzail Ağamalı ilə telefon əlaqəsi saxlayıb. Məlum olub ki, müəllif millət vəkillərindən sadəcə ümumi rəy soruşub, konkret olaraq heç bir media orqanının adı çəkilməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.