haberL haberR

Jurnalist Nicat Əliyevdən xəbər var

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.07.2016 11:14:30

Vəkil Yalçın İmanov Azadxeber.net saytının baş redaktoru Nicat Əliyevin işi üzrə qərarın mətnini Ali Məhkəmədən ala bilmir.

Vəkil hesab edir ki, qərarın mətninin verilməsi ona görə yubadılır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilməsinə əngəl törədilsin.

2016-cı il aprelin 7-də Ali Məhkəmə N.Əliyevin şikayətini təmin etməyib.

N.Əliyevin vəkili Y.İmanov Turan-a bildirib ki, üç aydır ki, Ali Məhkəmənin qərarının mətnini ala bilmir.

Onun fikrincə, məhkəmə qərarının verilməsi qəsdən yubadılır. Vəkil bunu “siyasi məhbusun işinin baxılmaq üçün Avropa məhkəməsinə çıxarılmasından ötrü bürokratik əngəl kimi qiymətləndirir”.

“Ali Məhkəmənin qərarından sonra 6 ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olar. Ancaq üç ay keçib, biz hələ də qərarı ala bilməmişik. Məlumdur ki, Nicat Əliyev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Hesab edirəm ki, heç bir qanuni əsas olmadan Ali Məhkəmənin qərarının verilməməsində məqsəd Nicat Əliyevin barəsində hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinin qarşısının alınmasıdır”, - vəkil bildirib.

O qeyd edib ki, əgər yaxın vaxtlarda Ali Məhkəmənin qərarının mətnini almasalar Məhkəmə-Hüquq Şurasına şikayət ediləcək.

N.Əliyev və daha 9 dindar 2012-ci ilin mayında qanunsuz narkotik maddə və silah satışı, dini ədavətin qızışdırılması, hakimiyyəti ələ keçirməyə çağırış, qadağan olunmuş dini ədəbiyyatın yayılması ittihamı ilə həbs olunublar və 2013-cü ilin dekabrında azadlıqdan məhrum ediliblər. Onlar 3 il 2 aydan tutmuş 10 ilədək müddətə həbs cəzası alıblar.
N.Əliyev 10 il azadlıqdan məhrum edilib. O, Bakıda “Eurovision” müsabiqəsi və mümkün Gey-paradın keçirilməsinə qarşı tənqidi video-çarxın yayılmasında təqsirli bilinib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.