haberL haberR

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəmə işi başlayıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 12.01.2016 13:38:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistlərin iştirakına imkan verilməyib. İclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra hakim təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərinini soruşub.  Onlar döyülmək faktı üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər. Təqsirləndirilən Elşən İsmayılov bu hadisədən Cavid Hüseynovun xəbərinin olmadığını açıqlayıb.

Digər təqsirləndirilən Camal Məmmədov isə insanın bir təpiklə öləcəyini gözləmədiyini, baş verən hadisədən peşman olduğunu deyib. Proses yanvarın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.