haberL haberR

Jurnalistin şikayəti təmin olunmadı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 13.08.2016 10:17:24

Bakı Apellyasiya Məhkəməsi Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağanı qüvvəsində saxlayıb

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə jurnalist Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.

Jurnalistin vəkili Zibeydə Sadıqova hakimdən Nəsimi Rayon Məhkəməsinin qərarının qanunsuz hesab olunaraq ləğv edilməsini xahiş edib. Vəkil deyib ki, məhkəmə nəzarəti qaydasında verilən şikayətlərdə Cinayət Prosessual Məcəlləsinin (CPM) 451-ci maddəsinə görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayev jurnalistin ölkədən çıxşına qoyulan qadağanı ya qanuni hesab etməli, ya da qanunsuz sayıb ləğv etməli idi: ”Hakim isə jurnalistin şikayətini ümumiyyətlə icraata götürməkdən imtina edib və məsləhət görüb ki, bu şikayəti inzibati prosessual qaydada versin”.

Bakı Apellyasiya Məhkəməsi N.Cavadlının şikayətini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil bildirib ki, jurnalistin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayət Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.

Avqustun 1-də Nəsimi Rayon Məhkəməsində jurnalist Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb. Baş Prokurorluq 1 ildən çoxdur jurnalistin ölkədən çıxışına qadağa qoyub. N.Cavadlı Meydan TV ilə bağlı açılan cinayət işinə görə ifadə verib.

Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələrini saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır.(azadliq.org)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.