haberL haberR

Kərbəla vaqiəsinin yarım əsrlik müqəddiməsi

Kateqoriya: İslam Yayımlama tarixi: 28.11.2014 17:31:17 1459 dəfə oxunub.

Hacı İlqar İbrahimoğlu cümə xütbəsində Kərbəla vaqiəsindən danışıb, İslamazeri.az deyerler.org-a istinadən təqdim edir

Bismilləhir-Rahmənir-Rahim!

 

Məhərrəm-səfər əyyamını yaşayırıq. Bu əyyamı daha yaxşı dərk etmək üçün, Kərbəla müsibətinə səbəb olan hadisələri təhlil etmək, İmam Hüseynin (ə) şəhid edilməsinə qədər gətirib çıxaran fəlakətli duruma bələd olmaq lazımdır. Bu hadisələr arasında təhlil baxımından ən mühümləri və ən acıları – Həzrət Peyğəmbərin (s) dünyasını dəyişməsindən bir qədər öncə və dərhal sonra cərəyan edən hadisələr, o cümlədən, Bəni-Səqifə fitnəsidir.

 

Nələr baş verdi...

Əziz İslam Peyğəmbərinin (s) rehləti, yəni vəfatı və ondan sonra baş verən hadisələr İslam tarixinin ən əhəmiyyətli və diqqətlə öyrənilməli, mütaliə olunmalı, ibrət götürülməli hadisələrindəndir. Bu hadisələrin əhəmiyyəti nədən ibarətdir? Bunu anlamaq üçün bir sıra müqəddimələr var ki, onlara diqqət edilməlidir. Əziz Peyğəmbərimizdən (s) sonra yaranan acı səhnələrin, İslam ümmətinin niyə parçalanmasının, nə səbəbdən İmam Əlinin (ə) mehrabda şəhid edilməsinin, İmam Həsənin (ə) zəhərləndirilib şəhid edilməsinin, İmam Hüseynin (ə) Kərbəlada şəhadətə yetirilməsinin, Əbazərin sürgün edilməsinin, Meysəm Təmmarın, Həbib ibn Məzahirin, Müslim ibn Övsəcənin, Hücr ibn Üdeyyin və digər görkəmli səhabələrin şəhid edilməsinin səbəblərini anlamaq üçün tarixin bu mərhələsinə, İslam Peyğəmbərinin (s) dünyadan getmə mərhələsinə səfər etmək lazım gəlir. Tarixin həmin anlarına ona görə qayıtmaqda fayda var ki, biz görək Həzrət Peyğəmbərin (s) vəfatına qədər nələr baş vermişdi və ondan sonra nələr baş verdi ki, müsəlmanlar arasında parçalanma, fitnə baş alıb getdi?

 

Əgər İmam Əlinin (ə) vilayəti elan olunmasa idi...

Allah Təala insanı yaradıb, insana başqa varlıqlardan fərqli olaraq iradə, şüur, məsuliyyət, mükəlləfiyyətlik, öhdəlik daşıma kimi nemətlər verib. İnsanın necə yaşamasını, necə həyat sürməsini öyrətmək üçün Allah Təala 124000 peyğəmbər (ə) göndərib. Yekun olaraq, ümumiyyətlə məxluqatın yaranış fəlsəfəsi, səbəbi olan, aləmlərə rəhmət olan Həzrət Muhəmməd Mustafanı (s) məbus edib ki, insanlara son olaraq necə yaşamağı, necə inkişafı, insan kimi necə yetişməni öyrətsin.

Bu gün bəhsimizdə Allah Rəsulunun (s) həyatının necəliyini, tarixini izah etmək istəmirik. Amma qısaca bunu diqqətə çatdırmaq lazımdır ki, Allah Rəsulu (s) Məkkədə ilk gündən acılı-ağrılı, işgəncəli günlər yaşamasına baxmayaraq, ona qarşı incitmələr, zülmlər, əziyyətlər edilməsinə baxmayaraq, öz İlahi missiyasından, İlahi tapşırığı yerinə yetirmək məsuliyyətindən bir addım da olsun belə, geriyə çəkilmir.

Sonra məşəqqətli hicrət dövrü başlayır. Məkkədən Mədinəyə (o zaman Mədinə Yəsrib adlanırdı) hicrət edir. Hicrət dövründə də o Həzrəti (s) hər tərəfdən düşmənlər – həm daxili, həm xarici – əhatə etsə də, Allah Rəsulu (s) yenə də öz missiyasını qüsursuz yerinə yetirir. Və artıq bir zaman yetişir ki, müsəlmanlar Mədinədə güc halına gəlirlər. Artıq İslam bir ovuc Allahpərəstin gizlincə riayət etdiyi mübarək bir təlim olmaq halından, onminlərlə ardıcılı olan, bəşəriyyətə yeni İlahi mesajı çatdıran mükəmməl institusional bir fenomen halınadək inkişaf edir. Artıq Həzrət Peyğəmbər (s) bir çox məsələləri, mətləbləri insanlara çatdırır. Nəhayət, növbə gəlir çatır sonuncu həcc ziyarətinə - “vida həcci”nə. Burada məşhur və tarixi Qədir-Xum hadisəsi yaşanır. Burada Əziz Peyğəmbərimizə (s) İlahi tapşırıq verilir ki, ondan sonra ümmətin rəhbərinin Həzrət Əlinin (ə) olacağını insanlara çatdırsın. “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” surəsi, 67-ci ayə)

Məlum olur ki, əgər İmam Əlinin (ə) vilayəti elan olunmasa idi, sanki peyğəmbərlik məsuliyyəti icra edilməmiş qalacaqdı. Quran məntiqi deyir ki, İmam Əlinin (ə) canişinlik və vəsiliyi, Peyğəmbərimizdən (s) sonra xəlifə olması bəyanı edilməsəydi – din yarımçıq qalardı, İslam Peyğəmbəri (s) öz missiyasını natamam yerinə yetirmiş olardı.

Allah Rəsulu (s) da üzərinə düşən missiyanı həmişəki kimi şərəflə yerinə yetirir. Əziz Peyğəmbər (s) Qədir-Xum günü İlahi rəhbərliyi İmam Əlinin (ə) icra edəcəyini açıqlayandan sonra aydın olur ki, bununla din kamil hala gəlib çatdı və İslam dininin nemət olaraq tamamlanması ilə əlaqəli sonuncu nöqtəsi qoyuldu. “... Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. ...”. (“Maidə” surəsi, ayə 3).

Beləliklə, bu bəyanla – Peyğəmbərimizdən (s) sonra canişinlik missiyasını 12 İmamın (ə) daşıyacağı barədə Allahın buyururşu ilə İslam dini kamil və mükəmməl hala gəlir, məntiqi və sabit təlim olaraq Uca Allah tərəfindən təsdiq edilir.

 

23 ildən sonra Peyğəmbərsiz (s) ümmət

Burada biz çox dəqiq və İlahi hikmətlərlə dolu müqəddəs hadisələri görürük. Bu hadisədən sonra insanların cövhərləri ortaya çıxır. Burada artıq müsəlmanlar üçün yeni imtahanlar başlayır. Bundan sonra müsəlmanların bu imtahanlardan Peyğəmbərsiz (s) necə çıxması əsas məsələ olur.

Həzrət Peyğəmbərin (s) son günləridir, son anlarıdır, artıq dünyadan rehlət etmək anlarıdır. Çox təəssüflər olsun ki, həmin gündə çox acı müqəddimələr yer aldı. Bütün İslam tarixçiləri çox ciddi narahatlıq və ürək yanğısı ilə bu dövrü yada salırlar. Böyük İslam tarixçisi İbn Abbas Peyğəmbərin (s) dünyadan köçməsini nəql edən zaman belə bir müqəddimə verir: "Cümə axşamı günü, amma necə dəhşətli bir cümə axşamı günü".

Düzdür, İbn Abbasın bu cümləsinin bizim dilə tərcüməsi o narahatçılığı, o nigarançılığı və həssasiyyəti ifadə edə bilmir. Bunu da unutmamaq lazımdır ki, bunu hər hansı bir sıradan tarixçi demir, İbn Abbas deyir. Bu, həmin İbn Abbasdır ki, bütün dövrlərdə İslam tarixçiləri və təfsirçiləri içində ən mötəbər şəxsiyyətlərdən biridir. Və həmin İbn Abbas belə deyir: "Cümə axşamı günü, amma nə yaman cümə axşamı günü". Bu, həmin cümə axşamı günüdür ki, Allahın sonuncu Peyğəmbəri Muhəmməd Mustəfa (s) dünyaya vida deyir, yaxınları, əzizləri və Əhli-beyti (ə) ilə vidalaşır. Bu, həmin Peyğəmbərdir (s) ki, onun gəlişi ilə müsəlmanlar Quranı tanıyıblar, necə yaşamağı öyrəniblər. Bəs görəsən, həmin Peyğəmbərin (s) dünyadan rehlət etdiyi o son ləhzələr, anlar necə olub? Müsəlmanların bunu bilməyə haqları var.

 

Ona itaət vacibdir

Bu, çox ciddi və ağrılı bir məsələdir ki, o son anlarında Rəsulullah (s) yanındakı bəzi insanlara "qumu" kəlməsi ilə müraciət edir. Yəni “yanımdan qalxın və gedin”. “Qumu” sözü insanı yandırıb-yaxan sözlərdən biridir. Ona görə ki, bunu Məkkədə bütün əziyyətlərə qatlanan, Mədinənin bütün çətinliklərinə, məşəqqətlərinə sinə gələn Rəsuli-Əkrəm (s) deyir. Bu sözü Quran məntiqinə görə, itaəti vacib olan Allah Rəsulu (s) deyir. Bunu Quranın hökmünə görə, qadağalarından çəkinilməsi vacib olan Allah Rəsulu (s) deyir. Bu, həmin Allah Rəsuludur (s) ki, Quranın şəhadətinə görə, özündən heç nə danışmaz. Bu, həmin Allah Rəsuludur ki, Allah Təala onu bəşəriyyət üçün “usvətul-həsənə” (“ən gözəl nümunə”) qərar verib. İndi həmin Allah Rəsulu (s) dünya ilə vidalaşan zaman, onu incitdikləri üçün yanında olan bir neçə insana “Mənim yanımı tərk edin”, “Mənim yanımdan qalxın” deməyə məcbur olur.

Bu, bir həqiqətdir və müxtəlif tarix kitablarında demək olar ki, ümumi qəbul edilən bir hadisədir ki, o cümə axşamı günü həmin acı hadisə baş verib. Düzdür, bunu hərə bir formada çatdırır, amma müxtəlif formalarda deyilməsinə rəğmən, ümumi mahiyyəti budur ki, əziz Peyğəmbərimiz (s) üzünü onlara tutub buyurur: “Mənə kağız-qələm gətirin. Sizin üçün bir mətləb yazım ki, ondan sonra heç vaxt yolunuzu azmayasınız”. Bunu Allah Rəsulu (s) deyir və bu, həmin Allah Rəsuludur (s) ki, bir ömrünü həmin insanların insan şəklinə düşməsi üçün həsr edib, bir ömrünü mübarək İslam məktəbində şagirdlərin yetişdirilməsinə həsr edib. Bu, həmin Rəsuldur (s) ki, bir an olsun belə ümmətin aqibətinə, durumunun necə olacağına laqeyd qala bilməyib. İndi həmin Rəsul (s) buyurur ki, mənə kağız və mürəkkəb gətirin ki, sizin üçün bir mətləb yazım ki, bundan sonra heç vaxt azmayasınız. Bu, çox təsirli və ibrət götürməli səhnədir. Allah Rəsulu (s) dünyadan getməyə hazırlaşır. Bununla bəşər bir yeni tarixi mərhələyə qədəm qoyacaq. Artıq yüz iyirmi dörd min peyğəmbər (s) gəlib, öz missiyasını yerinə yetirib. Artıq bəşər bundan sonra Peyğəmbərlə (s) yaşamayacaq. Ona görə də sonuncu Peyğəmbər (s), Allahın sonuncu Elçisi (s) bir həqiqəti bir daha yazılı şəkildə qeyd etmək istəyir ki, ondan sonra müsəlmanlar yollarını azmasınlar.

 

Qurani-Kərim hökmünə qarşı davranış...

İslam tarixçilərinin əsərlərində Rəsuli-Əkrəmin (s) bu tələbindən sonra, onun kağız-qələm istəməsindən sonra ağlasığmaz hadisələrin baş verməsi öz əksini tapıb. Peyğəmbərimizin (s) özündən sonrakı durumla bağlı bir daha – bu dəfə yazılı formada – bəyan etməsi, birilərində dərin narahatlıq yaradır. Bunu yada salmaq nə qədər çətin olsa da, müsəlmanlar öz tarixləri ilə bağlı olan, bugünkü durumlarına birbaşa aidiyyəti olan bu hadisəni dəqiq bilməli və anlamalıdırlar ki, ümmətin sonrakı tənəzzülünün səbəbləri ilə tanış olsunlar.

Peyğəmbərimizin (s) kağız-qələm tələbinə biriləri etiraz etdi və ən yüngül redaksiyada, belə bir cümlələr işlətdilər: “Ağrı Peyğəmbərə (s) üstün gəlib, Quran olan yerdə başqa şeyə ehtiyac yoxdur” (nəuzubillah!). Əksər mötəbər İslam tarixi kitabları qeyd edir ki, deyiliş forması bundan xeyli dərəcədə ehtiramsız olub. Amma hər hansı formada deyilməsindən asılı olmayaraq, mahiyyət etibarilə bu cümlələrin fərqi yoxdur və istənilən halda çox acı durumdan xəbər verir. İstənilən halda Qurani-Kərim Peyğəmbərə (s) itaət etməyi insanlara vacib buyurduğu bir halda, aşkar surətdə o Həzrətin (s) sözündən çıxmaq və ona müxalif bir ifadələr işlətmək – böyük günahdır. Bu, Qurana qarşı çıxmaqdır. Təəssüflər olsun ki, Allah Rəsulunun (s) o qədər əziyyəti qarşılığında, ona itaətlə bağlı Quranın hökmlərinin qarşılığında bəziləri bu cümlələri işlətməyi özlərinə rəva bilirlər və bununla da müsəlman ümmətinin içinə fitnə düşür. Allahın sonuncu Rəsulu (s) dünyadan getməmiş, artıq fitnələr başlayır və İslam ümmətinin parçalanması üçün zəminlər yaranır.

 

Ondan sonra ümmət yolunu azmasın

Təəssüflə qeyd edək ki, Allah Rəsulunu (s) belə incitmək, onun sözünün qarşısında söz gətirmək təkcə həmin gün təkrar olunmayıb. Daha öncələr də bəzilərində şəkk-şübhələr müşahidə olunmuşdu. Hətta belə davranışlara görə Allah Təala Quran ayəsi nazil edib və bununla onlara xəbərdarlıq edib. Əslində biz görürük ki, müxtəlif tarixi şəraitlərdə bir qrup insan faktiki olaraq deyirmiş ki, Rəsulallah (s) gəldi, İlahi dini gətirdi, dünyadan gedəndən sonra biz nə istəyirik, onu da edə edəcəyik. Bu, müxtəlif vəziyyətlərdə özünü büruzə verdirib. Amma bunun ən ciddi forması həmin o cümə axşamı olub ki, biz də ona işarə etdik.

Bir məsələyə də diqqət etmək lazımdır ki, Allah Rəsulunun (s) “Məndən sonra azmayasınız” məzmundakı cümləsi təkcə həmin tarixi cümə axşamı günü deyilən cümlə deyil. Əksinə, Allah Rəsulunun (s) bütün ömrü boyu, İlahi missiyasını həyata keçirdiyi ilk gündən axırıncı günə qədər diqqəti bunun üzərində olub ki, dində olmaq, Allah yolunda yaşamaq onun mübarək şəxsiyyəti ilə bitmir. Hər zaman, müxtəlif şəraitlərdə və məkanlarda İlahi rəhbərliyin İmam Əliyə (ə) tapşırıldığını ümmətə çatdırır. Hər zaman bu cümlə müxtəlif şəraitlərdə təkrarlanır ki, bunu bütün mötəbər İslami mənbələr, kitablar təsdiq edib. Məsələn, bu, hamı tərəfindən qəbul olunan məsələdir ki, Allahın sonuncu Rəsulu (s) buyurub: "Mən sizin yanınızda elə 2 qiymətli əmanət qoyuram ki, əgər ona arxalansanız, heç vaxt yolunuzu azmayacaqsız. Bu, Allahın Kitabı və Mənim itrətim - Əhli-Beytimdir”. Yəni diqqət etsək, görürük ki, əziz İslam Peyğəmbəri (s) istər ömrünün son anlarında, istərsə də ondan qabaq - hər an ümmətin o durumunu fikirləşib ki, ondan sonra yollarını azmasınlar. Və bunun üçün də əbədiyaşar, dinamik resept qoyub. Bu, İlahi kitab olan Qurandan və Quranı həqiqi yaşadan, Qurana həqiqi açıqlama verən, ümmətə rəhbərlik edə bilən Əhli-Beytdən (ə) yapışmaqdan ibarətdir. Yəni ümmət bu iki həqiqətdən eyni anda yapışsa, yolunu azmayacaq.

Lakin təəssüflər olsun ki, Rəsulun (s) vəfatından sonra “Bəni-Səqifə” hadisəsi baş verir. Aydın olur ki, ümmətin içində çoxlu insanlar var ki, İlahi xəlifəliyin İlahi bir missiya olmasını qəbul etməyiblər. Və ən ağrılı məsələ budur ki, İmam Əli (ə) və digər dəyərli səhabələr Həzrət Peyğəmbəri (s) son mənzilə yola salmağa məşğul olduqları zaman, biriləri “Bəni-Səqifə”də hakimiyyət bölüşdürür, vəzifə əla alırdılar. Bununla da İslam ümmətinin irəlidə başına gələcək fəlakətləri üçün bir dəqiq tarixi zəmin yaradırdılar.

Məhz əsası həmin günlərdə qoyulmuş fitnələrə görə sonralar Həzrət Zəhraya (s.ə) qarşı ağlasığmaz haqq pozuntuları törədilir, İmam Əli (ə) mehrabda şəhid edilir, İmam Həsən (ə) zəhərləndirilr, Kərbəlada İmam Hüseyn (ə) və Hüseynçilər doğram-doğram edilir, Həzrət Zeynəb (s.ə), İmam Səccad (ə), Peyğəmbərimizin (s) nəvə-nəticələri zəncirlənir, əsir kimi şəhər-şəhər gəzdirilir. Bu fitnələrdən Uca Allaha pənah aparırıq.

Allahım, bizləri Həzrət Peyğəmbərin (s) və Əhli-Beytinin (ə) həqiqi ardıcıllarından olmaq səadətini nəsib et.

Allahım, Zəmanə Sahibinin (ə.f) zühurunu təcil et və bizi onun zühurunu tezləşdirənlərdən qərar ver. Amin!

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.