haberL haberR

KİV vasitəsilə insanları idarə etməyin 10 üsulu

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 07.11.2015 10:45:16

Noam Xomskiy kütləvi informasiya vasitələrinin köməyi ilə “manipulyasiya etməyin 10 üsulunun” siyahısını tərtib edib

1. DİQQƏTİN YAYINDIRILMASI
Cəmiyyəti idarə etməyin əsas elementini informasiya məkanını daima az əhəmiyyətli məlumatlarla dolduraraq, insanların diqqətini siyasi və iqtisadi hakim dairələrdə qəbul olunan mühüm problem və qərarlardan yayındırmaq təşkil edir. Diqqəti yayındırmaq üsulu vətəndaşlara elm, iqtisadiyyat, psixologiya, neyrobiologiya, kibernetika sahəsində mühüm biliklər əldə etməyə imkan verməmək üçün olduqca əhəmiyyətlidir. 

“Vətəndaşların diqqətini real əhəmiyyəti olmayan mövzulara keçirtməklə daima əsl sosial problemlərdən yayındırmaq. Vətəndaşların daima nə iləsə məşğul olmaqlarına və düşünməyə vaxtlarının qalmamasına nail olmaq; sahədən ağıla, bütün digər heyvanlar kimi (“Dinc müharibələr üçün səssiz silah” kitabından sitat). 

2. PROBLEMLƏR YARATMAQ, SONRA ONLARIN HƏLL ÜSULLARINI TƏKLİF ETMƏK
Bu üsül həm də “problem-reaksiya-həll” adlanır. Əhali arasında müəyyən reaksiya yaratmaq üçün hər hansı bir “vəziyyət”, problem yaradılır ki, insanlar özləri bunun həlli üçün hakim dairələrdən bu dairələrin özlərinə sərf edən tədbirlər görməyi tələb etsinlər. Məsələn, şəhərlərdə zorakılıq spiralını açmağa yol vermək, ya da qanlı terror aktları təşkil etmək ki, vətəndaşlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında qanun qəbul etməyi  və vətəndaş azadlıqlarını məhdudlaşdıran siyasət yürütməyi tələb etsinlər. 
Ya da: İqtisadi böhran yaratmaqla sosial hüquqların pozulmasını və şəhər xidmətləri işini məhdudlaşdırmağı zəruri pislik kimi qəbul etməyə məcbur etmək. 

 3. TƏDRİCƏN TƏTBİQ ETMƏ ÜSULU
Hər-hansı bir qeyri-popular tədbiri həyata keçirməyə nail olmaq üçün onu sadəcə olaraq tədricən, günbəgün, ilbəil tətbiq etmək kifayətdir. Məhz bu yolla keçən əsrin 80-90-cı illərində prinsipial olaraq yeni sosial-iqtisadi şərtlər (neoliberalizm) qəbul etdirildi. Dövlətin funksiyasının sıfra endirilməsi, özəlləşdirmə, inamsızlıq, qeyri-stabillik, kütləvi işsizlik, artıq ləyaqətli bir həyat təmin edə bilməyən maaş. Əgər bunların hamısı eyni vaxtda baş versəydi yəqin ki, inqilaba gətirib çıxarardı. 

4. HƏYATA KEÇİRMƏ VAXTININ UZADILMASI
Qeyri-popular qərarı sırımağın digər üsulu onu “ağrılı və zəruri” bir şey kimi təqdim etmək və həmin vaxt onun gələcəkdə tətbiq olunmasına vətəndaşların razılıq verməsinə nail olmaqdır. Gələcəkdə hər-hansı bir qurbana razı olmaq indikindən daha asandır. Birincisi ona görə ki, bu dərhal baş verməyəcək. İkincisi də ki kütlənin çox hissəsi “sabah hər şeyin yaxşılığa doğru dəyişəcəyinə” və ondan tələb olunan qurbanlardan yaxa qurtara biləcəyinə sadəlövhcəsinə ümid edir. Bu, vətəndaşlara dəyişikliklərə öyrəşmək və vaxtı gələndə onları itaətkarlıqla qəbul etmək üçün daha çox vaxt verir. 

5. XALQA BALACA UŞAQLAR KİMİ MÜRACİƏT ETMƏK
Geniş kütlə üçün nəzərdə tutulmuş təbliğat xarakterli çıxışların əksəriyyətində elə dəlillər, personajlar, sözlər və intonasiya işlədilir ki, sanki söhbət inkişafdan geri qalan məktəb yaşlı uşaqlardan, ya da əqli qüsurları olan şəxslərdən gedir. Bir insan dinləyicini nə qədər çox aldatmaq istəyirsə, o qədər çox infantil ifadələrdən istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insana sanki onun 12 və daha az yaşı varmış kimi davranırsa, təlqinə əsasən o insanın cavab reaksiyası da 12 və daha az yaşlı uşağa xas olaraq qeyri-tənqidi olacaq. 

6. DÜŞÜNMƏKDƏN ÇOX EMOSİYALARA ƏHƏMİYYƏT VERMƏK
Emosiyalara təsir etmək insanların rasional analiz qabiliyyətini və nəticədə ümumiyyətlə baş verənləri tənqidi dərk etmək qabiliyyətini bloklamağın klassik üsuludur. Digər tərəfdən emosional faktordan istifadə şüuraltıya qapı açmaqla ora fikirlər, arzular, qorxular, məcburiyət və sabit davranış modelləri daxil etmək imkanı verir. 

7. BACARIQSIZLIQ YAYMAQLA İNSANLARI CƏHALƏTDƏ SAXLAMAQ
Ona nail olmaq ki, insanlar onları idarə etmək və öz iradələrinə tabe etmək üçün istifadə olunan vasitə və yolları dərk etmək qabiliyyətinə malik olmasınlar. “Cəmiyyətin aşağı siniflərinə təqdim olunan təhsilin keyfiyyəti mümkün qədər kasad və aşağı səviyyəli olmalıdır ki, cəmiyyətin aşağı siniflərini yuxarıdakılardan ayıran cəhalət elə səviyyədə olsun ki, aşağı siniflər onun öhdəsindən gələ bilməsinlər. 

8. VƏTƏNDAŞLARI BACARIQSIZLIQLA FƏXR ETMƏYƏ SÖVQ ETMƏK
Əhaliyə qanmaz, bayağı və tərbiyəsiz olmağın dəbdə olduğu fikrini yeritmək. 

9. ÖZÜNƏ QARŞI TƏQSİR HİSSİNİ GÜCLƏNDİRMƏK
İnsanları həyatlarında baş verən bədbəxtliklərin onların əqli imkanlarının,qabiliyyətlərinin və ya göstərdikləri səylərin çatışmazlığı nəticəsində baş verdiyinə inanmağa məcbur etmək. Nəticədə iqtisadi sistemə qarşı çıxmaq əvəzinə insanlar hər şeydə özlərini günahlandırır və özlərini məhvetməyə başlayırlar ki, bu da digərlərilə yanaşı fəaliyyətsizliyə gətirib çıxaran sarsılmış vəziyyət yaradır. Fəaliyyət olmadan isə heç bir inqilabdan söz belə gedə bilməz! 

10. İNSANLAR HAQQINDA ONLARIN ÖZLƏRİNDƏN ÇOX BİLMƏK
Son 50 il ərzində elmin inkişafındakı uğurlar adi insanların bilikləri ilə hakim siniflərin malik olduqları və istifadə etdikləri məlumatlar arasında get-gedə artan uçuruma gətirib çıxarıb. 
 Biologiya, neyrobiologiya, tətbiqi psixologiyanın köməyilə “sistem” həm fiziologiya, həm də psixika sahəsində qabaqcıl biliklər əldə edib. Sistem adi insan haqqında onun bildiklərindən daha çox məlumata yiyələnməyə nail olub. Bu o deməkdir ki, əksər hallarda sistem daha çox səlahiyyətə sahibdir və insanları onların özlərindən daha çox idarə edir. 

Noam Xomskiy amerikan linqvisti, filosof, ictimai xadim, bir sıra kitabların müəllifi və siyasi analitik.
Massaçusets texnoloji institutunun dilçilik üzrə əməkdar professoru və XX əsrin görkəmli elm xadimi. Onun dilçilik nəzəriyyəsi və idrak nəzəriyyəsi sahəsindəki fundamental əsərləri elmi və müəllimlər cəmiyyətində layiqli ad qazanıb. 

Tərcümə:  Elmira Quliyeva

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.