haberL haberR

Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

Kateqoriya: Ölkə Yayımlama tarixi: 14.03.2016 10:35:09

“Qışda soyuqdan, yayda da ilan-qurbağanın əlindən yaşamaq olmur”

18 may 1992-ci il. Bizim üçün təqvimdə qara gün kimi qeyd edilən bu tarix Laçının işğal günüdür. 24 ildir düşmən işğalında olan Laçının 70 mindən çox əhalisi respublikanın 57 şəhər və rayonlarında məskunlaşıblar. Müxtəlif rayonlarda yerləşən ailələrin bir hissəsi yeni salınan qəsəbələrə köçürülsə də, bir hissəsi hələ də palçıqdan tikilmiş rütubətli, döşəməsi və tavanı olmayan daxmalarda yaşayırlar. Bu cür acınacaqlı vəziyyətdə yaşayan laçınlıların bir qismi də Ağcabədi rayonundadır.

“Yeni Müsavat”ın əməkdaşları laçınlıların məskunlaşdığı Taxtakörpü deyilən ərazidə olublar. Laçınlılar buraya yerləşdirilməmişdən əvvəl buralar heyvan yataqları kimi tanınıb. Ancaq Laçının işğalından sonra heyvan yataqları laçınlıların yeni yaşayış məskəni olub.

Tövlə, yoxsa yaşayış evi?

Ağcabədiyə aparan çala-çuxurlu yoldan laçınlıların yaşadığı Canavarlılar yatağına yollanırıq. Bu yataqda əsasən Laçının Vağazin kəndindən olan məcburi köçkünlər məskunlaşıblar. Yatağa aparan yol palçıqlı və çox bərbaddır. Ətrafda da nadir hallarda ağaclar görmək mümkündür. Bu şoran torpaqlarda ən çox bitən isə qamışdır.

 Elə yatağa yaxınlaşdıqca laçınlıların təbiətin onlara bolluca ”bəxş etdiyi” qamışdan və palçıqdan istifadə edərək tikdikləri daxalları görürdük. Piyada hərəkətin mümkünsüz olduğu bu ərazidə gözümüzə nadir halda insan dəyir. Daxallara yaxınlaşdıqca “El bulağı” adlanan ərazidə bir neçə xanımın paltar yuduğunu, su daşıdığını gördük. Yataqda tək-tük daşdan tikilmiş kiçik komalar və digərlərindən rəngi və görünüşü ilə seçilən ağ rəngli evlər nəzərə çarpır.

 Doğrusu, gördüyümüz daxalların hansının tövlə, hansının yaşayış evi olduğunu kənardan ayırd etmək mümkünsüz idi. Palçıq və qamışla tikilən bu daxalların üstü yağış sularının qarşısını almaq üçün çadır və dəmir parçaları ilə örtülüb. Bizi yatağa aparan sürücü burada yaşayanların bəzilərini tanıdığı üçün hansı daxalda yaşayışın olduğunu bilirdi.

“Qışda soyuqdan, yayda da ilan-qurbağanın əlindən yaşamaq olmur”

 Əvvəlcə qarşımıza çıxan ilk iki daxala yaxınlaşırıq. Yağış suları palçıq və qamışdan tikilən daxalı tamamilə çökdürüb. Evin damı uçmasın deyə əlavə dirəklər vurulub. Yağan yağış nəticəsində divarlarda açılan deşiklər parça ilə tutulub.

Evin ən yaşlı sakini Buluş Süleymanovadır. 75 yaşlı qadının 24 illik mənəvi sınıqları azmış kimi, bir neçə gün əvvəl də ayağı sınıb. Buna səbəb yağış sularının evə axması olub. Döşəməsi olmayan evdə torpağın üstünə linoleum salınıb. Yaşlı qadın suyun linoleumun üstünə axdığını görməyib; sürüşüb və yıxılaraq ayağını sındırıb.

İkiotaqlı döşəməsiz, tavansız, hər an uçmaq təhlükəsi olan evdə 8 nəfərlik bir ailə yaşayır. Yaşlı qadın bu evdə üç oğul və bir qız böyüdüb.

 Oğlanları başqa evlərə köçsə də, həyat yoldaşı və qızı ilə bu daxalda yaşamağa məcbur olan yaşlı qadının danışdıqları isə dəhşətlidir: “Yataqdan tərpənə bilmirəm. Bu evdə hər an qəza ola bilər. Uşaqlara deyirəm ki, nəsə olsa, siz qaçın. Məni gərək 4-5 nəfər buradan çıxara. Deyirlər ki, səni qoyub hara gedək? Qışda yağışdan, soyuqdan, palçıqdan, yayda da ilan-qurbağadan yaşamaq olmur. Yataqda yatıram. Bir də baxıram ki, ilan yatağın yanından gedir. Tərpənə də bilmirəm”.

İçəri köhnə evlərindən qalma pərdələr və xalçalarla örtülüb. Ev sakinləri deyir ki, heç olmasa içərinin eybini örtmək üçün belə ediblər.

Buluş Süleymanovanın oğlu deyir ki, buranın hər an uçacağından qorxurlar.

 Ətrafdakı təzək qoxusu və təzək topaları...

Bu yatağa verilən elektrik enerjisinin gücü heç soyuducunun işləməsinə yaramır. Verilən pulsuz işıq yalnız gecələr daxalları işıqlandırmaq üçündür. Evləri qızdırmaq üçün isə təzək və odundan istifadə olunur. Hər evin yanında bir neçə təzək topaları görünür.

“Bütün evlərdə odun sobaları var. Bu ərazidə görürsünüz ki, ağac da yoxdur. Hərdən imkanı olan odun alır. Qalan hamı təzəklə evini qızdırır” deyir həmsöhbətimiz...

1970-ci ildə qazılan artezianın suyundan içməli su kim istifadə olunur. Laçınlılar məcburiyyətdən və çıxış yolları olmadığından bu sudan istifadə edirlər.

Şor sulu el bulağı və sağlamlığı itirənlər...

Bu yataqda məskunlaşanlardan biri də Nazilə Süleymanovadır. Onunla “El bulağı” adlanan artezianın başında qarşılaşırıq. Nazilə xanımın həyat yoldaşı yoxdur, iki övladı var. Aldığı təqaüd və məcburi köçkünlər üçün verilən “çörək pulu” ilə yaşamağa çalışırlar.

Rütubətli evlərdən danışan Nazilə xanım deyir ki, burada yaşayanlar arasında sağlam insan qalmayıb: “Hamı xəstədir. Sağlam adam yoxdur. Bu soyuq su, rütubətli evlər hamının böyrəklərini xəstə edib. Burda sağlam yaşamaq olar?”

Təsəvvür edin ki, döşəməsi olmayan palçıq evlərdə yaşlıların, uşaqların yatdığı döşəklər ən yaxşı halda linoleumun üstünə salınıb. Nadir evlərdə isə çarpayı görmək mümkündür.

Elə torpaq üstünə döşək salıb, gecələri işıqsız, rütubətli bir otaqda yaşayanlardan biri də 64 yaşlı Validə Məhəmmədovadır. Yaşlı və tənha qadın evinin vəziyyətini, yaşadığı şəraiti göstərərkən göz yaşlarını saxlaya bilmir. Dəfələrlə Laçın Rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç bir yardım ala bilməyib.

 Burada yaşayanların əksəriyyəti işsizdir. Ailələrin gəliri yaşlıların və əlillərin aldığı təqaüdlər və məcburi köçkünlər üçün adam başına verilən 18 manat 50 qəpik “çörək pulu”dur.

İçməli suyun pulunu yumurta ilə ödəyirlər

Məcburi köçkün Qənirə Süleymanova aldıqları içməli suyun pulunu daha çox həyətdəki toyuqların yumurtası ilə ödədiklərini deyir. Çünki ailədə əlavə gəlir mənbəyi yoxdur.

“Su yoxdur. Nə içməyə, nə də ağac əkməyə. Suyu nisyə alırıq. Gedib soruşuram, baxıram ki, 10-15 maşın suyun pulunu borcluyam. Guya gətirib su çəni qoyublar ki, su çəkəcəklər. Amma qoyub getdilər” - deyən Qənirə xanım ətrafdakı evləri göstərir və burada yaşayan hər kəsin işsiz və çarəsiz olduğunu izah etməyə çalışır.

Bəzi sakinlər bizim çəkilişimizi və onlara söhbət etmək istəyimizi gülüşlə qarşılayır, buna ehtiyac olmadığını deyirlər.

 “24 ildir bu vəziyyətdə yaşayırıq. İndi görürsünüz? İndi yadınıza düşmüşük? Sizi təəccübləndirən bu şəraitdə bizim 24 illik ömrümüz geridə qalıb. İndi çəksəniz, yazsanız nə olacaq?”, - deyən 50-55 yaşlı bir kişi onunla söhbət etməyimizə etiraz edir və bizdən uzaqlaşır.

Laçınlıların halına yanmayan icra başçısı...

Yaşlıları xəstə, cavanları işsiz olan bu yataqda yaşayanlar sanki başqa bir dünyada yaşayırlarmış kimi unudulduqlarından, onlara göstərilən laqeyd münasibətdən narazıdırlar.

Laçınlılar martın 3-də icra başçısı vəzifəsini itirən Akif Səlimovun rəhbərliyi dövründən çox narazıdırlar. Keçmiş icra başçısının bircə dəfə də olsun yatağa gəldiyinə, laçınlıların problemləri ilə maraqlandığına şahidlik edən yoxdur. Sakinlər deyir ki, Akif Səlimov icra hakimiyyətinə qəbula getdikləri zaman belə onları qəbul etmirmiş.

 Aldıqları neft yardımı da kəsilən laçınlılar çıxış yolunu bizdən soruşurlar: “İcra hakimiyyətinə gedirik kömək yox, “Qaçqınkom”un bəlkə də bizdən xəbəri yoxdur. Siz deyin görək, biz hara, kimin yanına gedək? Çəkdiklərinizin, yazdıqlarınızın nəsə bir köməyi olacaq?”

Məcburi köçkün məcburi köçkünə ev satır...

Burada insanlar həyatda qalmaq uğrunda mübarizə aparır. Bəzi həyətlərdə bir neçə baş heyvan görmək mümkündür. İmkanı olan, kiminsə köməkliyi ilə daxmasını düzəldə bilənlər çox azdır. Bəzi ailələr hazır, “Fin evləri”ndə yaşayır. “Fin evlər”i məcburi köçkünlərə pulsuz verilib. Bu evlər arası penoplast olan nazik dəmirdən yığılıb. Yayın günəşində qızan, qışın soyuğunda donan bu evlərdə yaşamaq o qədər də asan deyil.

 İnsanı təəssüfləndirən və təəccübləndirən budur ki, dövlət tərəfindən tikilən yeni fərdi yaşayış evlərinə köçürülən qaçqın və məcburi köçkünlər onlara verilən “Fin evləri”ni başqa məcburi köçkünlərə satıblar. Hansı ki, həmin “Fin evlər”i uçan daxallarının əvəzinə onlara pulsuz verilmişdi. Bəzi laçınlılar Sabirabaddan köçürülən Zəngilan məcburi köçkünlərindən 1000-1500 manata “Fin evləri”ni özləri alıblar. Ağcabədidəki “Fin evləri”ndə yaşayan laçınlılar yeni mənzillərə köçürülərkən boşalan evlər icra hakimiyyəti tərəfindən ehtiyacı olanlara verilib.

Nazilə Süleymanova və ailəsi bir il əvvəl bu evi öz pulları ilə alıblar. Bunun üçün kredit götürən ailə həmin məbləği təqaüdləri ilə ödəyirlər. Nazilə Süleymanova 3 uşaq anasıdır. Hazırda bir övladı hərbi xidmətdədir.

 Nazilə xanım evinin yanındakı daxalı göstərərək deyir: “Keçən il bu daxlada yaşayırdıq. Yarısı uçdu. İcra hakimiyyətindən də gəlib baxdılar. Amma heç bir köməklik göstərmədilər. Məcbur qalıb kredit götürdük. Bir də heyvanları satıb bu evi başqa məcburi köçkünlərdən 1500 manata aldıq. Qışda evi qızdırmaq olmur, yayda da istidən qala bilmirik. Ağcaqanad və milçək əlindən evdə dayanmaq olmur”.

 İki balaca otaq və bütün çətinliklərə baxmayaraq təhsil alan uşaqlar...

Piyada hərəkətin mümkünsüz olduğu bu ərazilərdə ən çox əziyyət çəkən isə uşaqlardır. Soyuq, yağış sularının damdığı daxallarda yaşayan uşaqların oynamağa yerləri belə yoxdur. Qışın soyuq və palçığından, yayın isə isti və ağcaqanadından çölə çıxa bilmirlər. Məktəbə getmək isə onlar üçün ayrı bir zülmdür. Müxtəlif yataqlarda yaşayan laçınlılar Qarağac yatağında yerləşən 2 nömrəli Səməd Əmirov adına tam orta məktəbə gedirlər. Ancaq ibtidai siniflərdən başqa. Buna səbəb yolların keçilməz olmasıdır. İbtidai siniflərdə təhsil alan uşaqlar yaşadıqları yataqlarda yaradılan siniflərdə təhsil alırlar.

 Bu yataqda iki otaqlı məktəb var. 2 nömrəli Səməd Əmirov adına tam orta məktəbinin Canavarlı sinfində 9 şagird təhsil alır. Onlar 2, 3 və 4-cü sinif şagirdidirlər. Yataqda bu il birinci sinif şagirdi olmayıb.

Təzək və odunla qızdırılan iki kiçik otaqda təhsil olan uşaqlara iki müəllim dərs deyir. Sinfin gənc müəlliməsi Dürüş Əhmədovadır. Müəllimə çətin də olsa, uşaqlara dərs deməyə çalışdıqlarını deyir. Qışda qar və yağış yağanda uşaqlar dərsə gəlməkdə çətinlik çəkirlər. Ancaq bütün bunlara baxmayaraq cırıq, rezin çəkmələri ilə hər gün bu sinfin yolunu tutmağa çalışırlar. Hər yerdən və hər kəsdən ümidləri üzülsə də, iki müəllim bacardıqları qədər bu uşaqlara nəsə öyrətməyə çalışır...

Qonağı olan icra başçısının qəbuluna düşə bilmədik

Ağcabədi rayonunda hazırda 84 obada yerləşən, daxallarda və “Fin evləri”ndə yaşayan 2000-dən çox Laçından olan məcburi köçkün var. 2011-ci ilin sonlarında Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsi salınıb. Ümumilikdə Ağcabədidə məcburi köçkünlər üçün 610 fərdi yaşayış evi tikilib.

Məcburi köçkünlərlə vidalaşdıqdan sonra Laçın Rayon İcra Hakimiyyətinə üz tutduq. Hazırda icra başçısı vəzifəsini icra edən sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Nəzərli ilə görüşmək istədik. Yanında qonaq olduğundan bir müddət gözləməli olacağımızı dedilər. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aslan Abbasov və Memarlıq və tikinti şöbəsinin müdiri Tahir Məmmədovla görüşdük. Hər iki şöbə müdiri icra başçısı vəzifəsini müvəqqəti də olsa icra edən Aqil Nəzərlinin məcburi köçkünlərlə görüşdüyünü, yerlərdə problemlərlə tanış olduğuna bizi inandırmağa çalışdılar.

Ancaq Aqil Nəzərlinin icra hakimiyyətindəki fəaliyyət dönəmi 10 ildən artıqdır. İcra hakimiyyətində məsləhətçi, şöbə müdiri, başçının müavini vəzifələrində çalışan Aqil Nəzərlinin yəqin ki, problemləri yenidən öyrənməsinə ehtiyac yoxdur. Çünki bu illər laçınlıların bütün problemlərini görməyə kifayət etməli idi.

 Çox gözlədik, amma Aqil Nəzərlinin qonaqlığı uzun çəkdi. Yolumuzun uzun olduğunu deyib icra hakimiyyətindən ayrıldıq.

Ümid edək ki, yeni icra başçısı laçınlıların bu acınacaqlı halına yanan biri olacaq...

Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

/haberimaj/habergaleri/3C0N3X3Z2K0O.PNG
  1. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  2. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  3. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  4. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  5. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  6. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  7. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  8. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  9. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  10. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  11. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  12. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  13. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

  14. Laçın qaçqınları üçün “Cəhənnəm körpüsü” - Fotolar

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.