haberL haberR

Marketlər həm qiymətdə, həm də məhsulda alıcıları aldadır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.01.2016 12:09:36

“Mağazalarda məhsulların 65 faizinin üzərindəki yazılar başa düşülmür”

Marketlər alıcıları aldatmaqda davam edir. Vitrində olan hər hansı məhsulun qiymətini üzərində düzgün göstərməyən bir sıra marketlər alıcılardan bu yolla nisbətən daha çox pul əldə etmiş olur.

Belə ki, vitrində məhsulun altına yapışdırdıqları qiymət həmin məhsulun deyil, onun yanındakı məhsulun qiyməti olur. Alıcı bilmədən məhsulu götürür, kassada isə qiymət məlum olanda artıq gec olur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda istehsal edilən məhsulun üzərinə xarici ölkənin ştrix kodunun qoyulmasını qanunun qadağan etmədiyini dedi: 

 “Bununla bağlı Azad İstehlakçılar Birliyinə nümunələr də gətirilir. Bütün bu problemləri həll etmək mümkündür. Rusiyada uzun müddətdir istehlakçı üçün "məlumat standartları" var. Üç il bundan öncə Azad İstehlakçılar Birliyi Azərbaycanda olmayan bu standartın yaradılmasını və minimum təcrübə həyata keçirilməsini istədi. Lakin bizim komandamız bunun öhdəsindən gələ bilmədi. Biz dövlət qurumlarına müraciət etdik. Keçən ilin sonunda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu xidməti istehlakçılar üçün məlumat standartı tətbiq etdi. O standart tətbiq edilsə də biz bundan razı deyilik. Çünki standartda şriftin böyüklüyü məsələsi göstərilməyib. Yəni malların üzərinə məlumatı elə yazırlar ki, gözü zəif görən insanlar onu oxuya bilmir. Bunun kimi bir çox çatışmazlıqlar mövcuddur. Həmin standartlar düzgün tətbiq olunsa, əlbəttə ki, bu kimi hallar baş verməz". 

Qurum sədri məhsulların 65 faizinin başa düşülməyən dildə olduğunu dedi: “Məsələn, ”Kontinental" mağazalar şəbəkəsində məhsulların 65 faizinin üzərindəki yazılar, ümumiyyətlə, başa düşülməyən dildədir. Texniki vasitələr, avtomobillərin uyğun sənədlərin təxminən 60 faizi Azərbaycan dilində deyil. Bu da dövlət dili haqqında qanuna ziddir. Ərzaq məhsullarına gəlincə isə bu sahədə də ciddi problemlər var. Çox təəssüflər olsun ki, Azərbaycan istehsalçıları nədənsə xarici mallara üstünlük verirlər. Bu isə çox səhv bir fikirdir. Yerli mal onlarla müqayisədə ən təmiz mallardır. Lakin Azərbaycan istehsalçıları da bəzən mallarını elə dizayn edirlər ki, guya xaricdən gətirilib. Amma haradasa arxa tərəflərdə “Azərbaycan istehsalı” sözünü yazaraq məsuliyyətdən qaçırlar. Bu hal daha çox spirtli içkilər və şərablar sektorunda yayılıb. Onu da qeyd edim ki, xaricdən gətirilən hər hansı bir məhsul Azərbaycanda bükülə bilər. Onun mənşəyi standartın tələbinə uyğun olaraq mütləq göstərilməlidir. Ancaq bu məhsulun Azərbaycanda büküldüyü də qeyd edilməlidir. Qanun qadağan etmir ki, Azərbaycanda istehsal edilən məhsulun üzərinə xarici ölkənin ştrix kodunu qoyasan. Bu, normal haldır. Çünki ştrix kod malın keyfiyyəti barədə heç bir informasiya vermir. Ştrix kod malların avtomatik satışını həyata keçirmək üçündür"./Musavat.com
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.