haberL haberR

Masazırda ard-arda partlayan evlər nədən xəbər verir?

Kateqoriya: Sosial Yayımlama tarixi: 11.09.2015 12:47:00

Evlər bitum yataqları üzərində inşa edilir
Qurban Yetirmişli: «Sızan qaz ətrafa təhlükə yaradır»
Zemfira Budaqova: «Əhalini yerindən-yuvasından etməməkdən ötrü girməlidirlər 20 metrə yaxın yerin altına…»
Masazır qəsəbəsində yaşayan əhalinin təhlükədə olması məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, bu ilin aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. 
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli və baş nazirin müavini Abid Şərifov məsələyə  münasibət bildirib. Q.Yetirmişli Masazırda təhlükəli zonada tikilən evlərin və binaların köçürülməli olduğunu deyib. A.Şərifov isə həmin yaşayış yerlərinin köçürülməsinin gündəmdə olmadığını açıqlayıb. Baş nazirin müavini etiraf edib ki, orada qaz sızmasından bir evdə partlayış baş verib. Odur ki, təhlükəli zonada yerləşən 1100 evin zirzəmisində nəfəsliklər açdırılıb ki, zirzəmilərə qaz yığılmasın.
Açıqlama verən Qurban Yetirmişli baş nazir müavininin dediklərinə münasibət bildirdi:
 
"Masazırda təhlükəli zonada tikilən fərdi evlər qanunsuzdur. Abid müəllim bildirib ki, təhlükənin qarşısını almaq üçün tədbir görülüb. Evlərin zirzəmisində nəfəsliklər açılıbsa, yəqin ki, əhalinin köçürülməsinə ehtiyac yoxdur".
 
AMEA rəsmisi onu da bildirdi ki, əhalinin əksəriyyəti təhlükədən xəbərdar olsalar da, özləri üçün şəxsi evlər tikiblər:
 
"Soruşsanız məlum olacaq ki, həmin evlərin mülkiyyəti təsdiq edən sənədi yoxdur. Orada olan evləri gecəqondular kimi tikiblər. Həmin ərazidə şist qaz və bitum layları var. Sızan qaz da ətrafa təhlükə yaradır".
 
Bu ərazidə yaşayış binalarını tikməyin doğru olmadığını deyən Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti Zemfira Budaqova isə bildirdi ki, öncə Masazırda təhlükə olan zonada şist qazının yerini və miqdarını müəyyənləşdirmək lazımdır.
"Hər hansı bir bina tikilməmişdən əvvəl həmin ərazinin geoloji çıxarışını əldə etmək lazımdır. Geoloqlar 20-30 metr dərinlikdə yeri qazaraq burada hansı süxurların, layların olmasını müəyyənləşdirməli, eləcə də, neft, qaz, su və gil təbəqələrinin harda olub-olmamasını bilməlidirlər. Səhvi orda ediblər.
O ki qaldı məlum problemdən çıxış yoluna, əhalini yerindən-yuvasından etməməkdən ötrü girməlidirlər 20 metrə yaxın yerin altına. Qazın hardan gəldiyini müəyyənləşdirib, həmin sahəyə lağım atmalıdırlar. Bundan sonra qazı bir yerə yığaraq ərazidən çıxartmalıdırlar. Əgər qaz təbəqəsinin layı böyükdürsə, əhalinin köçürülməsi prosesinə başlanılmalıdır",-deyə Zemfira Budaqova bildirdi.
Ekspertin sözlərinə görə, məlum hadisədən sonra həmin ərazidə fərdi evlərin və yaşayış binalarının tikilməsinə qadağa qoyulub: "Hökumət də məsələdən narahatdır".
Sakinlər isə deyirlər ki, E.Aslanovun evində hadisə baş verəndən sonra 4 gün ərzində qəsəbəyə, bir müddət isə həmin küçəyə qaz verilişi dayandırılıb. 
 
"Partlayış hadisəsindən sonra hökumət tərəfindən komissiya yaradıldı. Abid Şərifov evlərin zirzəmisinə qazın yığılmaması üçün zirzəmidə nəfəsliklərin açıldığını deməsi doğrudur. Zirzəmilərdən bayıra kiçik deşiklər açdılar ki, qaz daşınmaz əmlaka və insanların həyatına təhlükə yaratmasın. Mediada burada şist qazın və bitum laylarının olduğu bildirilir. Mən eşitmişəm ki, bu ərazidə həmçinin vulkan da var. Elədirsə, evlərin altındakı qaz təbii qazdır, texnogen qaz deyil"-deyən Elnur Nuriyev bildirdi ki, ərazidən həmişə qaz iyi gəlir. 
 
Sakinlər hökumətin məlum tədbirindən sonra narahatlıq olduğunu bildirsələr də, partlayışların təkrarlanmadığını dedilər. Onlar təhlükəli ərazidə yaşamağın arzuolunmaz olduğunu vurğulayaraq burada məskunlaşmalarını torpağın qiymətinin ucuz olması ilə əlaqələndirdilər. O da məlum oldu ki, qəsəbədə evlərin mülkiyyətini təsdiq edən sənədlər yoxdur.
Sakinlərin dediklərinə münasibət öyrənmək və əhalinin buradan köçürülməsi planının olub-olmamasını soruşmaq üçün Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyevə müraciət etdik.  
"Mən hazırda tədbirdəyəm. Biz 20 sentyabr - "Neftçilər günü" peşə bayramına hazırlaşırıq. Bu gün sualınıza cavab verə bilməyəcəm",-deyə N.Quliyev bildirdi.
 
(bizimyol)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.