haberL haberR

Mavzoleydəki Leninin nəşi deyil - İddia

Kateqoriya: Münasibət Yayımlama tarixi: 20.04.2016 14:55:14

Dilavər Əzimli: “Lenin vəfat etdikdən sonra öz anasının yanında dəfn olunmaq istədiyini yazırdı”

Tarixə nəzər salsaq özünü dünyanın sahibi kimi təsəvvür edən, əslində isə ən zəif insandan belə həm mənən, həm də fiziki cılız olan Misir fironlarının öldükdən sonra cəsədləri mumiyalatmaq ənənəsi qoyduqlarını görə bilərik. Bu ənənə demək olar ki, bütün Misir fironlarını əhatə edib. Hətta fironlar öz qüdrətlərini nümayiş etdirmək üçün ehramlar da tikdirirdilər. Misir piramidaları kimi dünyada məşhur olan bu ehramlarda fironların cəsədləri mumiyalanaraq saxlanılırdı. Artıq tarixin yaddaşına həkk olan bu ehramları milyonlarla insan indi də maraqla ziyarət edir. Kökü qədimə söykənən mumiyalama ənənəsini araşdırmaçı-alimlər müxtəlif səbəblərlə izah edirlər. Lakin bu günə qədər fironların və bəzi dünya liderlərinin öz cəsədlərini hansı səbəblərdən mumiyalatdırdıqları dəqiq məlum deyil. 1924-cü ildən bu günə qədər keçmiş SSSRİ və onun indiki varisi Rusiya hökuməti də Kommunist ideoloqlarından və Oktyabr inqilabının rəhbərlərindən olan Vladimir Leninin Mavzoleydə mumiyalanmış nəşini saxlayır. Rusiya hökuməti bunun üçün illərdir küllü miqdarda vəsait də xərcləyir. Hökumət bu il mumiyalama işlərinə 13 milyon rublun xərclənəcəyi planlaşdırır.

Bəs görəsən Leninin nəşini saxlamaq Rusiyaya nə üçün lazımdır və bu Rusiyaya nə qazandırır?

İslaminSesi mövzunu Tarix institutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə müzakirə edib. Tarixçi bildirib ki, Leninin mumiyalanmış nəşini Mavzoleydə saxlamaq Rusiyaya heç nə qazandırmır: “ Bütün səmavi dinlərdə, o cümlədən xristianlıqda da ölünün cəsədini saxlamaq günah hesab olunur. Leninin öz vəsiyyətnaməsi var. Bu vəsiyyətnaməni şəxsən oxumuşam. Həmin vəsiyyətnamədə Lenin vəfat etdikdən sonra öz anasının yanında dəfn olunmaq istədiyini yazır. Əslində həmin vəsiyyətnaməyə uyğun olaraq Lenini anasının yanında dəfn etməli idilər. Lakin görünür bəzi şəxslər mənafelərinə görə nəşi saxlayıblar”.

Dilavər Əzimli Lenin haqqında dəqiq araşdırma apardığını qeyd edib: “ Əslində Mavzoleydə saxlanılan Lenin deyil. O cür nəşi saxlamaq qeyri-mümkündür. Hətta bir məqalədə müəllif yazırdı ki, Lenin formada olan insanları öldükdən sonra Mavzoleyə gətirərək orada saxlayırlar. Dünya ictimaiyyətinə isə nəşin Leninə aid olduğunu deyərək inandırmağa çalışırlar. Ola bilər ki, dərmanlanaraq Mavzoleydə saxlanılan Leninin nəşi deyil”.

Tarixçi alimin sözlərinə görə, bu yolverilməzdir və nəşin dəfn olunması zəruridir: “Hətta Rusiyanın özündə də bu mövzu dəfələrlə müzakirə olunub. Lakin görünən odur ki, şəxsi məqsədlər üçün nəşi hələ də saxlayırlar. Ola bilər ki, kommunist ideologiyası sona çatıb. Amma hər halda müəyyən qüvvələr var ki, (solçular, kommunistlər) Rusiya hökuməti onlardan ehtiyat edir. Bu səbəblərdən də nəşin dəfn edilməsi məsələsi öz həllini tapmır”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.