haberL haberR

Mayis Güləliyev: “Qərbin uzun müddət etmək istədiyi Yəməndə baş verə bilər”

Kateqoriya: Münasibət Yayımlama tarixi: 26.03.2015 18:19:47

"Yəməndə neçə illərdir daxili çəkişmələr var. Xalqın hakimiyyətə qarşı birləşərək öz güclərini göstərməsi nə Səudiyyə Ərəbistanının, nə də Amerikanın siyasətinə uyğun gəlir. Bu səbəbdən Yəməni hər hansı bir formada nəzarət altına almağa çalışırlar"
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu sözləri AzadXeber.az-a Yəməndə baş verən son hadisələrlə bağlı münasibət bildirərkən politoloq Mais Gülalıyev deyib. O, dünəndən etibarən Yəməndəki hadisələri izləmək imkanı olmadığını qeyd edib: “Lakin onu deyə bilərəm ki, hər nə olursa olsun suverən dövlətin daxili işlərinə qarışmağa heç bir ölkənin haqqı yoxdur”.
 
"Fransada baş verən terror hadisələrini Yəməndə bir qruplaşma öz üzərinə götürmüşdü. Elə o vaxtlar belə söhbət var idi ki, müəyyən müddətdən sonra müxtəlif bəhanələrlə Yəmənə qoşun yeridilə bilər. Hadisələr də onunla bağlı ola bilər. Yəməndə hakimiyyətin dəyişməsi, prezidentin qaçması məsələləri bu hadisələrin gedişatını sürətləndirdi. Nəinki Yəmənə, hətta Amerikanın siyasətinə müəyyən dərəcədə əleyhinə olan digər körfəz ölkələrinə də zor tətbiq oluna bilər. Buna misal olaraq İraqı göstərmək olar",- deyə M. Gülalıyev söyləyib.
 
Mais bəy Qərbin həmişə Səudiyyə Ərəbistanı ilə İranı qarşı-qarşıya gətirməyə çalışdığını deyib: “Yəməndə qərb ölkələrinin uzun müddət etmək istədiyi bir hadisə baş verə bilər. Yəni Səudiyyə Ərəbistanı ilə İranın qarşıdurması. "Husi" hərəkatının hakimiyyətə qarşı birləşməsi və böyük bir ərazini öz nəzarətinə keçirməsi praktiki olaraq İranın adı ilə bağlanılır. Belə olan halda Səudiyyə Ərəbistanının məsələyə qarışması hər iki dövləti qarşı-qarşıya qoya bilər”.
 
Ekspert vurğulayıb ki, ümumiyyətlə, BMT-də müstəqilliyi qəbul olunmuş hər hansı bir dövlətin daxili işlərinə qarışılması ölkənin dağılmasına gətirib çıxara bilər.
 
Müsahib onu da əlavə edib ki, Səudiyyə Ərəbistanı ilə İranın qarşıdurmasını qərb mətbuatı sünni-şiə davası kimi göstərəcək: “Bu İslam dünyasına çox böyük zərbə vuracaq. Qərb bu qarşıdurmanı daha geniş areala yönəldəcək və müsəlmanları bir-birinə qırdıracaq. Bu yolla öz iqtisadi maraqlarını həyata keçirdəcəklər. Bu da İslam üçün böyük təhlükədir. Məsələn, Suriyada baş verən hadisələri şiə-sünni davası kimi göstərməyə çalışdılar. Alınmadı deyə- “İŞİD”-i ayrı bir təriqət kimi tanıtdılar”. 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.