haberL haberR

MMX-ya görə yol polisi 700 manat cərimələnəcək

Kateqoriya: Mərhəmət Yayımlama tarixi: 16.02.2016 10:31:54

Protokol və ya qərarı vaxtında sistemə yerləşdirməyən yol polisini 500 manatdan 700 manatadək cərimə gözləyir

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcələsində (İXM) sürücülərin törətdiyi qayda pozuntularına görə tərtib olunan protokol və qərarları vaxtında Dövlət Yol Polisinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini, habelə vaxtında “ASAN ödəniş” sisteminə ötürülməsini təmin etmək üçün maraqlı yenilik nəzərdə tutulur. Avtosfer.az-ın verdiyi məlumata görə, həmin sənədləri qanunvericilikdə göstərilən müddətdə mərkəzi informasiya sisteminə yerləşdirməyən, eləcə də “ASAN ödəniş” sisteminə ötürməyən DYP əməkdaşı 500 manatdan 700 manatadək cərimə olunacaq. Qanunvericiliyə əsasən, xüsusi texniki vasitələrin (radar və kameraların) qeydə aldığı qayda pozuntuları real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürülməli, avtomatik qaydada elektron protokol tərtib olunmalı və dərhal mərkəzi informasiya sistemində yerləşdirilməlidir. Həmin elekton protokol həmçinin, dərhal “ASAN ödəniş” sisteminə ötürülməlidir. DYP əməkdaşı sürücünü yolda saxlayaraq protokol və ya qərar tərtib etdikdə onu bort komputer vasitəsilə DYP-nin mərkəzi informasiya sisteminə yerləşdirməlidir. Bort komputer olmadıqda isə iş gününün sonunadək mərkəzi informasiya sisteminə yerləşdirməlidir. Mərkəzi informasiya sistemi isə yerində tərtib olunmuş həmin protokol və ya qərarı yenə də “ASAN ödəniş” sisteminə ötürməlidir. Hətta sürücünün şikayətinə baxılaraq qəbul edilən qərarlar da dərhal həm mərkəzi informasiya sisteminə yerləşdirilməli, həm də “ASAN ödəniş” sisteminə ötürülməlidir.

Buna məsul olan DYP əməkdaşının müvafiq protokol və ya qərarı vaxtında həmin sistemlərə yerləşdirməməsi onun üçün 500 manatdan 700 manatadək cəriməyə səbəb ola bilər. 

Xatırladaq ki, yeni Məcəllə elektron protokolun qayda pozuntusundan 1 ay sonra sisteminə yerləşdirildiyi halda sürücünü həmin xətaya görə məsuliyyətdən azad edir./avtosfer

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.