haberL haberR

Müdafiə Nazirliyi əsgər atasının ittihamlarına cavab verdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.02.2015 11:52:06

Nazirliyin yaydığı rəsmi məlumatda özünə qəsd edən əsgərin psixi problemlərinin olduğu qeyd edilir

“Ötən həftə Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarverdiyev Çingiz Aydın oğlu komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhər hərbi hospitalına aparılıb. Əsgər baş nahiyəsindən güllə yarası aldığı üçün hazırda komadadır”. 

Bu barədə “Azadlıq” qəzeti məlumat verib. Əsgərin atası Tarverdiyev Aydın Hüsü oğlunun “Azadlıq”a dediyinə görə,  övladının vəziyyətinin ağır olmasına baxmayaraq, hələ də heç bir tədbir görülməyib. Onun dediyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Elə bu səbəbdən əsgər baxımsız vəziyyətdə qalıb. Əsgərin valideyni Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinə şikayət etdiyini, lakin bunun nəticəsiz qaldığını deyir.
Aydın Tarverdiyev oğlunun 2014-cü il yanvar ayının 6-da Cəlilabad rayonundan hərbi xidmətə getdiyini və Gəncə şəhərində hərbi xidmətə başladığını deyib. Onun sözlərinə görə, oğlu xidmətinin ilk günlərində soyuqlayaraq xəstələnib. Ancaq xəstə əsgərə heç bir tibbi yardım göstərilməyib və bundan təsirlənən Çingiz özünə qəsd edərək, qolunun damarlarını kəsib. Aydın Tarverdiyevin sözlərinə görə, hospitaldan sonra özünə qəsd edən Çingizin məhkəməsi olub və o, 5 ay azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra əsgər xidmətini Tovuz rayonunda N saylı hərbi hissədə davam etdirib. Dekabr ayında ona 10 günlük məzuniyyət verilib.
A.Tarverdiyev bildirir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün əvvəl, yanvarın 26-da danışıb: “Çingiz hər şeyin normal olduğunu bildirdi. Səhər isə mənə hərbi hissədən özünü polkovnik rütbəsində olan komandir kimi təqdim edən bir şəxs tərəfindən zəng gəldi. Həmin şəxs bildirdi ki, oğlun silahı özünə dirəyib, telefonda musiqi səsləndirir və siqaret çəkir. Mən əmr gözləyirdim ki, onu vurum, amma bu vaxt oğlun bizi atəşə tutdu. Biz də məcbur olub cavab atəşi açdıq və atılan güllələrdən biri oğluna dəydi”.
A.Tarverdiyevin sözlərinə görə, oğlunun vəziyyəti kritik olsa da, buna müvafiq tibbi yardım göstərilmir: “Oğlum artıq neçə gündür komadadır. Gəncə hospitalındakı tibbi müdaxilə yetərli deyil. Çingizi Bakıya götürməlidirlər. Amma bunu etmirlər. Oğlumun qanını batırmaq istəyirlər. Amma mən bu məsələnin tam araşdırılması və günahkarın öz cəzasını alması üçün əlimdən gələni edəcəm. Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına gedib öz etirazımı bildirəcəyəm”.
İttihamlarla bağlı ötən gün Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən yazılı cavabda qeyd olunur ki, əsgər atası Aydın Tarverdiyevin dedikləri həqiqətə uyğun deyil və hadisə haqqında yanlış fikir formalaşdırmaq məqsədi daşıyır: “Belə ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılıb və araşdırma aparılır. Aydın Tarverdiyev oğlunun məsuliyyətdən yaxa qurtarmasına çalışmaq məqsədilə böhtan xarakterli xəbərlər yayır və ictimaiyyətə qeyri dəqiq, qərəzli məlumatlar verir.
Halbuki söhbət zamanı əsgərin atası, oğlu Çingiz Tarverdiyevin  uşaq vaxtlarından əsəbi olduğunu bildirib. Bundan əlavə, o qeyd edib ki, oğlu Çingiz Tarverdiyev hərbi xidmətə gəlməmişdən əvvəl də davranışlarında aqressiv olub. Əsəbiləşəndə özünü idarəetməni tez-tez itirir, bu səbəbdən də atasının sağ əlinin barmağına balta ilə xəsarət yetirib, iki qardaşına bıçaqla hücum edərək onları da bıçaqlamaq istəyib". 
Rəsmi açıqlamada, həmçinin hadisə zamanı əsgər Çingiz Tarverdiyevə zabit tərəfindən xəsarət yetirilməsi məsələsi də qeyri-dəqiqdir: “Hospitalda həkimlərə təşəkkür edən əsgər atası heç kimi bu işdə təqsirləndirməyib, oğlunun belə hadisəni törətməyə qadir olduğunu dəfələrlə qeyd edib. Əsgər Tarverdiyev Çingiz Aydın oğlu, onunla hərbi hissənin psixoloqu tərəfindən aparılan söhbət zamanı özünün bildirdiyinə görə o, əvvəl də 2 dəfə özünə qəsd etməyə cəhd edib. Bütün bu əməllərinə görə 2014-cü ilin may ayında əsgər Ç.A.Tarverdiyev öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırmağa görə təqsirli bilinərək məhkəmənin hökmünə əsasən 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanma cəzasına məhkum edilib”.
 
Müdafiə Nazirliyi mətbuat xidməti bildirir ki, KİV-də bu cür yalan, böhtan dolu xəbərlər yayılmaqla əsgərin atası Aydın Tarverdiyev oğlunun cinayət məsuliyyətinə cəlb olunmasından yaxa qurtarmasına şərait yaratmağa çalışır. (musavat.com)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.