haberL haberR

Mükəmməl və ya kamil insan (Məqalə)

Kateqoriya: Məqalə Yayımlama tarixi: 13.04.2015 10:28:05

"Mükəmməl insan " və ya "kamil insan" məfhumu haqqında İslam və Qərb alimləri müxtəlif nəzəriyyələr söyləyiblər

Onlara İbn Ərəbi, Seyid Heydər Amuli, Molla Sədra, İmam Xomeyni, Əllamə Təbatəbayi və Şəhid Mütəhhəri kimi alimləri misal göstərmək olar. Onlardan hər biri bu məfhum haqqında elə bir tərif irəli sürmüşlər ki, onların nəticəsində ümumilikdə, "kamil "və "mükəmməl insan"ın bütün maddi və mənəvi istedadlarından həmahəng və kamil şəkildə istifadə etməsi anlaşılır. Amma Qərb məktəbindəki "kamil insan"a isə ən çox maddi cəhətlərə görə üstünlük verilir. Lakin Quran nöqteyi-nəzərindən "kamil" insan üçün bəndəlik, ilahi rəhmətə nail olmaq, pak həyat və uca xaliqin razılığı, həmçinin, əqidəvi (iman, tövhid), əxlaqi (nəfsin saflaşdırılması, təqva, səbr, təşəkkür etmək), ideoloji və mədəni xüsusiyyətlər (təfəkkür, elmin əldə edilməsinə çalışmaq və bu sahədə yüksək ruhiyyə) kimi hədəflər nəzərdə tutulur. Bununla da insan öz dünyəvi və axirət yaşayışını kamilləşdirir.

Bəzən "müasir" və "ideal insan"  kimi sözlərlə ifadə edilən "kamil insan" müxtəlif məktəb və təfəkkürlərdə özünəməxsus tərif və xüsusiyyətlərə malikdir. Qurani-Kərim də bu cür insanın tanınmasında özünəməxsus üslub və prinsipləri təqdim edir. Quranın məntiqi baxımından "kamil insan" özündə  dəyərlər  toplumu, özünə  inam və özünəməxsus xüsusiyyətləri əks etdirən insandır və bu, onu Qurana əsaslanmayan digər kamil insanlardan fərqləndirir. Quranın nəzərdə tutduğu "kamil insan"ın ən mühüm fərqləri  onun Allah və mənəviyyatla bağlılığından ibarətdir. Belə yönlərə malik insan maddi və mənəvi cəhətdən dinsiz və Qurandan kənar olan insandan fərlənir. Dinsiz insanın həyatında Allah üçün yer yoxdur. Onun düşüncəsində yalnız maddi və dünyəvi rifah yer tutur. Əgər mənəviyyatın olmasını fərz etsək belə, həmin mənəviyyat insan üçün əhəmiyyətli mövqeyə malik olmayacaq və sonunda, sekulyar, yəni "dinin siyasətdən ayrılığı" prinsipinə əsaslanan insanın formalaşmasına gətirib çıxaracaq.

" Kamil insan " digər insanlar üçün meyar və nümunə hesab edilə bilən insandır.

Qurani-Kərim və islami rəvayətlərdə "kamil insan" və ya "mükəmməl insan" ifadələrinin işlənməməsinə baxmayaraq, Quranda nümunəvi, təqvalı və mömin insan sözlərindən istifadə edilmişdir. Quranın nəzərində " kamil insan " – fərz edilən, xəyali və zehni olan ideal bir insan deyil ki, zehindən xaric aləmdə var olması qeyri-mümkün hesab edilsin, əksinə insani dəyərlərə və keyfiyyətlərə, dəyərli elmi və mənəvi xüsusiyyətlərə reallıq bəxş edən və var olan insan kimi başa düşülür. Qurani-Kərim İslam Peyğəmbərini (s) ən gözəl nümunə , "mükəmməl" və "kamil insan" kimi tanıtdırır.

لقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

"Həqiqətən, Peyğəmbər sizin üçün gözəl bir nümunədir" ( Əhzab surəsi, ayə 21 ) . Əli ibni Əbutalib kamil insanın digər bir real nümunəsidir. Ustad Mütəhhəri VII əsrə qədər "kamil insan" ifadəsinin olmadığını və ilk dəfə bu sözün məşhur arif Muhyiddin Ərəbi Əndəlusi Tayi tərəfindən işlədildiyi etiqadına malikdir və VII əsrdən sonra bu ifadə İslam millətləri tərəfindən səslənmişdir .

Bəziləri insanı yalnız maddi varlıq hesab edərək onun mənəvi və qeyri-maddi yönünü inkar etmişlər. Bəziləri onu "natiq olan canlı ", bəziləri onu ruhi və cismani olmaqla ikiyönlü varlıq, bəziləri isə ruhi və cismi mürəkkəbliyinə görə onu "sirli varlıq" adlandırmışdır.

Lakin Quran insanı ikitərəfli varlıq hesab edir: Cismani ( Hicr surəsi ayə 26 , Səcdə surəsi ayə 7 ) və ruhani ( Hicr surəsi ayə 29 ) . Bunlardan əlavə, insanı azad və ixtiyar sahibi, həmçinin, mükəlləf ( İnsan surəsi ayə 1 və 2 ) , imtahan olunan və əməlinin mükafatı və ya cəzası veriləcək məxluq kimi tanıtdırır ( İnsan surəsi ayə 2 , Bəqərə surəsi ayə 286 ). Tədqiqatçılardan bəziləri insanın 232 xüsusiyyətə, bəziləri isə onların şəxsi və psixoloji xüsusiyyətlərinə görə 950 yönə sahib olduğunu bəyan etmişlər. Bütün bunları nəzərə alsaq, insan üçün belə bir tərif verə bilərik : İnsan onun fitrətində mütləq ilahi kamala nail olmaq üçün istedadların qoyulmuş olduğu və onlardan düzgün şəkildə istifadə edəcəyi təqdirdə həqiqi kamal və səadətə nail olacağı və əks təqdirdə azğınlıq və bədbəxtliyə düçar olacağı bir varlıqdır.  İnsanların fərqliliyi onların zatının mürəkkəbliliyinə görədir. İnsan surəsinin 2-ci ayəsində Allah-təala buyurur :

إنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ

"Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək". Ayədə deyilən "mürəkkəblikdən ibarət" ifadəsində məqsəd həmin istedadlar nəzərdə tutulur .

 

Elvin Sadiq / İslamazeri.az üçün

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.