haberL haberR

Nardaran ağsaqqalı Natiq Kərimov Nardarandakı son durumdan danışdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 18.12.2015 17:18:11

“Nardaranda sakinlərin saxlanılması davam edir, amma biz hələ də bilmirik ki, konkret nə qədər adam saxlanılıb”, – Nardaran kənd ağsaqqalı Natiq Kərimov Turan-a bildirib

Onun sözlərinə görə, dekabrın 17-də 4 nəfər saxlanılıb. Saxlanılanlardan biri sərbəst buraxılıb, iki nəfərin taleyindən xəbər yoxdur. Saxlanılanlardan biri də Azərbaycan İslam Partiyasının (AİP) ilk sədri Əlikram Əliyevin oğlu Hüseyn Əliyevdir. H.Əliyevə biraylıq inzibati cəza verilib. “Bu adam evə çörək gətirən yeganə şəxs idi, indi ailənin güzəranı necə olacaq onu bilmirik?”, – kənd ağsaqqalı ailənin ağır durumda olduğunu nəzərə çatdırıb.

Evlərdə axtarışların davam etdiyini deyən N.Kərimov dekabrın 17-dən ev axtarışlarına hüquq-mühafizə nümayəndələrilə yanaşı şahid kimi qonşuların, bələdiyyə təmsilçilərinın qatıldıqlarını, axtarış aparılan evlərdə çəkilişlərin aparıldığını da vurğulayıb. “Biz axtarışların əleyhinə deyilik, amma hər şey qanun çərçivəsində olmalıdır”, – o qeyd edib. O bu gün kənd sakinlərindən bir nəfərin izahat vermək üçün çağırıldığını deyərək nəticənin necə olacağını gözlədiklərini söyləyib.

N.Kərimov Dini Komitənin sədri Mübariz Qurbanlının Nardaranda məscidlərin fəaliyyətinə bu məscidlərdə dini icmaların yaradılandan sonra icazə veriləcəyi barədə bəyanatına münasibətini də ifadə edib. “M.Qurbanlı düz deyir, əgər məscid yeni fəaliyyətə başlayırsa qeydiyyata alınmalı, icması yaradılmalıdır, amma Nardaranda yaşı 800 ili ötən məscidlər var, dədə-babalarımız, əcdadmımız bu məscidlərdə ibadət ediblər. Bu kənddə ən cavan məscidin 150 yaşı var. Amma başa düşə bilmirəm ki, namaz qılmaq, mərasimlər keçirmək üçün niyə qeydiyyat lazımdır? Mən məscidə namaz qılmağa gəlirəm, buna nə qeydiyyat? Görünür, M.Qurbanlı özü namaz qılmadığı üçün bu məsələni bilmir. Odur ki, icma olmadan məscidin fəaliyyət göstərməsinə icazə verilməməsi haqda onun mövqeyi əsaslı və qanuni deyil”, – kənd ağsaqqalı qeyd edib.

Kəndə elektrik enerjisinin verildiyini deyən ağsaqqal hər 10 evdən 8-də işıq yandığını nəzərə çatdırıb, qaz verilməsinə gəlincə, hələ qaz verilmədiyini söyləyib.

O, “Nardaran hadisələri”lə bağlı məhz bu kəndin sakinləri olan 7 nəfərin işdən azad edildiyini bildirib. “Onsuz da bu kəndin sakinlərinin 95%-i işləmirdi, bu adamların da işdən azad olunmaları, özü də məhz nardaranlı olduqlarına görə azad edilmələri həm insan haqlarının, həm də vətəndaşın əmək hüququnun pozulması deməkdir”, – N.Kərimov baş verənlərə eitrazını ifadə edib.-

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.