haberL haberR

''Natiq Kərimovun casus olduğu inandırıcı deyil'' (İctimaiyyətdən münasibət)

Kateqoriya: Münasibət Yayımlama tarixi: 09.01.2016 15:37:20

"Bu da kənddə tutduğu statusdan və inancından irəli gəlirdi"

Yanvarın 7-də  Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbslə bağlı yaydığı açıqlamada göstərilib ki, Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq, 2016-cı il yanvarın 7-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Natiq Kərimovun həbsi ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.

Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, Natiq Kərimovun həbsi daha irimiqyaslı həbslərə hazırlığın bir mərhələsidir:

“Nəzərə alaq ki, Natiq Kərimov vaxtilə Milli Şura üzvü olub və kimlərsə MŞ-nı bu olaylarla bağlamaq istəyir. Lakin hazırkı mərhələdə düşünmürəm ki, həbslərlə nələrəsə nail olmaq mümkün olsun. İqtidar demokratik açılıma getməli və ölkədə ciddi islahatlara başlamalıdır, əks təqdirdə, ölkədə xaos yaşana bilər”.

Dini Etiqad və Vicdan Azadlığı Mərkəzinin sədri, ilahiyyatçı İlqar İbrahimoğlu Natiq Kərimovun həbsinə özünün facebook səhifəsində reaksiya verib. İlqar İbrahimoğlu yazır ki,  Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini Azərbaycan üçün çox zərərli hesab edir:


“Kərbəlayi Natiq Kərimovu mömin və vətənpərvər bir insan kimi tanıyıram. Onun Vətənə xəyanət kimi maddələrlə ittiham olunmasını, ağlasığmaz bir hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmişə problemlərin məntiq və təmkin üzərində cözülməsinə çalışan bir insanı, nəinki həbs etmək, əksinə onun müdrik ağsaqqal sözünə daha diqqətlə və sayğı ilə yanaşmaq məntiqli olardı. Bütün bunlardan əlavə, sırf prosessual baxımından, səhhətində ciddi problemi olan ahıl insanı azadlıqdan məhrumetmə ilə bağlı qətimkan tədbirinə məruz qoymaq - qətiyyən anlaşılan deyil. Uca Allahdan bütün müşküllərin təcili həllini diləyirəm".

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, dövlətə xəyanət kimi ağır cinayətdə ittiham sadə məsələ deyil:

“İstintaqın hansı nəticəyə gələcəyi məlum olmasa da, o aydındır ki, bu cür ittiham yüzdə-yüz olmasa da, müəyyən dəlillərə əsaslanır. Bu, həbs xətrinə həbs ola bilməz. Azərbaycanda kimisə zərərsizləşdirmək məqsədilə bəzən narkotika, vergi, dələduzluq kimi populyarlaşmış cinayətlərlə saxta ittiham etmək kimi zərərli təcrübənin şahidi olmuşuq. Amma Nardaran kənd sakini Məşədi Natiq Kərimov barədə ittiham irəli sürməzdən əvvəl də bu kənddə söz sahibi olan N.Kərimovun İran sevgisi, İran yolu, İrana xüsusi simpatiyası cəmiyyətə məlum olan fakt idi. Görünür bu "sevgi" Azərbaycan Respublikasına xəyanət etməyə qədər gəlib çatıb”.

İlham İsmayıl deyir ki, Natiq Kərimovun həbsində Rauf Mirqədirov kombinasiyasını görmür. Onun sözlərinə görə, N.Kərimov bu maddə ilə ittiham olunan ilk nardaranlı deyil: "Nardaranda İran İslam Respublikasının xeyrinə N.Kərimovun fəaliyyət göstərməsi cəmiyyətdə sanki gözlənilən hal kimi qarşılanıb. Ölkədə iqtisadi krizisdir. Bu ağır durumdan yararlanmaq istəyən bir xeyli xaricdən dəstək alan qüvvələr var. Hesab edirəm ki, bu həbs həm də belə qüvvələrə mesajdır. Dövlət bu istiqamətdə hazırlıq görmək istəyənləri zərərsizləşdirmək gücündə olduğunu həm daxilə, həm xaricə xəbər vermiş oldu”.

Həbsdə olan jurnalist, siyasi məhbus Xədicə İsmayıl Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi məsələsinə münasibət bildirib: "Mən şantajla üzləşəndə Nardaran Ağsaqqallar Şurası və Natiq Kərimov ateist jurnalistə dəstək göstərmişdilər. Məşədi Natiq dünyəvi yanaşmasıyla fərqlənən dindarlardan biridir. Onun İran kəşfiyyatı, yaxud dini strukturlar ilə əlaqəsi barədə deyilənlər cəfəngiyyata bənzəyir. Zatən hər bir müxalifə, tənqidçiyə heç olmasa bir dəfə xarici casus damğası vurulmayıbmı? Nə mən, nə də ağlı başında olan başqa adamlar yalançı casus nağıllarına inanmırıq. Görünən budur ki, MTN-in sadəcə adı dəyişib, mahiyyətcə DTX Mahmudov-Çovdarov bandasının üslubunu davam etdirir. Mən, ateist, dünyəvilyin təəssübkarı İranın təsirindən ehtiyatlanan bir adam kimi bu ittihamı təbəssümlə qarşıladım”.

Vəkil Cavad Cavadov da Natiq Kərimova qarşı irəli sürülən bu ittihamı inandırıcı hesab etmir:

“Natiq Kərimov Milli Şuranın üzvü, Nardaran Ağsaqqalar Şurasının sədri olmaqla daim siyasi-ictimai proseslərdə aktivliyi ilə seçilirdi və Nardaran hadisələrindən sonra dəfələrlə ola bilsin ki, kimlərinsə xoşuna gəlməyən açıq və sərt danışıb. Bu da kənddə tutduğu statusdan və inancından irəli gəlirdi. Оnun Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə ittiham olunmasına dair rəsmi qurumun açıqlamasından görünür ki, guya o, uzun müddət dövlətin zərərinə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq, casusluq edib. Casusluq etmək üçün Natiq Kərimovən azından hansısa məlumat daşıyıcı olmalı idi, yəni elə bu məqam ittihamın inandırıcı olmadığını göstərir”. (MeydanTV)

 

Milli Şuranın sədri də həbsə münasibət bildirib. Azadlıq qəzeti yazır: 

Milli Şuranın sədri, professor Cəmil Həsənli Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsindən və son zamanlar Nardaranda baş verənlərdən yazıb. Cəmil Həsənli Facebook səhifəsində yazır:

“Dostlar! Gözümüzün qarşısında bir kəndin dramı, bir kəndin faciəsi baş verir. Söhbət 6 həftəyə yaxındır ki, səmasında qara buludlar dolanan Nardaran kəndindən gedir. Noyabrın 26-da Daxili İşlər Nazirliyinə məxsus qüvvələr kənddə xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirdi. Bir kənd hüdudlarında keçirilən əməliyyat zamanı bu qədər adamın həyatını itirməsi yolverilməzdir. Uzun müddət Nardaran mühasirədə saxlanıldı, kəndə giriş-çıxış qadağan edildi, borc bəhanəsi ilə yaşayış məntəqəsinin qazı, suyu, işığı kəsildi.

Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Hacı Tale Bağırzadə başda olmaqla onlarla adam ibadət zamanı həbs edildi. Halbuki, hüquq mühafizə orqanlarının, hətta ifşa olunmuş keçmiş MTN-nin çağırışlarına belə o, vaxtında reaksiya vermişdi. Onu və tərəfdarlarının həbsi üçün insan ölümü ilə nəticələnən əməliyyat keçirməyə heç bir ehtiyac yox idi. Ay yarıma yaxındır Nardaranda həbslər səngimək bilmir. Bu gün kənd ağsaqqalı Kərbəlayi Natiqə vətənə xəyanət ittihamı ilə cinayət işi açıldı və bu vətənsevər ağsaqqal haqqında dörd aylıq həbs qəti imkan tədbiri seçildi. Kərbəlayi Natiq Kərimov Milli Şuranın üzvüdür, bütün varlığı ilə bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqaldır. Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.