haberL haberR

"Nazirlik adına obyektlərdə qeyri-qanuni yoxlamalar aparılır"

Kateqoriya: Sosial Yayımlama tarixi: 29.09.2015 17:47:11

Bunu İqtisadiyyat və Sənaye Nazirliyi bildirib

Son zamanlar bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada “qanunvericiliyin tələblərinin pozulması” barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olur.

Nazirlikdən verilən məlumata görə, araşdırmalar zamanı özlərini “Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, “yoxlamanın” nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

“Bununla əlaqədar, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir” - deyə, nazirlikdən bildirilib. 

Nazirlikdən onu da vurğulayıblar ki, sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur. (oxu.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.