haberL haberR
Bir neçə gün öncə AzadXeber.az portalının baş redaktoru, əzizimiz Nicat Əliyevin qız övladı dünyaya gəlib

Bir neçə gün öncə AzadXeber.az portalının baş redaktoru, əzizimiz Nicat Əliyevin qız övladı dünyaya gəlib. Əvvəla bu münasibətlə Nicat Əliyevi, ailəsi və yaxınlarını təbrik edirəm.

Nicatla elə bizim redaksiyamızda tanış olmuşam. Nicat Əliyev daha gəlirli iş imkanı olmasına baxmayaraq, yeni yaranan İslami mediada fəaliyyət göstərmək istəyirdi. Elə ilk görüşümüzdə, o, bu haqda öz fikirlərini mənimlə bölüşmüşdü. Tanışlığımızdan sonra, onun sözünün üstündə duran, fədakar və digər gözəl xüsusiyyətləri dostluğumuza səbəb oldu.

Ağsaqqallarımız, hətta hədislərimiz bizə dostumuzu yolda sınamağı tövsiyyə ediblər. Bir dəfə Türkiyədə keçirilən beynəlxalq konfransa birlikdə getdik. Yol yoldaşlığı və səmimi zarafatlarından qalmazdı. Ancaq hörmət və özü üçün təyin etdiyi cizgiləri də heç vaxt tapdalamazdı.

Biz həbsdə ikən dəfələrlə ziyarətimizə gələrdi. İctimai fəaliyyətlərilə yanaşı, gözəl qələmə sahib idi. Daima cəmiyyəti narahat edən məsələlərdə yazılarını təqdim edərdi. “Məscid sökmə” olayları, orta məktəblərdəki hicab problemində cəmiyyəti düzgün informasiya ilə təmin etmə kimi vəzifələri öz üzərinə götürənlərdən idi.

Ailə həyatı qurmasına baxmayaraq, yenə də əzmkarlıq və mübarizliyi ilə gənclər arasında seçilənlərdən idi.

Nicat Əliyevin ailə qurmasından 1 ay keçməmiş həbs edilməsi dediklərimizin əyani sübutudur.

Həbs olmasından sonra bir dəfə onunla CÇM-də görüşmək imkanımız oldu. Yenə gülərüz, qardaşcanlı və cəmiyyətə canıyananlığından əl çəkmədiyinin şahidi oldum.

Bu gün isə, Nicatın dostları onun qız övladını xəstəxanadan təqdirəlayiq halda qarşılayaraq evlərinə aparıblar.

Nicat qardaşımız, sən həbsdə olduğuna görə, Fatimə balanı qarşılaya bilməsən də, sənin qardaşların, dostların onu çox gözəl surətdə qarşıladılar və evinə apardılar.

Biz də sənin bu xoş gününə sevinənlərdənik. Odur ki, Nicat, Fatimən mübarək olsun! Allah Öz Rəhmət və Bərəkətini daim üzərinizə nazil etsin!

 

Son olaraq bunu qeyd etmək istəyirəm ki, daima yeni-yeni gənclər namaza, oruca üz tutduqlarına görə, İslami camiəni Nicat Əliyev kimi gənclərin zindanlarda saxlanması ilə bağlı, həmçinin  zindanlardakı məhbus ruhanilərin varlığı ilə məlumatlandırmalıyıq. Düzdür, İslami camiənin ümumi kütləsi onların kimliyindən, mübarizəsindən və fədakarlığından məlumatlıdırlar. Lakin, tez-tez onlarla bağlı bilgi yayımlamaq və ya onların həbs olan günlərini yada salmaq, onlarla bağlı xəbərləri dərc etmək, sosial şəbəkələrdə paylaşmaq onların qarşısında az da olsa, haqlarını əda etmiş sayılar.

 

Ramin Bayramov / İslamazeri.az-ın baş redaktoru

 

P.S. Redaksiyamız adından Nicat Əliyevi, ailəsi və dostlarını təbrik edir, Allahdan tezliklə Nicat Əliyev və digər hicab məhbuslarının azadlığa çıxmalarını istəyirik.

P.P.S. Şəkildəki Nicat Əliyevin deyil, digər hicab məhbusu Valeh Abdullayevin qızıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.