haberL haberR

"Müəyyən müddətdən sonra Türkiyəyə böhran üz verə bilər"

Kateqoriya: Münasibət Yayımlama tarixi: 09.06.2015 16:42:46

"Amma bütün hallarda, bu, cəmiyyətin uduzması hesab olunmayacaq"

"Fikrimcə, AKP-nin HDP ilə koalisiya qurmaq ehtimalı daha böyükdür. Bütün partiyalarla koalisyia qurulması üçün artıq hakimiyyət tərəfindən danışıqlar aparılır. Amma, məncə, Demokratik Xalq Partiyası ilə koalisiya qurulması ehtimalı daha böyükdür. İndi görək, Türkiyədə hökumətin formalaşması prosesi necə gedəcək. Böyük ehtimal var ki, hökümət formalaşsa belə, uzun müddət davam gətirməyəcək. Ola bilsin ki, müəyyən müddətdən sonra Türkiyəyə böhran üz versin. Amma, bütün hallarda, bu, cəmiyyətin uduzması hesab olunmayacaq".

Bu fikri islamazeri.az-a açıqlamasında “Vətən” blokunun icraçı katibi Mayis Gülalıyev deyib. O bildirib ki, Türkiyə regionda demokratikliyi ilə seçilən bir seçki nümayiş etdirib: "Kifayət qədər demokratik bir seçki olub. Bəlkə də, regionda demokratikliyi ilə seçilən və nümunə ola biləcək şəkildə seçki keçirilib. Ümumiyyətlə, Türkiyənin demokratik ənənələri genişdir. Bu gün Türkiyədə hakim partiya olaraq Ədalət və İnkişaf Partiyasının (AKP) seçicilərin əksər hissəsinin səsini qazana bilməməsi demokratikliyin göstəricisidir. Bununla da, koalisiya höküməti yaradılması gündəmə gəldi. Həmçinin, parlamentdə kürdlərin də təmsil olunması demokratikliyi göstərir".

M.Gülalıyevin fikrincə, AKP-dən başqa heç bir partiyanın koalisiya qurması mümkün deyil. O, bunu AKP-nin hakim partiya olması ilə əlaqələndirir: “Digər 3 partiyanın bu gün koalisiya qurması mümkün deyil. Həmçinin, digər 3 partiyanın AKP-yə qarşı birləşərək koalisiya hökuməti qurmaları mümkün deyil. Təbii ki, bütün hallarda ehtimal var ki, digər partiyalar da koalisiya qurub hökuməti qura bilər. Amma, bu, biraz inandırıcı deyil. Çünki, hazırda aparıcı partiya AKP-dir”.

M.Gülalıyev AKP-nin terrorçulara dəstəkləməsi haqda yayılan məlumatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, olduqca böyük bir əraziyə malik olan dövlətin daxilində baş verən bütün hadisələri hakimiyyətin üstünə atmaq düzgün deyil: “Ola bilsin ki, Türkiyənin daxilində hansısa bir qurum terrorun inkişafına dəstək verə bilər. Amma, bunu hakimiyyətə aid etmək yanlış olar".

M.Gülaliyev qeyd edib ki, Türkiyədə keçirilən demokratik seçkilər Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin keçirilməsinə müsbət təsir göstərə bilər: “Bütün hallarda nümunələr vacibdir. Azərbaycan gənc ölkədir, Azərbaycanda parlament təcrübəsi, seçki təcrübəsi hələ  azdır. Ona görə də, Azərbaycan digər ölkələrdən demokratik seçki qaydalarını öyrənməlidir. Xüsusilə, Türkiyə kimi ölkədən öyrənmək yaxşı olardı, hansı ki, Türkiyə Azərbyacana həm qonşu, həm qardaş ölkədir. Yəni, Azərbaycanın Türkiyədən demokratikliyi öyrənmək imkanı daha çoxdur. Türkiyə bu dəqiqə Azərbaycana istnilən sahədə böyük nümunələr göstərmə imkanına malikdir. Azərbaycan cəmiyyəti də özünün dövlət idarəçiliyində, parlament idarəçiliyində, seçkilərində demorkatik prinsiplərə riayət olunmasını Türkiyədən öyrənməlidir. Mən düşünmürəm ki, Azərbaycan cəmiyyəti Türkiyə cəmiyyəti kimi seçkilərin demokratikləşməsini təmin edə biləcək. Bu iddiada deyiləm. Amma, dama-dama göl olar, deyiblər. Demorkatik qaydalara təkcə hakimiyyət deyil, elə cəmiyyət özü də riayət etməlidir”.

Qeyd edək ki, Türkiyədə iyunun 7-də TBMM-ə parlament seçkiləri keçirildi. Səs çoxluğu ilə qalib olan AKP deputat azlığından koalisiyasız və ya digər partiyaların dəstəyi olmadan hökumət qura bilməyəcək. Çünki, hökumət qurulması üçün bir partiya TBMM-in 550 deputatının 276 nəfərinə sahib olmalıdır.

Xatırladaq ki, 2011-ci ildə AKP 326 deputat mandatı qazansa da, bu dəfə 256 mandat ilə kifayətlənib. AKP bu seçkilərdə qələbə qazandığını bildirsə də, əslində ümumi mənada birpartiyalı hökümətin qurulmayacağına görə AKP qalib sayılmaz. Yüksək Seçki Qurumu bütün nəticələrin 11-12 gün sonra açıqlanacağını bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.