haberL haberR

''Onların hamısı mənim yaxınlarım idi'' (Video)

Kateqoriya: Reportaj Yayımlama tarixi: 07.12.2015 15:38:17

“Ordakıların hamısı mənim yaxınlarım idi. Alov artıq hər yanı bürüdüyü üçün çox şey etmək mümkün deyildi. Qara tüstüdən nəfəs almaq mümkünsüzdür."

“Ayın 4-ü saat 6 radələrində partlayış oldu. Səsə çıxdıq, gördük ki, hər yanı qara tüstü bürüyüb, yanır.  Dedilər ki, təxliyyə olmaq lazımdır. Cənub tərəfdəki qayıqlara yaxınlaşa bilmədiyimiz üçün şimal tərəfdəki qayıqlarla çıxmalı olduq. 14 nəfər tikinti - quraşdırma idarəsindəydik. Beş nəfər bizim qayıqda idi, qalan doqquz nəfər digər qayıqda. O biri yoldaşlardan hələ də xəbərsizəm”.  

Hadisə zamanı xəsarət alan neftçilərdən  Mərdan Rəcəbov belə deyir.  Yanğın baş verən özülün rəisi Allahverdi Məmmədov  təhlükəsizlik üçün əlimdən gələni etdiyini deyir:

“Ordakıların hamısı mənim yaxınlarım idi. Alov artıq hər yanı bürüdüyü üçün çox şey etmək mümkün deyildi. Qara tüstüdən nəfəs almaq mümkünsüzdür. Hamını toplaşma məntəqəsinə yığıb, orda qayıqlara yönləndirdik. İlk növbədə rəhbərliyə məlumat verdim. Külək və dalğa güclü olduğundan kömək üçün gələn gəmilər  bizə yaxınlaşa bilmirdilər. 18 saat qayıqda gözləmişik. Ən sonda xüsusi briqada gəldi və bizi xilas etdi".  

Hadisə zamanı orda olmayan digər neftçilər də iş yoldaşlarının vəziyyətindən danışıblar. Onların sözlərinə görə, Ənvər Əliyev və usta Faiq sınan qayığın qalıqlarından tutaraq üzə-üzə canlarını xilas ediblər, soyuqlamadan ağır xəstələniblər və hazırda müalicə alırlar.  

Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da xəsarət alanları ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.  O, xəstələrin vəziyyətinin stabil olduğunu deyib. “Axtarışlar barədə vaxtaşırı məlumat verəcəyik. Türkmənistan, İran sərhədçiləri ilə danışılıb,  razılığa gəlinib ki, əgər onlar tərəfdə cəsəd tapılarsa, dərhal bizə xəbər versinlər.  Xəzərdə bütün gəmilərə bu barədə tapşırıqlar verilib”. 

"Dənizdə itkin düşənlərin sağ tapılmasına ümidiniz varmı?" sualına vitse-prezident "Allahın möcüzəsi çoxdur"- deyə cavab verib.(Meydan.tv)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.