haberL haberR
Azərbaycanda jurnalistikanın necə məhv edilməsi təkcə siyasi şərhlərin, araşdırmaların yoxa çıxmasından bilinmir, eyni zamanda kriminal xəbərlərin yazılışında görünür.
Misal üçün, 2008-ci ildə o vaxtkı Dəvəçi, indiki Şabran rayonu ərazisində 2 azyaşlı bacı itkin düşmüşdü. Sonra onlardan birinin meyiti kanaldan tapıldı, biri isə yanılmıramsa ümumiyyətlə tapılmadı. Cinayəti törətməkdə suçlanan 3 nəfər “kişi” yaxalandı. Biri  ömürlük cəza aldı. O vaxt bu hadisə haqda mətbuatda nə qədər yazılar, araşdırma və reportajlar gedirdi. İndi isə bənzər hadisələrdən üç cümləlik xəbərlər yazılır, onda da baxırsan qeyri-peşəkarlıq gözə girir. 
 
Elə son günlər Bakı rayonlarından birində 2 məktəbli itmişdi, şükür olsun, salamat tapıldılar. Ancaq media məsələyə necə münasibət bildirdi? Təsəvvür edin, hətta bir ağıldankəm jurnalist belə xəbər yazmışdı: “İtkin düşən uşaqların hər ikisinin anası rus, ataları isə azərbaycanlıdır”. Sanki o rus qadınlar azərbaycanlı deyil. Üstəlik, burda milliyyəti qabartmağın mənası nədir? Bəlkə demək istəyir bunları anaları rus olduğu üçün oğurlayıblar? Yaxud, işarə edir ki, anası “azərbaycanlı” uşaqlar itkin düşmürlər, görürsən, rusdurlar deyə uşağı yiyəsiz buraxıblar, vay-vay... 
 
Mənim yadıma gəlir, hələ 15 il qabaq bizim media orqanları bənzər qüsurları müzakirə edərdilər, hətta rəhmətlik “Press klub”da bir diskussiyada görkəmli vəkil İsaxan Aşurov jurnalistlərə irad tutmuşdu ki, kriminaldan yazanda milliyyəti, etnosu qabartmağın mənası yoxdur, axmaq hərəkətdir. O vaxt hansısa qəzetdə “Ləzgi arvadını bıçaqladı” başlıqlı yazı getmişdi. Deməli, problem yerində qalır, araba palçığa daha çox batmışdır. İndi “Qadın sürücü maşını aşırdı”, “Xristian kişi uşağı boğdu”  tipli başlıqlara da rast gəlmək olur.  
Söz düşmüşkən, bir hadisəyə də münasibət bildirim. Keçən həftə Bakıda iki nəfər onlara borcu olan adamı tutub döymüşdülər, 10 min manatı alıb getmişdilər. Polis cinayət işi açdı. Hansı maddə ilə? Bax, mənim diqqətimi elə bu çəkmişdi: borcunu zorla alan şəxslərə qarşı Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə iş açıldı. “Özbaşınalıq” adlanır həmin maddə! İndi maraqlıdır, görəsən banklar qanunsuz olaraq dollarla kredit verəndə, indi isə zorla vətəndaşı evindən atıb əmlakı müsadirə edəndə, avtomobili əlindən alanda niyə özbaşınalıq maddəsi tətbiq olunmur? Özbaşınalığı dövlət orqanları edəndə yaxşıdır, vətəndaş edəndə pis? 
 
Başqa bir örnək. Təzəlikcə Bakıda bir cavan oğlan çəkiclə yol polisi maşınına hücum eləmişdi. Hadisənin videosu var. Dəyən zərər də təxminən görünürdü. Ancaq polisin açıqlamasında avtomobilə dəyən... 30 min manatlıq zərərdən danışıldı! Elə bil bizim yol polisi Dubay polisi kimi “Lamborcini” sürürmüş. Axı həmin “BMV” markalı avtomobillərin Bakı yol polisinə alınması vaxtından bərini (5-6 ildir) nəzərə alsaq hazırda eyni model maşın bazarda 15-20 min manatdır. Necə oldu ki, bunun bir neçə yerinin əzilməsi, sınması 30 minə çatdı? Hələ maşını əzən şəxsin üstündən dərhal “narkotik də tapılması” kimi bəsit adətin təkrarını demirəm. Nəyə gərəkdir ki, belə üsullar? Haçan bu ərazidə beş-üç məmur, dövlət qulluqçusu qanunlara hörmətlə yanaşacaq, vətəndaş da onlardan örnək götürəcək? 
 
Bilirəm ki, sözlərimin mənası yoxdur, boşboğazlıq edirəm. O üzdən, bir bekar söhbət də eləyim, yazı bitsin. 
 
Yevlaxın Yuxarı Qarxun kənd orta məktəbi haqda internetdə süjet vardı. Başlığı təxminən “Qeyri-adi məktəb” kimi bir zad idi. Ürəyim açıldı, dedim görən orda nə olub, bəlkə şagirdlər dünya bilik olimpiadasından bir vedrə medalla qayıdıblar. Açıb xəbərə, ordakı videoya baxıram: sən demə, məktəb palçıq olmasın deyə direktor təzə qayda qoyub ki, uşaqlar dərsə iki ayaqqabı ilə gəlsinlər. Girişdə soyunub dəyişirlər. Görün indi kəndin yolları necə bataqlıqdır. 
 
Məktəbə kitab-dəftərdən əlavə ayaqqabı daşıyan uşaqların gələcəkdə istedadlı pinəçi olması da mümkündür, gəlin müsbət baxaq. Neft mühəndisi peşəsi indi kimə lazımdır, ayaqqabı yamayana daha böyük ehtiyac var.
 
Zamin Hacı/Yeni Müsavat
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.