haberL haberR

Prezidentlərin görüşündə razılıq əldə olundu

Kateqoriya: Siyasət Yayımlama tarixi: 21.06.2016 10:45:24

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü olub. Azərbaycan tərəfi görüşün konstruktiv şəkildə keçdiyini və danışıqların nəticələrini müsbət qiymətləndirdiyini bəyan edib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub. Sputnik xəbər verir ki, görüş Peterburqun Konstantinov Sarayında keçirilib. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib.

"Görüş konstruktiv şəkildə keçdi. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq", — deyə Elmar Məmmədyarov bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəldiklərini bildirib: "Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub".Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Görüşün yekunları ilə bağlı birgə bəyanat da qəbul olunub. "Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər", — deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları da vurğulanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.