haberL haberR

Prokuror vurulan atletlərin videosunu yayan polisə 7 il həbs istəyib

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 05.07.2016 13:32:25

''Vanessa Şahinoviçin reabilitasiyası üçün ödənəcək məbləğin 1 mln 200 min civarda olacağı gözlənilir''

2015-ci ildə keçirilən Olimpiya Oyunları zamanı qəzaya düşən avstriyalı atletlərlə bağlı məhkəmə istintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı dövlət ittihamçısı qəzanı törədən avtobus sürücüsü Vəli Əhmədova 3 il, həmin kadrları yaymaqda təqsirləndirilən polis əməkdaşı Elçin Həsənova 7 il, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamova 7 il, Xidmətin Bakı Regional şöbəsində Sərnişin Daşımalarının Tənzimlənməsi sektorunun məsləhətçisi Fərid Əmiraslanova 5 il həbs cəzası istəyib.

Azadlıq radiosu yazır ki, qəza nəticəsində ağır xəsarət almış Vanessa Şahinoviçin reabilitasiyası üçün kompensasiyanın məbləği ilə əlaqədar Avstriya Olimpiya Komitəsi, bu ölkənin hüquq şirkətilə Azərbaycan arasında danışıqlar gedir. Məbləğin 1 milyon - 1 milyon 200 min civarında olacağı ehtimal edilir.

Hüseyn Salamov məhkəmədə ifadəsində bildirib ki, Avropa Oyunlarında sərnişindaşımada iştirak edən sürücülərin siyahısı keçmiş MTN-də və Xüsusi Dövlət Mühafizə Xidmətində yoxlamadan keçib. Birinci yoxlama nəticəsində MTN 286 sürücünün adını siyahıdan çıxarıb ki, onların arasında Vəli Əhmədov da olub. Təkrar yoxlamadan sonra MTN-in göndərdiyi yekun siyahıda isə adı çıxarılanlar arasında Vəli Əhmədov olmayıb.

Sürücü Vəli Əhmədovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs məcburi köçkündür, yataqxanada məskunlaşıb, günahını da etiraf edir və səmimi peşmandır. Vəkilin sözlərinə görə, onun ittiham olunduğu CM-nin 263-cü maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir və verilən cəza da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir:

“Amma Vəli Əhmədov bir il bir aydır ki, həbsxana rejimində saxlanılır. Xahiş edirəm, bu müddəti yetərli hesab edəsiniz və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan daha az cəzanı verərək çəkdiyi cəza ilə kifayətlənib azadlığa buraxasınız”, - o, deyib.

Görüntüləri yaymaqda təqsirləndirilən polisin vəkili isə ona bəraət verilməsini istəyib: "Elçin Həsənov bu hadisədən sonra işdən çıxarılıb və cəzalandırılıb. Onun görüntüləri yaymaqla dövlətin, Avropa Oyunlarının nüfuzuna xələl gətirmək istədiyi barədə ittihamda yazılanlar həqiqətəuyğun deyil".

Məhkəmə prosesi iyulun 11-də davam edəcək.

2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.