haberL haberR

Prokurorluq Sabunçuda törədilən dəhşətli qətllə bağlı məlumat yaydı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 17.12.2014 18:06:24

Sabunçu rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bakı şəhər Prokurorluğundan islamazeri.az-a  verilən məlumata görə, dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyiti aşkar edilib.

Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu Rayon Polis İdarəsinə könüllü gələrək Ə.Seyidovu öldürdüyünü etiraf edib və o, şübhəli şəxs qismində tutulub.

İstintaqla müəyyən edilib ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına sellofan torba keçirib boyun və ayaqlarını yapışdırıcı lentlə bağlayıb meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, “QAZel” markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.