haberL haberR

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatında Xocalı müzakirələri

Kateqoriya: Ölkə Yayımlama tarixi: 26.02.2016 11:36:08

Təşkilatin sədri Rövşən Əhmədli 26 fevralın həm də Soyqırıma Beynəlxalq Etiraz Günü kimi keçirilməsiylə bağlı təklif irəli sürdü

Ermənistanın öz işğalçı planları və əməlləri ilə Azərbaycanı məcburən cəlb etdiyi Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən 24 il keçir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni cəlladları Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə vətənimizin bu dilbər guşəsini – 7 mindən artıq soydaşımızın yaşadığı şəhəri, qədim sivilizasiyalar məskənini yerlə-yeksan edərək, əhaliyə ağır divan tutdular. Nəticədə, bu rəhimsiz mühasirəni yararaq Ağdama çatmaq ümidi ilə yola çıxan 2500 sakindən 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 1613 nəfər qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi: 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirdi. 1275 xocalılı əsir alındı, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına o zamankı kursla 5 milyon rubl ziyan vuruldu. Lakin bütün bu rəqəmlər faciənin miqyasını tam əks etdirmir. Yağı düşmən şaxtanın qılınc təki kəsdiyi soyuq qış ayında ayaqyalın, başaçıq qaçaraq çölə, meşəyə, dağa səpələnmiş günahsız mülki insanlarla vəhşicəsinə davrandı – xalqımıza qarşı dəhşətli soyqırımı törətdi. Amma acı təəssüf  ki, üstündən əsrin dörddə biri qədər vaxt keçməsinə baxmayaraq, sözügedən hadisə hələ də əsl hüquqi qiymətini almayıb, onu beynəlxalq miqyasda genosid kimi tanıtmaq mümkün olmayıb.

 

İslaminsesi xəbər verir ki, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə qurumun ofisində keçirilən dəyirmi masada da elə bu suallara cavab axtarıldı.

İlk öncə söz alan təşkilatın rəhbəri Rövşən Əhmədli faciə ilə əlaqədar tədbir iştirakçılarına, bütün Azərbaycan xalqına başsağlığı verdi. Bildirdi ki, belə qlobal ağrıları, itkiləri yalnız ildönümlərində xatırlamaq, problemin həllinə girişmək çox azdır və lazımi effekti verməyəcək:

“Necə ki, Fələstin müqaviməti, Qüdsün müdafiəsi, Kərbəla vaqeəsi daim canlıdır, bizlər üçün də hər gün 26 fevral, hər yer Xocalı olmalıdır. Xocalını, neçə-neçə oxşar soyqırımlarımızı dünyada tanıtmaq, qəbul etdirməkdən ötrü çiddi layihələrin reallaşdırılmasına ehtiyac var”. Rövşən Əhmədli 26 fevralın Soyqırıma Beynəlxalq Etiraz Günü səviyyəsində qeyd olunması ilə bağlı Milli Məclisə, digər ölkələrin parlamentlərinə müraciəti məqbul saydı.

 

Qarabağ Alyansının üzvü, hərbi psixoloq Azad İsazadə çıxışında bu ideyanı dəstəklədi və hər il düzənlənən yeknəsək kampaniyaların heç bir fayda vermədiyindən mübarizə taktikasını dəyişməyi məsləhət gördü.

 

Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov Xocalı vəhşətlərinin Azərbaycan və xalqımız üçün utanc yeri olduğunu, həmin səbəbdən də bu mövzuda hazırlanmış verilişlərə baxanda xəcalət çəkdiyini dilə gətirdi. O, belə hadisələrdə bir məğlubiyyət acısı yaşandığını, həmin kor dalandan xilas yolları tapılmasının zəruriliyini, 20 Yanvarın isə hüzndən çox, qələbə, zəfər gününə bərabərliyini vurğuladı. 

 

“İnsan istər şəxsi həyatında, istərsə də cəmiyyətlə bağlı cüzi, yaxud da köklü müşkülatlarının səbəbini ilk növbədə özündə axtarmalıdır. Konkret hədəfə yetişə bilməməyin illəti çox zaman iman zəifliyi ilə bağlı olur”, deyən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev, fərdi günahların, naqisliklərin üst-üstə qalaqlanıb bütöv cəmiyyəti sarsıtdığını nəzərə çatdırdı. Ayətullah Məkarim Şirazidən, Möhsün Qəraətidən və digər ünlü din alimlərindən misal gətirən ilahiyyatçı, vətəni sevməyin imandan sayılması kontekstində Həzrət Peyğəmbərdən, İmamlardan hədislərlə İslamın bu istiqamətdə mövqeyini açıqladı.    

 

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, erməni təcavüzündən əlavə, ölkədə bir mənəvi terrorun, deqredasiyanın həyata keçirildiyini söylədi və bunun da gələcəkdə böyük problemlərə şərait yaradaçağı barədə xəbərdarlıq etdi. Jalə xanım ümumiyyətlə işğal, matəm günlərində televiziyalardakı çal-çağıra da etirazını bildirdi.

 

Vətən Müharibəsi Veteranları İB-nın rəhbəri Firudin Məmmədov isə tarixən türklərin Allahdan başqa kimsəyə qul olmadığını xatırladaraq, bütün təzyiqlərə, sıxıntılara rəğmən, xalqımızın da ayaqda qalmağı bacaracağına əminliyini ifadə etdi.

AİP funksioneri Elmar Səmədov isə dünya dövlətlərindən Xocalı genosidinin qəbulunu istədiyimiz halda, öz parlamentimizdə bu məsələyə qiymət verilməməsindən narahatlığını çatdırdı. Və elə buna görə də İsraildə neçə il öncə Xocalı soyqırımı gününə konsert, şou proqramı salındığını və həmin əyləncələrdə Azərbaycan müğənnilərinin də iştirakını pislədi.

Dəyirmi masa Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı tərəfindən irəli sürülmüş Soyqırıma Beynəlxalq Etiraz Gününün təsisi ilə əlaqədar işlərin görülməsi və Xocalı genosidinin 25-ci ildönümünə daha ciddi təbliğat tədbirlərinin müəyyənləşdirilməsi, ümumilikdə isə işğaldakı torpaqlarımızın tezliklə azadlığa qovuşması ümidləri və arzuları ilə yekunlaşıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.