haberL haberR

Qış-yay vaxtına keçidin ləğvi tərəfdarları artır

Kateqoriya: Sosial Yayımlama tarixi: 14.03.2016 10:30:45

Psixoloq, həkim və iqtisadçı bunun vaxtı çatdığı qənaətindədirlər...

Martın 27-də qış vaxtı bitir və yay vaxtına keçid başlayır. Belə ki, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq, Azərbaycan ərazisində yay vaxtına keçid bu ayın son bazar günü, yəni martın 27-də olacaq və saatın əqrəbləri bir saat irəli çəkiləcək.

Qeyd edək ki, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətlər artıq yay və qış vaxtına keçiddən imtina ediblər.

Azərbaycanda da uzun zamandır bu haqda müzakirələr gedib ancaq hansısa bir qərar verilməyib. Son olaraq da martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib. AMEA prezidenti, akademik Akif Əlizadə ölkə prezidenti İlham Əliyevin ölkədə yay-qış vaxtına keçilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini qeyd edərək, AMEA alimlərini bu məsələ haqqında elmi əsaslarla çıxış etməyə dəvət edib. Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə il öncə respublikada yay-qış vaxtına keçirilməsinə son qoyulması ilə bağlı qərar qəbul olunduğunu bildirib.

Bu məsələ ilə bağlı dünya ölkələri təcrübəsindən danışan alim 78 ölkədə vaxt keçidinin baş verdiyini, 161 ölkədə isə heç bir dəyişikliyin olmadığını diqqətə çatdırıb. Azərbaycan ərazisinin ölçü vahidinin “km”lə olmasının da bu məsələyə təsir etdiyini vurğulayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə hazırkı vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu, bunun iqtisadi, o cümlədən mənəvi-psixoloji baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib. Sonda AMEA prezidenti A.Əlizadə də cari vaxt hesabını saxlamağın məqsədə uyğun olduğunu vurğulayaraq, qəbul edilən qərarların elmi cəhətdən əsaslandırılması və bu barədə məlumatın AR Prezidentinin Adminstrasiyasına göndərilməsi barədə tapşırıq verib.

Maraqlıdır, doğrudanmı saatların əqrəblərinin bir saat irəli geri çəkilməsi mənəvi-psixoloji və iqtisadi baxımdan əhəmiyyətlidir? Psixoloq Azad İsazadə saat dəyişimi nəticəsində insanların bir həftə psixoloji diskamfort yaşadığını bildirdi: “Saatların irəli geri çəkilməsi bütün insanlara yox, bəzi insanlara sırf psixoloji, fizioloji və bioloji təsir edir. Bəzi insanlar 1 həftə, 10 gün psixoloji diskamfort hiss edə bilərlər. Daha çox sayda insanlar bioloji və fizioloji diskamfort hiss edir, öyrəşə bilmirlər. Amma ümumiyyətlə, kütlənin əsas hissəsi normal keçirdir. Saatların irəli-geri çəkilməsində böyük problem yoxdur, amma buna böyük ehtiyac da yoxdur. Cənub ölkələrində bu yoxdur. Saat dəyişimi daha çox şimal ölkələrindədir. Bu vəziyyət yalnız şimal ölkələrinə hansısa təsir göstərə bilər. O ölkələrdə açıq, işıqlı hava az olduğundan, saat dəyişimi nəticəsində daha çox günəş görürlər, ona görə dəyişdirirlər”.

İnsanlar necə etsinlər ki, saat dəyişimi onlara təsir etməsin məsələsinə gəlincə isə psixoloq bundan ötrü nəsə etməyə ehtiyac olmadığını dedi: “Elə insan var ki, bunu gec hiss edir. Elə insanlar da var ki, onun daxili saatı çox həssas olduğuna görə hər dəqiqəni duyur. Bu cür insanlar bir müddət özünü bir az narahat hiss edir. Yeni saata öyrəşmək üçün heç nə etmək lazım deyil. Hansısa ölkəyə gedərkən bəzən bizim ölkə ilə 2-3 saat fərq olduğunu görürük. Bir iki günə öyrəşirik. Bu da elə bir şeydir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə burada tək problemin adaptasiya problemi olduğunu söylədi: “İnsanların birdən-birə rejimlərinin bioritmlərinin, bioloji saatlarının dəyişməsi baş verir. Yəni həmişə saat 8-də yuxudan durmağı öyrəşmiş adam yaxud 10-da yatmağa öyrəşmiş adam rejimini bir saat önə və yaxud da geri çəkmək məcburiyyətində qalır. Bu da xəstə, yaşlı və immun sistemində problem olan adamlarda müəyyən narahatçılıq və diskamfort törədə bilir. Amma insanın potensial imkanları geniş olduğundan, buna da öyrəşir. Hesab edirəm ki, qış və yaz vaxtına keçməyin Azərbaycan kimi ölkə üçün heç bir önəmi yoxdur. Biz bunu o vaxt Rusiyadan götürmüşük. Rusiyanın özü bundan imtina edib. Amma biz bundan asılı olub girovuna çevrilmişik. Hesab edirəm ki, burada konkret qərar lazımdır. Bunu Akademiyada müzakirəyə yaxud da laboratoriyada buna eksprement qoyulmasına heç bir ehtiyac yoxdur. Konkret qərar verib bunu ləğv etmək lazımdır”.

Yay vaxtına keçidin iqtisadiyyata təsirlərinə gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli bunun iqtisadiyyata mənfi və ya müsbət bir təsirinin olmadığını dedi: “Təəssüflər olsun ki, Azərbaycanda belə bir araşdırmalar aparılmayıb. Amma keçidi təmin edən bir çox ölkələrdə belə bir araşdırmalar olub və onun iqtisadiyyata təsirinin müsbət olduğu təsbit olunub. Bununla bağlı bir çox ölkələrin örnəyi var. Məsələn, Türkiyədə yay- qış vaxtına keçid enerjiyə təqribən bir milyard dollara yaxın qənaət edilməsi ilə göstərilir. Paralel olaraq digər ölkələrdə aparılan araşdırmalar keçidin insanların sağlamlığına güclü təsir etdiyini və iqtisadi cəhətdən enerjiyə qənaət hesabına əldə olunan gəlirin insanların sağlamlığına və psixologiyasına təsir etdiyinə görə itkilərlə kompensasiya olduğunu söyləyən mütəxəssislər var. Yəni insan özünü diskamfort hiss edir. Altı aydan bir zamanın dəyişdirilməsi insanın daxili bioloji saatına uyğunlaşmaqda problemlər yaradır. Bu da onların iş qabiliyyətinə, sağlamlığına təsir göstərir ki, bununla da iqtisadiyyat itkilərə məruz qalır.

Bu iki tezis dünyada çox geniş yayılmış tezisdir. Azərbaycan da isə dediyim kimi, belə bir araşdırmalar aparılmayıb. Keçidin Azərbaycan iqtisadiyyatına elə də böyük bir təsiri və yaxud da xeyri olacağını düşünmürəm. Elmlər Akademiyasının belə bir məsələni gündəmə gətirməsi normal haldır. Amma bu günə qədər nə Elmlər Akademiyası nə də digər elmi çevrələr bir araşdırma ortaya qoymayıblar ki, Azərbaycanla bağlı bu məsələ nə yerdədir, sağlamlıq, psixoloji, iqtisadi təsirləri nə olur. Amma bunun iqtisadiyyata ciddi təsiri olsun. Əsas hədəf insanların sağlamlığına və psixoloji təsirinə götürülməlidir. Əgər burada mənfiyə doğru çox ciddi problemlər varsa, təbii ki, bu keçidin ləğv olunması daha məqsədə uyğundur”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.