haberL haberR

"Qüds günü bir Qarabağ çağırışıdır" (Məqalə)

Kateqoriya: Məqalə Yayımlama tarixi: 17.07.2015 16:57:38

Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki:Şübhəsiz,siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.(İsra surəsi,ayə 4)

BİSMİLLAHİR RƏHMANİR RƏHİM.

Allahın salamı olsun Əziz Peyğəmbərimizə və Onun pak Əhli-Beytinə.

1948-ci ildə Orta Şərqdə Fələstinin işğal edilməsi nəticəsində,təcavüzkar bir rejim yaradıldı.Bu rejimin adı İsraildir. O İsrail ki,yaradılması yüz minlərlə günahsız fələstinlinin qanı bahasına başa gəldi.O İsrail ki,yaranması milyonlarla fələstinlinin öz doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb oldu. Heç şübhəsiz ki,bu rejimin yaradılmasında bu gün dünyaya qondarma insan haqlarından danışan Qərbin bir-başa rolu olmuşdur. ABŞ,İngiltərə və digər Qərb ölkələri Orta Şərqdə öz mənafelərini həyata keçirtmək üçün bu işğalçı rejimin yaradılmasına maraqlı idi və əllərindən gələn hər şeyi etdilər. Beləliklə,Fələstin torpaqlarının bir hissəsi işğal edildi və bu gün dünyada sülhün olmasına bir-başa maneə olan İsrail yaradıldı.

  Bizim bir Azərbaycan övladı və müsəlman olaraq Qüds dərdimizlə yanaşı bir dərdimiz də var. Bu Qarabağ dərdidir. Bəli! Həqiqətən, Qarabağ və Qüds eyni dərdi yaşayır. Hər iki torpaq müsəlmanlara aid olmağına baxmayaraq,təcavüzkarlar tərəfindən işğal olunmuşdur. Hər iki təcavüzkar rejim müsəlman torpaqlarında qondarma rejim yaratmış,günahsız insanların qanını axıtmış,onlara divan tutmuş,müsəlman mədəniyyətini viran qoymuşdur. Elə bu səbəbdəndir ki,işğalçı İsrail rejiminin beynəlxalq arenada təcavüzkar Ermənistan rejimini dəstəklədiyinin şahidi oluruq. Səbəb nədir? Səbəb çox aydındır. Hər iki torpaqlar müsəlmanlara aiddir və hər iki təcavüz müsəlman cəmiyyətini zəiflətməyə yönəlib. Ona görə də,hər iki rejim törətdiyi bu cinayətlərə görə beynəlxalq arenada Qərb tərəfindən heç bir təzyiqə məruz qalmır və hətta çox zaman dəstəklənir. Məqsəd birdir!İslamı aradan aparmaq. Müsəlmanları zəif və zəlil vəziyyətdə özlərinə tabe etmək. Heç şübhəsiz ki,bu gün Azərbaycan xalqı Fələstin xalqı ilə eyni dərdi yaşamaqdadır. Hər iki tərəfdə öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar,zülmə məruz qalmış bir camaat,mədəniyyəti-məscidləri,tarixi abidələri viran edilmiş məmləkət...

 İslam alimləri,xüsusən şiə alimləri Qüds haqqında öz mövqelərini birmənalı olaraq bildirmişlər. Qüds haqqında İran İslam İnqlabının banisi İmam Xomeyni (r.ə) belə buyurmuşdur: Yer üzərində 1 mlrd-dan çox müsəlmanın olduğu bir zamanda Qüds niyə görə İsrailin işğalı altında olmalıdır?!Mən bütün müsəlmanları Fələstin məsələsində birliyə səsləyirəm!Sünnisi və şiəsi İsrailə və onun himayədarlarına qarşı birləşməlidir! Elə bu səbəbdəndir ki,İmam Xomeyni (r.ə) mübarək Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü olaraq elan etdi. Həqiqətən bu addım dahi şəxsiyyətin Fələstin məsələsində tutduğu haqq mövqeyindən xəbər verir. Bəzilərinin şiə-sünni ayrılığı yaratmağa çalışdığı bir zamanda İmam (r.ə) çox düşünülmüş bir addım atdı və bütün müsəlmanları ilk qiblə olan Məscidul-Əqsa barəsində birləşməyə çağırdı. Şəhid Mütəhərri (r.ə) Fələstin məsləsində belə buyurmuşdur: Bu gün İmam Əli (ə) şiəsinin şüarı Fələstin olmalıdır. Vallahi biz cahilləşirik. İmam Əli (ə)-ın şiəsi üçün Fələstinə biganə qalmaq ardır! Düşmən Fələstin xalqı haqqında yalandan nasibidirlər böhtanı yaymaqla şiə və sünni arasında düşmənçilik yaratmağa və müsəlmanları Qüdsdən qəflətdə saxlamağa çalışırlar. Livanlı şiə alimi Seyyid Fəzlullah (r.ə) sünni və şiə birliyinə böyük önəm vermiş və ömrünün son anlarında belə demişdir: Sionist rejimin məhv olmasını istəyirəm! İmam Musa Sədr Fələstin haqqında belə demişdir: Qüdsün şəninə yaraşmır ki,möminlərdən başqasının ixtiyarında olsun! Şəhid Seyyid Abbas Musəvi (r.ə) Qüds haqqında öz mövqeyini bəyan edərək belə demişdir: Bu gün hər bir müsəlman Fələstinin azadlığı üçün birləşməlidir. Sionist İsrailin işğalı tək Fələstinlə məhdudlaşmır. Onlar Fəratdan Nilə qədər yəhudi dövləti qurmaq istəyindədir. Bunların qarşısında sakit dayanmaq olmaz! Seyyid Əli Xamenei (Allah ömrünə bərəkət versin) Qüds məsələsində öz mövqeyini əməli formada hər zaman göstərmişdir. Fələstinin Həmas təşkilatı ilə İsrail arasında olan döyüşdə Seyyid Xameneinin Həmasa, Fələstin xalqına etdiyi yardımlar hər bir vicdanlı müsəlmana məlumdur. Livanın Hizbullah hərakatının lideri Seyyid Nəsrullah Fələstin xalqını heç bir zaman tək qoymayacaqlarını bildirmişdir. Hal-hazırda zindan həyatı yaşayan Şeyx Baqir Nimr sionizmə qarşı öz qətiyyətli mövqeyini bildirmişdir. Azərbaycanımızda da, İslam alimləri, istər hal-hazırda zindan həyatı yaşayan əziz alimlərimiz, istərsə də, digər dəyərli alimlərimiz Qüds məsələsində İsrailə qarşı olan öz qətiyyətli mövqelərini bildirmişlər. Bunun bariz nümunəsi hər il Ramazan ayının son cümə günü Azərbaycan dini cameəsində də, Beynəlxalq Qüds Günü olaraq qeyd olunur.

Bəs Fələstin probleminin həll yolları nədir? Heç şübhəsiz ki,bu sual hər bir müsəlmanı düşündürməlidir. Fikrimcə ilk öncə biz bir müsəlman olaraq Qurana doğru qayıtmalıyıq. Qurana qayıtmaq, yəni öz kimliyimizə dönməliyik. Biz Məhəmməd (s) ümməti olaraq öz izzətimizi geri almalıyıq. Bunun üçün isə ilk öncə İslamla yaxından tanış olmalıyıq. Həqiqi İslamla. Kafirlərə qarşı sərt,öz aramızda isə mehribanlığı istəyən İslamla. Əgər İslamla yaxından tanış olsaq və əməli formada onu yaşasaq,heç şübhəsiz biz Fələstini,Qarabağı azad edəcəyik.Bundan başqa sünni-şiə demədən öz aramızda qardaşlıq bağlarını möhkəmləndirməli,təkfirçi ideologiyalarının aramızda düşmənçilik toxumları səpməsinə izn verməməliyik.Hər bir müsəlman dövləti Qüds qarşısında öz məsuliyyətini dərk etməlidir.Axı Qüds nə tək sünninin, nə də şiənin ilk qibləsi olmayıb. Qüds bütün müsəlmanların ilk qibləsi olub. Ona görə də, qələmlərimizi, silahlarımızı vahid düşmənimiz olan sionizmə qarşı yönəltməliyik.

İmam Xomeyni (r.ə)-in mübarək Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds günü olaraq təyin etməsi həqiqətən müsəlmanlara edilən çox mühüm bir mesaj idi. Bir ay boyunca öz nəfsi ilə mübarizə aparan müsəlman bununla yalnız öz fərdi məsuliyyətini yerinə yetirmiş olur. Cihadi Əkbəri yerinə yetirmiş müsəlman həm də, ictimai bir varlıq olduğunu dərk edir. O,bilir ki, Quranın istədiyi müsəlman heç vaxt öz dindaşlarının zülmə məruz qalmasına sakit dura bilməz. Əslində Qüds günü sionizmin bütün çirkin cinayətlərini ifşa edir və onların istəyinin əksinə olaraq, müsəlman cəmiyyətinin Qüds barəsində qəflətdə olmadığını göstərir. Qüds gününü tək Fələstinlə məhdudlaşdırmaq yalnış olardı. Qüds günü əslində bütün dünya məzlumlarına edilən bir oyanış çağırışıdır. Qüds günü bir Qarabağ çağırışıdır. Qüds günü öz kimliyimizə, müsəlmançılıq şəxsiyyətimizə olan bir qayıdış çağırışıdır! Bu çağırış imperializmə, sionizmə edilən "Biz sizin çirkin məqsədlərinizdən qəflətdə deyilik!" mesajıdır.

Bu gün düşmən hər bir vəchlə bu beynəlxalq çağırışı unutdurmaq, boğmaq istəyir. Düşmən bir çox müsəlman və digər ölkələrdə istər informasiya vasitələri ilə etdiyi çirkin təbliğatlarla, istərsə də, müsəlmanlar arasında yaratdığı fitnələrlə Fələstin məsələsini unutdurmaq istəyir. Bəzi müsəlman ölkələrində öz əlaltıları vasitəsilə həyata keçirtdiyi əxlaqsızlığın təbliğatı ilə müsəlman cəmiyyətinin ruhi qüdrətini aradan aparmaq sorağındadır. Çox təəssüf ki,buna müəyyən mənada nail ola bilib. Qadınlar arasında açıq-saçıqlığı yaymaq, şou proqramlar təşkil etmək, insanların maddi durumunu minimuma endirməklə onların diqqətini özlərindən (ruh, şəxsiyyət) uzaqlaşdırır. İnsanın əgər diqqəti özündə olmazsa, öz şəxsiyyətini unudarsa, həmin insan Allahı da, unudar və Allahı unudan insan da, heç vaxt digərləri ilə həmdərd ola bilməz. Sionizm müsəlmanlar arasında təkfirçilik ideologiyasını yaymaqla daxili muharibələrə rəvac verir və bununlada öz təhlükəsizliyini təmin etmiş olur. Onlar özlərinə istər sünni, istərsə də, şiə deyən bəzi manqurtlardan ibarət ideoloji və yaxud silah-sursatla təchiz edilmiş toplumlar yaradır, müsəlmanlar arasına düşmənçilik toxumları səpir və bununla Fələstin məsələsini unutdurmağa çalışırlar.

Təkfirçi vəhhabi zehniyyətli qruplar günahsız müsəlmanları sünnisi ilə, şiəsi ilə qanına qəltan edir. Suriyada, İraqda, Yəməndə, Əfqanıstanda, Pakistanda və digər yerlərdə günahsız körpələri, qadınları,qocaları amansızcasına öldürür. Lakin,  Fələstin məsələsinə isə tam soyuqqanlıqla yanaşır və Qüdsü azad etmək üçün heç bir addım atmaq istəmir. Əlbəttə, bu o qədər də təəccüblü deyil. Çünki,bu qruplar elə Fələstinin işğalçıları tərəfindən yaradılıb. Bu qrupları dəstəkləyən özünü müsəlman kimi göstərən bəzi munafiqlərin sionizmin köləsi olduğu açıq-aşkardır. Bu düşüncədən məhrum bir dəstə cahil yığınına fətva verənlərin özlərinin əvvəlcə sionizmdən fətva aldıqları da, gün kimi aydındır. Bu zalımlar özlərinə sünni deyir, sünnəni qoruduqlarını iddia edirlər. Bəs Fələstində zülmə məruz qalanlar sünnilər deyilmi?!Əlbəttə, bunlar nə sünnidirlər, nə də şiə. Bu fətvalara uyan yüz minlərlə cahilin isə ən böyük bədbəxtlikləri düşünməməkdir. Kor-koranə təqlidin dinimizdə qətiyyətlə pislənildiyi bax bunun üçündür. Quran düşüncəyə çağırır. Zümər surəsində ən gözəl nəsihətə uymağa, itaət etməyə dəvət edir. Düşünməyənləri dördayaqlı heyvan və hətta ondan da, aşağı həddə olduqlarını bildirir.

Allah Təalanın lütfü sayəsində Fələstin məsələsi bu gün İslam alimlərinin,müsəlmanların diqqət mərkəzindədir. İmam Xomeyninin (r.ə) başlatdığı İslami oyanış hərakatı artıq bütün dünya müsəlmanlarını İslam bayrağı altında birləşdirməkdədir. Mərcəiyyətimizin zəhmətləri sayəsində İraqda, Suriyada, Fələstində vəhdətimiz düşmənimizin belini qırır. Fələstində son muharibə, Livanda Hizbullah və İsrail muharibəsi, İraqda imperializmin uşaqları olan İŞİD və İraq xalqının mubarizəsi, Suriyada gedən mubarizə, Yəmən xalqının əzmkarlığı artıq sionizmin sonunun yaxın olduğunu göstərməkdədir İnşAllah! Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.(Səff surəsi,ayə 8)

 İLAHİ! İmam Zaman (ə.f)-ın zühurunu təcil et!

Anar Fəttayev

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.