haberL haberR

Rəhmətə aparan "Eşq səfəri"mdən xatirələr, qeydlər və həsrət

Kateqoriya: Məqalə Yayımlama tarixi: 30.11.2015 11:57:51

Bundan bir neçə il öncə də, İraqda məsumların ziyarətində olmuşdum

 Lakin, bu səfər adı ilə fərqlənir. Səfəri “Eşq səfəri” adlandırırlar. Bilmirəm səfərə bu adı kim verib, amma tam mənası ilə səfərin halını xarakterizə etməyi bacarıb. Mənim indi başqa adla adlandırmağım tam mənasını izah etməyəcək. “Fədakarlıq səfəri”- desəm yenə də eşqə bağlanır. Səxavət, insanlıq, dəyərlərə qayıdış, özünüdərk və bu kimi ali düşüncələrin hamısı “Eşq”də tamamlanır və bütünləşir.  

 

EŞQ SƏFƏRİ...

Ötən ilin noyabrın 29-u Bakını tərk edib, İraqa doğru hərəkətə başladıq. Səfər barədə elə də çox məlumatım yox idi, səfərə çıxmağı öncədən də planlaşdırmamışdım. Amma, bir gün ərzində hiss etdim ki, mən Ərbəin günü Kərbəlada olmalıyam və çox şükür ki, bütün düyünlər bir neçə saat ərzində açıldı və mən yola düşdüm. Səfərin tam mahiyyətini, nələrlə rastlaşacağımı bilməsəm də, ilk addımlardan anlayırdım ki, bu səfər başqadı. Çünki, ilk addımından imtahanla başlamışdı. Bu fərqliliyi ilk addımdan hiss etmək olurdu. Bəli, mən düz anlamışdım. Bu səfər hər addımında yeni imtahan, hər addımında savab qazanmaq imkanı, hər addımında Kərbəla vaqiəsini, əsirlər karvanını daha yaxşı anlamaq fürsəti, hər addımında özünüdərk imkanı ilə açıq-aşkar sezilirdi. Öncəliklə İranın Qum şəhərinə, xanım Məsumənin (ə) hərəminə ziyarətə getdik. Daha sonra İran-İraq sərhəddinə, Şələmçəyə üz tutduq. Hətta, İraqa daxil olmamışdan artıq imtahanlar daha qabarıq şəkildə gözə çarpırdı, təmizlənmək üçün proseslər artıq başlanmışdı. Bilmirəm kim daha çox müvəffəq oldu, amma hamı çalışırdı. Əksəriyyət normalda heç vaxt etməyəcəyi işləri görməyə can atırdı. Şələmçədən Kərbəlaya, Nəcəf şəhərindən keçməklə 557 km-dir. İraqın Bəsrə şəhərindən Səmava məntəqəsinə qədər avtobusla səfər etdik. Yəni 327 km yol qət etdik. Səfərin qalan 233 km isə piyada getməyi planlaşdırmışdıq. Səmava şəhərindən yola çıxdıq. Rumeysə, Həmzə, Divaniyə və Şamiyə şəhərlərindən keçərək Kufəyə və daha sonra Nəcəfə getdik. Səfər zamanı gördüyüm bütün ecazkarlıqları, saf insan münasibətlərini, fədəkarlığı, qayğıkeşliyi qeydə almağa çalışırdım. 2500-ə yaxın şəkil və videolarla Bakıya qayıtdıqdan sonra reportajımı siz əzizlərə təqdim edəcəkdim. Təəssüf ki, yaddaş kartında yaranmış nasazlıq hədəfimə çatmağa mane oldu. Bəlkə də, bunda da bir hikmət var idi. Bilmirəm..  

 

İraqlıların zəvvarlara xidməti...

İraqa keçdiyimiz andan sərhəd işçilərindən tutmuş, polis, hərbçi və sadə vətəndaşlarına qədər zəvvarlara qarşı həddən artıq mülayim idilər. İraqa keçdiyimiz gün Səmava şəhərində gecələdik. Bizə öz evində sığınacaq verən şeyx və 3 oğlu gecə yarısına qədər zəvvarların xidmətində durdu. Bu iraqlı şeyx öz evinin qarşısında daha bir böyük “Hüseyniyyə” inşa etdirirdi. Bizə bildirdi ki, inşAllah gələn il gələndə yeni tikilən bu “Hüseyniyyə”də mehmanımız olarsınız. Səhər açıldı və biz piyada olaraq ilk addımlarımızı atmağa başladıq. Sanki mən reallığa alışa bilməmişdim. Elə bilirdim ki, yuxu görürəm. Necə ki, Bakıya qayıtdıqdan sonra uzun müddət buradakı həyata adaptasiya ola bilmədim. Addım ata-ata insan hara getdiyini düşünür, İmam Hüseyn (ə) zəvvarına, hətta dünyada necə izzət verildiyini görür. İraqlıların zəvvarlara münasibəti adətən qulluğçunun şahın qonaqlarına olan münasibətini xatırladır. Onlar da etdikləri bu əməllərlə İmam Hüseynə (ə) sadiq qulluqçu olmaq istədiklərini, bütün bunları fəqət İmam Hüseynin (ə) eşqinə etdiklərini deyirdilər. Yol boyu balaca uşaqlardan tutmuş yaşlı insanlara qədər hamı çox mehribandı. Səfər boyu məndə bu hiss yaranırdı ki, sanki İmam Mehdi (ə.f.) zühur edib və bu insanlar onun görüşünə gedir. Heç kim başqasının haqqına girmir, hamı digərinin yükünü daşımağa can atır, ona verilən ehsanı ehsan götürə bilməyənlərə verir, ehtiyacı olsa belə istəyindən keçir. Əlbətdə ki, istisna hallar da var ki, səfərin şirinliyinə acılıq qatmağa çalışırdılar. Fikrimcə bunun özü də imtahanın bir parçası idi. İndi bunları yaza-yaza o xatirələr gözümün önündə canlanır, oralar üçün çox darıxıram. Oralar üçün darıxan tək mən deyiləm. Yol yoldaşı olduğum digər zəvvarlar məndən də çox darıxırlar. Sanki cənnəti görən adam yenidən dünyaya qayıdıb.

Bəzən yorulurduq. Yeriməyə halımız qalmırdı. Yolda addımlayan uşaqlara, yaşlı qadınlara, qoca kişilərə baxıb stimul alırdıq. Onların əzmli addımlarına yaxşı mənada həsəd aparırdım.  

Rumeysədə bir iraqlının evində gecələməli olduq. Bizi görən kimi sevinməyə başladı, dərhal bizi evinə aparıb, yemək və çayla təmin etdi. Yemək yedikdən sonra ev yiyəsi danışmağa başladı: “Bu evdə hər gün qonaq olur. İŞİD Mosul və digər məntəqələrə hücum edəndən sonra qardaş, bacılarımız evlərindən didərgin düşdülər. Biz də qapımızı onların üzünə açdıq. Onlardan başqa da hər gün bu evdə qonağımız olurdu. Lakin bu gün artıq hava qaralmışdı və məyus olmağa başlamışdıq ki, bu gün savab qazana bilmədik. Yoldaşım hətta ağlamışdı. Daha sonra evdəki susqunluğa tab gətirə bilməyib küçəyə çıxdım. Bir az gəzdikdən sonra sizləri gördüm. Siz mənə Allahdan göndərilmiş qonaqsınız. Biz çox sevindik, hətta uşaqlar da əvvəlki əhval-ruhiyyələrinə qayıdıblar. Əgər sizə xidmətdə hər-hansı nöqsan etmiş olsaq, çox xahiş edirik ki, bizi bağışlayasınız”.

Ev sahibin qardaşı oğlu təxminən 2 həftə öncə İŞİD-ə qarşı gedən döyüşlərdə şəhid edilmişdi. Hadisənin video kardlarını da əldə etmişdim ki, reportajda sizlərə təqdim edim. Təəssüf...

Gecəni yatdıq, sübh azanı verildi və yola düşməyə başladıq. Yol boyu ehsanlar verilirdi, mərsiyyələr deyilirdi, zəvvarlara qarşı çox gözəl rəftar göstərilirdi, istirahət etmək üçün məntəqələr və ən çox ehtiyac duyulan sərin su verilirdi. Nəcəf şəhərinə qədər yollarda yürüş ancaq hava qaralana qədər idi. Daha sonra polislər vətəndaşları müxtəlif vasitələrlə məntəqələrə çatdırırdılar. Təhlükəsizlik baxımından polislərin tələblərini icra etmək çox əhəmiyyətli idi. Yol boyu ayağı, qolu olmayanlara, qucağı uşaqlılara, müxtəlif millətlərə, müxtəlif fikirli insanlara rast gəlmək olurdu. Amma heç kim başqası üçün problem yaratmırdı.

 

Milyonlarla insan və onları birləşdirən eşq səfəri...

Bəzən aclıq, bəzən susuzluq, ayaqların şişməsi, taqətdən düşmək kimi hallarla hamı qarşılaşırdı. Amma, insanların üzündən bu narahatçılığı hiss etmək olmurdu. Yol boyu o qədər fərqli və  maraqlı hadisələr baş vermişdi ki, onların hamısını qeyd etsəm yazı çox uzanacaq. Həm də hamısı tam olaraq yadımda qalmayıbdır. Lakin  bir neçə hadisəni qeyd edəcəm. Çünki, əsl eşidilməli olayar bunlardı. Gəncədən Kərbəlaya səfər etmək istəyən 4 nəfərlə Qum şəhərində görüşdük. Sonradan xəbər tutduq ki, onlardan 2-si maddi problemlərə görə İraqa digər 2 gəncəli ilə birlikdə gedə bilməmişdilər. Qum şəhərində qalan 2 nəfər sıxıntılarına aramlıq tapmaq üçün Cəmkəran məscidinə gediblər. İbadət etdikdən sonra bir hündür boylu siması nurlu şəxs onlara yaxınlaşaraq üzlərindəki narahatçılığın səbəbini soruşub. Azərbaycanlılar da vəziyyəti başa salıblar. Ondan sonra tanımadıqları bu şəxs maşın tutaraq bir başa İraq sərhədinə qədər onları göndərməyi öz öhdəsinə götürüb. Gəncəlilər bu şəxslə sağollaşanda adını soruşublar. O deyib ki, adım Mehdidir. Həmyerlilərimiz İraq sərhədini keçdikdən sonra yerdə çarəsiz şəkildə oturaraq nə edəcəkləri fikirlərinə dalıblar. Bu dəfə də başqa bir şəxs onların yanına gələrək kimi, nəyi gözlədiklərini soruşub. Gəncəlilər başlarına gələnləri danışıblar. Bu şəxs də bir avtomobil gətizdirərək zəvvarları Kərbəlaya yola salıb. Həmyerlilərimiz bu şəxslə sağollaşanda adını soruşublar. İrandakı şəxslə görkəmi çox bənzər olan şəxsin adı da eyni olub. Mehdi... Bu hadisəni mənə danışanda çox heyrətə gəlmişdim. Bəlkə də bu şəxs Həzrətin (ə.f.) özü olub və ya bununla bir mesaj vermək istəyib: “Cəddim Hüseynin (ə) zəvvarlarını özüm himayə edirəm”. Bilmirəm, amma hər halda çox düşündürücü hadisə idi. Öncə Nəcəfə getdik. İmam Əlinin (ə)  müqəddəs hərəmində bütün Azərbaycan xalqı üçün, işğal altında olan torpaqlar üçün, məhbuslar üçün, dünya müsəlmanları üçün, müsəlmanların fitnədən amanda qalmaları üçün dua etdik. 2 gün sonra Kərbəlaya yola düşdük.  

 

Kərbəla...

Elə bil hadisənin üstündən cəmi 40 gün keçib. İnsanlar təziyəyə gəliblər. Zəvvarların daxilindəki eşq həyretləndirici idi. Milyonların içində hərəmə yaxınlaşmaq isə ayrı bir möcüzə idi. O qədər zəvvarın olmasına baxmayaraq, hərəmə yaxınlaşmağın mahal olduğunu düşünsən belə, bir də gözünü açırsan ki, hərəmin 1-2 metrliyindəsən. Və hərəmə toxunmaq. Dərdlərini İmama (ə) danışmaq. Həm də, 15 günə yaxındır əynindən çıxarmadığın tozlu-torpaqlı paltarlarla. Bu səfərdə əsas bir mesajın olduğunu hiss etdim. Fədakarlıq... Bəli məhz fədakarlıq. Çünki, yolun sonunda dayanan məzar fədakarlıq şəhididir. Ona aparan yolda da buna çox ehtiyac var. Yazıda tam olaraq istədiyim məqamlara toxuna bilmədim. Çünki, çox uzanır və siz əzizləri yormaq istəmirəm.

Yol boyu çox möcüzələrlə rastlaşdıq. İtən əşyalar qeyri adi şəkildə bizə təhvil verilirdi. O qədər insanın içində itmək qorxusu qətiyyən yox idi.

Hətta azərbaycanlı zəvvarların başına gələn bir hadisəni sizə danışım. 5 dost Nəcəfdən Kərbəlaya yeriyəndə dostlardan biri itir və qərara gəlir ki, 50 sütun irəliləyib yoldaşlarını gözləsin. Tək qaldığından bərk narahat olan zəvvara 2 nurani simalı şəxs yaxınlaşır və narahat olmamasını istəyir. Ona portağal verərək bildirirlər ki, narahat olma, bir neçə dəqiqədən sonra yoldaşlarından 2-si gəlib səni tapacaq. Biraz gözlə. Azərbaycanlı zəvvar onlardan soruşur ki, sizi İmam Mehdi (ə.f.) göndərib? Bundan sonra onlar zəvvarla xudahafizləşərək ondan uzaqlaşıblar və bir neçə dəqiqə sonra dostları ona çatıb.

Bunu qeyd etməkdə məqsədim odur ki, o səfərdə bizlərlə bərabər Yusifi Zəhra da addımlayırdı. Onun nuraniyyətini hiss etməmək qeyri mümkün idi. Bunu yazıda anlatmaq çox çətindir. Onu yaşamaq lazımdır. Sanki Ağanın nəzəri hər bir zəvvarın üstündəydi.

Çox qeyri-adi hadisələrlə bu səfər sona çatdı. Heç kim bunu arzulamırdı. Heç kim səfərin bitməsini istəmirdi. Geriyə hər addım atdıqca sanki rəhmətdən uzaqlaşırdıq. Sanki cənnətdən uzaqlaşırdıq. Sanki sevdiklərimizdən uzaqlaşırdıq. Fikrim var bu ilki “Eşq səfəri”nə bir daha qatılam. Bunun üçün sizlərin də dua etməyinizi istəyirəm. Çünki, Kərbəlanı Ərbəində 1 dəfə görən şəxs hər il görmək istəyər. Danışılası çox hadisə baş verib. Amma, eşitməkdənsə bunu yaşamaq daha gözəldir. Sizləri də bu eşq səfərində heç olmasa ömrünüzdə 1 dəfə iştirak etməyə səsləyirəm.

Allah bütün arzusunda olanlara bu səfəri nəsib etsin. Amin...(Arxiv)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.