haberL haberR

Saatların çəkilməməsi insanlara necə təsir edəcək?

Kateqoriya: Sosial Yayımlama tarixi: 26.03.2016 12:17:27

"Saatların çəkilməməsi meteohəssas, təşviş, həyəcan pozuntusu olan insanlara çox olmasa da, müəyyən qədər təsir göstərə bilər"

Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı qərarına əsasən, ölkə ərazisində yay vaxtına keçid ləğv olunub və 27 mart, 2016-cı il, saat 04:00-da saatların bir saat irəli alınması həyata keçirilməyəcək.

"Saatların çəkilməməsi meteohəssas, təşviş, həyəcan pozuntusu olan insanlara çox olmasa da, müəyyən qədər təsir göstərə bilər". Bu sözləri psixoloq Elnur Rüstəmov yay vaxtına keçiddən imtina edilməsinin insanlara təsiri barəsində Milli.Az-a danışarkən söyləyib. O qeyd edib ki, müasir dövrdə insanların daha çox diqqət ayırdığı məqamların biri də zamandır.

"Həftəsonu edilməsinə baxmayaraq, əvvəllər saatların bir saat irəli və ya bir saat geri çəkilməsi müəyyən insanlarda problem yaradırdı. Təyin olunmuş vaxtlarda dərman qəbul edən insanların səhhətinə, uşaqların və eləcə də böyüklərin yuxu rejiminə təsir göstərirdi. Hal-hazırda isə belə bir prosesin həyata keçirilməməsinin insanların psixologiyasına xüsusi bir təsiri olmayacaq, çünki proses təbii axarı ilə gedir. İnsanlar əvvəlcədən özünə uyğun həftəlik, günlük planlarını dəqiqləşdirir".

Psixoloq hesab edir ki, ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması normal bir haldır: "Dünyanın bir çox ölkələri artıq bundan imtina ediblər. Azərbaycanın da belə bir addım atması insanlara müsbət təsir göstərəcək".

Qeyd edək ki, saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Azərbaycanda isə qış və yay vaxtlarının tətbiqi qərarı 1997-ci ildə verilib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi. Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı qərarına əsasən, 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ləğv olunur. Bunula da Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı qərarı qüvvədən düşmüş hesab edilir.

Qonşu ölkələrdən Rusiya, İran, Gürcüstan, həmçinin Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və sair ölkələr də yay vaxtına keçidi ləğv ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.