haberL haberR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 7-də abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 7-də rezidenturaya qəbul imtahanının II mərhələsini və Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək. 

İslamazeri.az-ın TQDK-ya istinadla verdiyi məlumata görə, imtahanda iştirak edəcək şəxslər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini gətirməlidir. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyentlər imtahana buraxılmayacaq. Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - də başlanacaq.

Bu ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2015-ci il aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb. Qəbul qaydalarına əsasən, aprelin 26-da keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir. 

Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” iyunun 30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Rus bölməsinin abituriyentlərinin imtahanı (Arxiv)

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:

•“İmtahana buraxılış vərəqəsi”; 
•şəxsiyyəti təsdiq edən sənədin əsli. 

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq. 

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 975 nəfərini oğlanlar, 807 nəfərini qızlar təşkil edir. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb. 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.