haberL haberR

Şahin Həsənli İran səfəri, dini liderlə görüş, QMİ-dəki vəzifəsi və hicab məhbuslarından danışdı FOTO

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 08.12.2014 20:13:24 78427 dəfə oxunub.

İnternet qəzetimiz Məşhədi Dadaş məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlidən maraqlı müsahibə alıb. Müsahibədə o İran səfəri, Ayətullah Xameneinin ölkəmizdən gedən nümayəndə heyətini qəbul etməsi, hicab məhbusları və başqa mövzuda danışıb

Məşhədi Dadaş məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin İslamazeri.az-a müsahibəsini təqdim edirik.

Yaxın günlərdə İrana səfərə getmişdiniz. İran səfəriniz necə keçdi?

-Məlum olduğu kimi səfər konfransla bağlı idi. İranın Qum şəhərində radikallığa qarşı beynəlxalq kon frans keçirildi. İslam məzhəblərinin təmsilçiləri bu tədbirdə iştirak edirdilər. Bu tədbir iki böyük din alimi olan Ayətullah Məkarim  Şirazi və Ayətullah Cəfər Sübhaninin təşəbbüsü ilə həyata keçmişdir. 80-dən çox ölkədən nümayəndələr gəlmişdi. Konfransda islam alimləri radikallığı doğuran səbəblər, təkfirçi cərəyanların yaranma səbəbləri və gələcəkdə onlarla mübarizə yolları haqqında geniş fikir mübadiləsi aparıldı.

Bayaq qeyd etdiniz ki, 80 ölkədən nümayəndələr konfransda iştirak edirdi. Həmin ölkələr müsəlman ölkələri idi, yoxsa qeyri-müsəlman?

-Müsəlman və qeyri-müsəlman ölkələrinin nümayəndələri idi. Daha doğrusu, müsəlman və qeyri-müsəlman ölkələrində yaşayan din xadimləri, islam alimləri iştirak edirdilər. Misalçun, Avropa ölkələrindən də nümayəndələr öz ölkərini konfransda təmsil edirdilər.

 

Bu konfransı keçirtməklə hansı nailiyyətlər əldə olundu?

-Məncə, konfransın keçirilməsi müsbət bir addımdır. Çünki radikal cərəyanlar bu gün özlərini hansısa məzhəbə aid edirlər. Həmçinin, elə təqdim edirlər ki, sanki islamda məzhəblər arası qarşıdurma var. Adətən, bu radikal cərəyanları əhli-sünnə məzhəbinə aid edirlər. Kənardan belə bir görüntü yaratmaq istəyirlər ki, guya sünni-şiə davası gedir. Bu tip konfrans onu göstərir ki, müsəlman alimlər yekdil mövqedən çıxış edir və bu radikal cərəyanların heç bir məzhəbə aid olmadığını açıq şəkildə nümayiş etdirirlər. Bu, əslində radikal cərəyanlar üçün öldürücü bir zərbədir. Çünki, onlar özlərini İslama aid edirlər. Bu vasitə ilə də öz mövcudluqlarını isbat etməyə çalışırlar. Amma müsəlman alimləri onların İslamdan kənar olduqlarını elan etdikdə, bu, onlar üçün xoşagəlməz bir hal olur. Konfransda o nailiyyət qazanıldı ki, bu cərəyanların heç bir məzhəbə aid olmadıqları beynəlxalq şəkildə qeyd edildi. Konfransa vurğulandı ki, bu cərəyanların qarşısın alınması üçün din xadimləri də məsuliyyət daşıyır. Çünki, bu cərəyanlar daha çox müsəlman ölkələrindən çıxır. Yəni, nəsə çatışmayan bir səbəb var ki, müsəlmanların içindən belə radikal düşüncəli insanlar çıxır. Ona görə, orda deyildi ki, din düzgün şəkildə, elmi əsaslarla  təbliğ olunmalıdır. Fikrimcə də, dini təfəkkürün islaha ehtiyyacı var. Çünki, bəzən din yanlış təbliğ olunur. Bu da, yanlış düşüncəli insanı  gətirib radikallığa çıxarır.  Yəni, din müasir dövrün tələblərinə uyğun şəkildə, müasir dildə çatdırılmalıdır. Əgər belə olmazsa, radikal cərəyanlar insanların savadsızlığından, bilgisizliyindən istifadə edib özlərinə tərəfdaş toplayırlar. Hətta konfransda vəhdətlə bağlı çıxışlar da oldu, İslam alimləri vəhdəti qorumağı tövsiyyə etdilər. Çünki, əgər vəhdət olarsa radikal cərəyanlara qarşı mübarizədə qalib gəlmək olar.

 

 

Dinlə heç bir əlaqəsi olmayan bu cərəyanları kim yaradıb, necə yaradıb?

-Orda bir məsələ də xüsusi vurğulandı ki, əslində, bu cərəyanlar məlum dövlətlərin siyasətlərinin icrasına çevriliblər. Bir sıra dövlətlərin maraqlarına xidmət edirlər. Başqa cür desək, onların maraqlarını ifadə edən alətə çevriliblər. Heç kimdən gizli deyil ki, bu cərəyanları yaradanlar da islam dininə qarşı çıxanlardır. İslamı parçalamaq istəyənlərdir. Ona görə də, bu cərəyanların arxasında dayanan qüvvələri də tanımaq lazımdır. Əslində, bu, “parçala, hökm sür!” siyasətinin davamıdır.  Baxmayaraq ki, bəzi dövlətlər terrorla mübarizə görüntüsünü yaradır. Guya, bu cərəyanlara qarşı olduqlarını iddia edirlər. Amma əslində, bu cərəyanların yaranmasında elə bu dövlətlərin böyük rolu olub. Bir çox rəsmilərin də dediyi kimi, ABŞ-ın özünün də bu cərəyanların yaradılmasında başlıca maddi və mənəvi dəstəyi olub. Suriyada müxalifətə dəstək adıyla bu cərəyanlar silahlandırılır və dövlətə qarşı qoyulur.

 

Qeyd etdiniz ki, bu cərəyanların yaradılmasında ABŞ kimi dövlətlərin rolu böyükdür. Bəs, bu konfransda 80 ölkədən gələn nümayəndələr içərisində amerikalı nümayəndə də var idi mi?

-Bəli, ABŞ-dan da olan müsəlman alimləri iştirak edirdilər. Təbii ki, onlar da müsəlmandır, İslamı təmsil edirdilər. Amma qeyd edim ki, heç bir cəmiyyət də təkfirçi cərəyanların dağıdıcı fəaliyyətlərindən sığortalanmayıb.

 

Bayaq qeyd etdiniz ki, din yanlış təbliğ olunanda bu cür təkfirçilər, radikallar da meydana çıxır. Yəni, bu savadsızlığı aradan götürmək və ümumiyyətlə bu məsuliyyət kimlərin öhdəsinə düşür?

-Din xadimləri dinin adından danışdıqlarına görə, təbii ki, ən birinci məsuliyyəti onlar daşıyır. Dini təbliğ edən insan müasir dildə danışmağı bacarmalıdır. Yəni, insanları qane edə biləcək tərzdə dinə dəvət etməlidir. Amma təkcə din xadimlərinin üzərinə də bu məsuliyyəti atmaq olmaz. Bütövlükdə, cəmiyyət özü, ziyalı insanlar dini dəyərlərimizə sahib çıxmalıdır. Din bir xalqın əsrlər boyu yaşatdığı dəyərdir, xalq öz dəyərinə sahib çıxmalıdır, onu qorumalıdır. Heç kimi yaxasını kənara çəkməməlidir. Təbii ki, ilahiyyatçılar, din xadimləri, ruhanilər də dini düzgün şəkildə təbliğ etməlidirlər.

 

  

İrana səfər zamanı hansısa müqəddəs ziyarətgahları ziyarət etdinizmi?

-Qumda Azərbaycan nümayəndə heyəti ilə birgə hz. Məsumənin (ə) ziyarətgahını ziyarət etdik.

 

Səhv etmirəmsə, İranın Ali Dini lideri ilə də gürüşmüsünüz..

-Ümumiyyətlə, konfransda iştirak edən nümayəndələrin bir qisminin Ayətullah Xamenei ilə görüşü oldu. Konfransdan sonra Ayətullah Xamenei ilə geniş fikir mübadiləsi aparıldı. Orda da eyniylə vəhdətin əhəmiyyəti  və digər dini zərurətlər haqqında söhbət edildi.

 

Radikal dini cərəyanlarla bağlı bu cür konfransların gələcəkdə də hansısa ölkələrdə keçirilməsi gözlənilirmi?

-Təbii ki. Elə bu yaxınlarda İrandan sonra Misirdə belə bir konfrans keçirilib. Azərbaycanı da QMİ-dən nümayəndə heyəti təmsil edirdi. Azərbaycanda da bu cür tədbirlərin keçirilməsi məqsədəuyğun olar. Çünki, bunu beynəlxalq konfranslarda iştirak edən xarici vətəndaşlar da  deyir ki, Azərbaycanda dini dözümlülük var. Eyni zamanda, iştirak etdiyimiz bir çox beynəlxalq konfranslarda Qarabağımız da yad edilib. Elə bu konfransda da Qarabağ məsələsinə də toxunuldu.

 

Sizcə, Azərbaycan-İran əlaqələrinin möhkəmləndirilməsində bu konfransın nə kimi əhəmiyyəti oldu?

-Azərbaycan və İran xalqı tarixən dost olublar. Bu iki ölkəni bir-birinə tarixi mədəniyyətləri, dinləri, dəyərləri bağlayır. Dövlətlər arası münasibətləri həm, siyasətçilər formalaşdırır, həm xalqlar, həm də din xadimləri.

 

Sizi öz adımızdan və redaksiyamızın adından təbrik edirik yeni vəzifəyə sahib olduğunuz üçün.  Amma sizin Qafqaz Müsəlman İdarəsində (QMİ) vəzifəyə sahib olmağınız dindarlar arasında heç də birmənalı qarşılanmadı. Bəlkə də, sizin haqda sui-zənn  edənlər də olub ki, Hacı Şahin niyə QMİ-yə getdi? O insanlara sözünüz nədir? Nə demək istəyərdiniz?

-Biz illərdir ki, dini insanlar arasında təbliğ etməyə çalışırıq. Məşədi Dadaş məscidində də artıq 10 illik bir müddətdə imam-camaat kimi fəaliyyət göstəririk. Məsciddə də imam-camaat olduqdan bir müddət sonra rəsmi olaraq axund təyin edildim. Eyni zamanda da QMİ ilə əməkdaşlığımız başladı. QMİ-nin sədri tərəfindən bir neçə ay bundan öncə QMİ-nin səlahiyyətli nümayəndəsi təyin edildim. Bu nümayəndənin səlahiyyətinə daxil olan bir sıra məslələr var. Həm QMİ-ni müxtəlif tədbirlərdə təmsil etmək hüququna malikdir, həm QMİ adından bəyanatlar vermə səlahiyyətinə malikdir. Məscidlərin fəaliyyətində nəzarət həyata keçirmək və s. Burda narahatlıq doğuran bir məqam görmürəm. Bizim fəlaiyyətimiz onsuz da hər zaman Azərbaycanda dini dəyərlərin təbliği istiqamətində olub. Bundan sonra da bu istiqamətdə davam edəcək, inşallah. Həmişə də dini sahədə problemli məsələləri həll etməyə çalışmışıq. Ona görə də burda narahatlıq doğuran bir problem görmürəm. Buna heç səbəb də yoxdur. Heç fövqəladə də nəsə bir hadisə baş verməyib. Biz artıq neçə illərdir ki, QMİ ilə əməkdaşıq. Çünki axundu QMİ seçirsə, görün mən nə vaxtdan məsciddə axundluq edirəm. Əksinə, bu fəaliyyətimizlə dini sahədə xeyirlərə yol açılar, inşallah. Həm də din-dövlət münasibətlərinin yaxşılaşdırılmasında əlimizdən gələni etmiş olarıq.

  

Artıq QMİ-də bir vəzifə sahibisiniz və sizin artıq səlahiyyətiniz də var. Hicab məhbuslarıyla bağlı hansısa addımlar atılırmı siz tərəfdən?

-İlk öncə deyim ki, QMİ dövlət qurumu sayılmır, bu, dini qurumdur. Bu məslələrə qurum tərəfindən müəyyən münasibətlər  bildirilib. Mənə gəldikdə isə, səlahiyyətim nəyəsə çatarsa, səlahiyyətim çərçivəsində bu məslələrə münasibət bildirmək, bu məsələlərin həlli istiqamətində addımlar atmaq üçün əlimdən gələni edəcəm, təbii ki. Bunu həm vətəndaşlıq borcu, həm də Allah qarşısında bir borc kimi görürəm. Ümumiyyətlə, dinlə dövlət arasında anlaşılmazlıq olmamalıdır. Çünki dinlə dövlət arasında bir uçurum yaranarsa bundan kimlərsə yararlanmağa çalışar. Ona görə, bu məsələlərin həlli bu münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir deyə, həmişə əlimizdən gələni etməyə hazırıq.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.