haberL haberR

"Salam olsun sənə, ey Dost" - Həbsindən bir neçə gün öncə yazdığı yazı...

Kateqoriya: Məqalə Yayımlama tarixi: 06.06.2016 12:05:01

Hacı Abgül Süleymanov bu yazını şərlənərək həbs edilməsindən bir neçə gün öncə qələmə almışdı...

Bəşər yaşayışında, xüsusilə möminlərin həyatında qarşıya çıxan ən əsas müşküllərdən biri şeytanın vəsvəsələridir.
Bu baxımdan aləmlərə rəhmət olaraq göndərilmiş həzrət Muhəmməd(s.) buyurmuşdur ki, “Rəhmət ayı olan mübarək Ramazanda şeytanlar zəncirləniblər və yalnız hürə bilirlər, amma heç kəsi dişləyə bilmirlər. Şeytan elə bir məxluqdur ki, Allah- taalanın izni ilə hürə bilir”. 
Əslində Şeytanın vəsvəsəsi nemət və rəhmətdir. Çünki indiyə qədər kim ucalıbsa, şeytanın vəsvəsəsinə müqavimət sayəsində, yəni böyük cihad meydanında ucalıb, qalib gəlib. Şeytan vəsvəsə həddində hürməyə məmur olub. O kəslər ki, siratəl-müstəqimdədir, onlar bu hürməyə etina etmir və öz yollarına əmin addımlarla davam edib ali məqsədə çatırlar. Amma biganəlik və yol bilməməzlik bataqlığında çabalayanlar mənəvi immunitetlərinin, müqavimətlərinin çatışmamazlığı ucbatından gedib şeytanın tələsinə düşürlər. Şeytan da hürməklə dişləməyi əvəz edər və bundan sonra öz zəhərli dişləri ilə onları xəstəliklərə yoluxdurar.

Əlbətdə şeytan, Allahın vilayətindən kənar deyildir. Allahın izni olmadan heç iş görə bilməz. Qiyamət günü də aşkar şəkildə deyəcək ki, "məni danlamayın, özünüzü danlayınفَلَا تَلُومُونِي وَلُومُوا أَنْفُسَكُمْ (İbrahim- 22) Bu gün nə mən sizin fəryadınıza gələ bilərəm, nə də siz mənim fəryadıma. Mən sizə müsəllət ki deyildim, mən yalnız sizi dəvət edirdim, siz özünüz gəldiniz." 

“Allah haqq vədəsi verirdi, mən isə yalançı vədə”  إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُكُمْ فَأَخْلَفْتُكُمْ
Haqq vədəsini qəbul etmədiniz, yalan vədəsini qəbul etdiniz. Əgər bir nəfər İlahi vədəyə bilərəkdən əhəmiyyət verməyib, Şeytanın yalançı vədəsinə əməl etsə, Allah ona möhlət vərər ki, qayıtsın. Amma əgər Allahın bu rəhmətinin qədrini bilməyərək bu möhlətdən də istifadə etməsə, daha bundan sonra Allah Şeytanı ona müsəllət edər. 
Quran buyurur ki, “Məgər görmürsənmi Biz şeytanları kafirlərə müsəllət etdik ki, onlara ağır əziyyət etsinlər? أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا (Məryəm-83)
Sonra başqa bir ayədə buyurulur: “O kəslər ki, mömin deyillər, şeytan vilayətindədirlər إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ (Əraf- 27)
Allah Təala Şeytanı tərbiyə olmuş it kimi onlara müsəllət edib. Bu tərbiyə olmuş şeytan mübarək Ramazan ayında bağlı olur. Gərək elə bir əməl etməyək ki, açılsın. O yalnız uzaqdan hürür. Məbada öz əllərimizlə onların zəncirlərini açaq və Allah da onu bizə müsəllət etsin.

Həmçinin insanları maraqlandıran bir sual da var ki, əgər mələklər günah etmirlərsə, bəs şeytan necə günah etdi? Cavab budur ki, şeytan cinlərdəndir və mələklər arasında idi, amma mələk deyildi.
Qurani–Kərim şeytan haqda buyurur: “O, cinlərdən idi və Rəbbinin əmrindən çıxdı. كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ (Kəhf-50)
Mələk məsiyət, günah etmir. Cin isə bəzən itaət edir, bəzən üsyan. Böyük arif, övliya olan ayətullah Behcət (r.ə.) buyurmuşkən, “Cin ya mömindir, ya da kafirdir. Onların ömürləri uzun olduğu üçün onlar (mömin cinlər) Rəsulullahı(ə) görmüş və iman gətirmişlər. İndiyə qədər də o imanlarında sabitqədəmdirlər”.
Həzrət Rəsulullah(s.) buyurur ki, “Mübarək Ramazan ayında Şeytanın əl və ayaqları bağlı olur. Allahdan istəyin ki, onu açıb sizə müsəllət etməsin”.
Mübarək Ramazan ayının ziyarətnaməsində oxuyuruq ki, “Salam olsun Sənə ey dost. Həqiqətən Sən səbəb oldun ki, biz Şeytana müsəllət olaq. Doğrudan da insan bu ayda şeytana müsəllət olur və şeytani xatirələri qəlbinin səhifəsindən silir. Salam olsun sənə ey mübarək ay. Nə çox bəndələr vardır ki, Allah Sənin zamanında onları azad, hürr edir. O kəslər ki, əxlaqları rəzil idi və onlar cəhənnəm odunda giriftar idilər, Allah-taala onları bu giriftarçılıqdan azad etdi.”
 Rəvayətdə vardır ki, oruc cəhənnəm odu qarşısında qalxandır, sipərdir. Həmçinin də cəhənnəm oduna düçar edən şəhvət odu müqabilində sipərdir. Orucluq həmçinin insanı həmişə siratəl-müstəqimdən çıxaran iki güclü qüvvənin, şəhvətin və qəzəbin qarşısını almaqdadır.

Bəşər üçün azadlıqdan uca hansı nemət vardır? Salam olsun Sənə ey mübarək Ramazan ayı. Həqiqətən də Sən günahları məhv edənsən. Həqiqətən Sən on bir ayın imamısan. Heç bir ay Səninlə rəqabət edə bilməz, heç bir ay səninlə bərabər müstəvidə ola bilməz. Doğrudan da Sən öncülsən, on bir ay isə, Sənin ardıcılındır. Salam olsun Sənə ey əziz, ey möhtərəm dost. Sən gələndə Allah dosları sevinir, Sən gedəndə isə kədərlənir. Düzdür, isti havada oruc tutmaq çox çətin və əziyyətlidir, amma ariflər demişkən, Bəqərə surəsinin 183-cü ayəsi (“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ )bütün çətinlikləri aradan aparır.
Bir rəvayətdə də buyrulur ki, “Ən fəzilətli cihad isti havada oruc tutmaqdır”. Deməli isti havada oruc tutan kəs mucahiddir. Mücahdin cihadının mükafatı isə Cənnət yox, elə Allahın özüdür. Qüdsi hədis də var ki, “Oruc mənim üçündür və onun mükafatı da Mən özüməm”.

Əgər soruşsalar ki, nə üçün Ramazan ayı digər aylardan üstündür? Cavab budur ki, mübarək Ramazan ayının üstün olmasının səbəbi möminlərin bu ayda oruc tutub, əhya saxlamaları və bir də bu ayda Quranın nazil olmasıdır.
Quranın nüfüzu o qədər dərindir ki, əgər dağlara nazil olsaydı, dağlar mum kimi olardı. Allah- taala buyurur: “Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Amma bəzən daş ürəkli insan Qurana əl qoyub öz məmləkətinə sadiq qalacağına and içidiyi zaman heç tükü belə tərpənmir və sədaqət yerinə hətta xəyanət belə edir. Bu məqamda İmam Əli(ə) buyrmuşdur: “Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır”.

İlahi, Quranı bizim nurumuz, qanunumuz, ümidimiz, məntiqimiz, əql və təfəkkürümüz, moizəmiz, şəfamız, aramlığımız, nicatımız qərar ver.
Amin ya Rəbbəl aləmin.

Hacı Abgül Suleymanov

abgulsuleymanov.com

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.