haberL haberR

Şəbnəm Rəhimova: "İlahi nəğmələr qrupu çoxdur, amma fərqliliyi bizi sevənlər görür" (Müsahibə)

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 25.06.2015 16:23:16 4889 dəfə oxunub.

“İntizar” İlahi Nəğmələr qrupunun üzvü Şəbnəm Rəhimova maraqlı açıqlamalarla çıxış edib

Ölkəmizdə insanların İslama üz tutması ilə eyni vaxtda ilahi nəğmələr qrupunun artdığını müşahidə edirik. Bəylərdən ibarət qruplarla yanaşı, cəmiyyətdə xanımlardan ibarət ilahi nəğmələr qrupları da az deyil. Lakin, bəzən, belə bir sual meydana gəlir ki, xanımlardan ibarət qrupların olmasına ehtiyac varmı?

Bu və digər sualla ölkəmizdə kifayət qədər tanınan, “İntizar” İlahi Nəğmələr qrupunun üzvü Şəbnəm Rəhimovaya müraciət etdik.

Ş.Rəhimovanın  islamazeri.az-a verdiyi müsahibəni təqdim edirik:

- Xoş gördük, Şəbnəm xanım. Qrupunuz neçə müddətdir fəaliyyət göstərir və qrupun yaradılmasında məqsədiniz haqda danışardınız. 

-Xoş gördük. Qrupumuz uzun müddətdir ki, fəaliyyətdədir. Məqsədimiz inşallah gözəl dinimizi təbliğ etməkdir. Təbliğat insanların cəm olduğu, el şənliklərindən başlayır. Çalışırıq bu yolla azda olsa, xidmət etmiş olaq.

 

- Qrupunuzun adı haqda nə deyə bilərsiniz?

-Qeybdə olan Həzrəti Sahibəzzamanın (ə.f) intizarında olanlarının şərəfinə və o həzrətin intizarını çəkən – müntəzirlərdən olmaq ümidi ilə bu adı seçdik.

 

- Bu günə qədər neçə ilahi mahnınız- nəğməniz var?

-Bu günə kimi 20-dən çox ilahimiz işıq üzü görüb. Lakin diskimizdə 12 İmamın şəninə, 12 ilahimiz var. 

 

-Bu gün kifayət qədər ilahi nəğmələr qrupu var. Sizin qrupu onlardan fərqləndirən cəhət varmı?

-Bəli, Əlhəmdulillah, bu gün həm kişi, həm də qadın İlahi Nəğmələr qrupları kifayət qədərdir. Amma fərqliliyi bizim qrupu sevənlər daha yaxşı bilər.

 

- El şənliklərində iştirak edirsiz. Ev sahibləri sizdən razı qalırmı?

-El şənliklərində fəaliyyətimiz çox məsuliyyətlidir. Şükr Allaha, hələ bu günə qədər, heç bir narazılıq eşitməmişik, hər bir ev sahibi xoş sözlər ifadə ediblər və həmişə bizə minnətdarlıqlarını bildiriblər.

 

- Mahnılarınız nəyə aiddir?

- Hər birinin öz yönü var. Allaha, Peyğəmbərə, İmamlara və müqəddəs günlərə aid yazıb ifa edirik.

 

- Gələcək planlarınız haqqında nə deyə bilərsizniz?

- Qrupumuzun planları çoxdur. Biz, Allahın iznilə daima işləyirik, yeniliklər üçün çalışırıq. Əlbəttə, düşünürəm ki, bu planlarımız həyata keçdikcə bunları bizim qrupu sevənlərə təqdim etmək daha maraqlı olacaqdır.

 

- Və son olaraq cəmiyyətimizdə ən çox aktual olan bir sualı sizə ünvanlamaq istəyirik. Cəmiyyətimizdə xanımlardan ibarət ilahi nəğmələr qruplarının olmasına ehtiyac varmı?

-Bəli, əlbəttə, var. Necə ki, kişi məclislərində kişi qrupların ehtiyacı varsa, eynilə xanımların da var. Ən azı biz bunu iştirak etdiyimiz bütün məclislərdə görmüşük.

Onu da qeyd edim ki, ölkəmizdə müsəlmanlar yaşasa da, İslam ölkəsi deyə bilmərik. Bəzən görürük ki, qadın məclisləri olur bir xanımın Allah kəlməsi dinləməsi ona necə müsbət təsir göstərir. Hətta bəzi rayonlarımız var ki, orada xanım məclisləri təşkil olunmur və onlar bizləri görəndə heyfslənirlər ki, onların yaşadığı bölgələrdə bu cür qruplar yoxdur və çox istəyirlər ki, bu cür məclislər yaşadıqları rayonlarda da keçirilsin. Son olaraq vurğulamaq istəyirəm ki, bir çox müsəlman ölkəsində xanımlardan ibarət ilahi nəğmələr qrupları var.

 

Qeyd edək ki, “İntizar” İlahi nəğmələr qrupu 4 nəfərdən ibarətdir: bədii rəhbəri Zeynəb Aslanova, prodüsser və ifaçı Şəbnəm Rəhimova, ifaçılar: Səidə Əkbərova və Səvanə Aslanova.

 

"İntizar" ilahi nəğmələr qrupunun ifasında "Ramazan" ilahisi...

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.