haberL haberR

Şəhid Çamran və şəhidlik hədiyyəsi

Kateqoriya: Məqalə Yayımlama tarixi: 21.06.2015 19:12:41

Bu gün Mustafa Çamranın şəhadətə çatdığı gündür

Salam olsun mübarək aya pak ruhla daxil olanlara! Salam olsun bu ayda ruhlarını pak edə bilənlərə! Hər bir kəsin yaşam tərzində bir ümumilik, bir xüsusilik var. Ümumilik hər bir kəsin ehtiyacları və onu ödəməsidir. Xüsusilik isə, onun ruhuna bağlı olan şeylərdir. Əlbəttə ki, ruhu tərbiyyə etmək əsasdır. İnsan ruhunu nə ilə tərbiyyə etsə, xüsusiliyi də o cür olacaq. İnsan ruhuna yalan öyrətsə, bu onun xüsusiliyi olacaq. Və yaxud Allah qarşısında heç vaxt yalan danışmasa, bu da onun ruhunun xüsusiliyi sayılacaq. Deməli, insanın ruhunun xüsusiliyi yaxşı da ola bilər, pis də. Ruh haqqında çox danışmaq istəmirəm, heç bu haqda bilgim də yoxdur. Sadəcə bu yazımı yazmaqda məqsədim şəhid Çamran haqqında qısaca söz açmaqdır.

Bilməyənlər üçün onu deyim ki, Çamran İslam inqilabında böyük rolu olan şəxsdir.  Xüsusilə İrandan xaricdə, Livandakı “Hizbullah” hərəkatının qurulmasında əvəzsiz rolu olmuşdur. “Hizbullah”ın hərbi komandirlərinən olan Şəhid İmad Muğniyənin anası həmişə deyərdi ki, oğlum Şəhid Çamranı özünə müəllim, ustad bilirdi. Bəs bu şəhidin xüsusiliyi nə idi? Əldə etdiyim məlumatları sizlə bölüşmək istəyirəm.

İlk öncə onun Allahla münacatından bir qissəyə diqqət edək:

"Allahım! Etdiklərim üçün səndən əcr istəmirəm və öz fədakarlıqlarımdan ötəri lovğalanmıram. Hər nəyim var idisə sən verdin və nə etdimsə, sən asanlaşdırdıqdan sonra ona həyata keçirdim. Bütün varlığım və qabiliyyətlərim sənin iradənin bir nəticəsidir. Sənə təqdim edəcək, özümdən olan heç bir şeyim yoxdur."Dostları onun barəsində elə mətləbləri xatırladırlar ki, sanki böyük bir övliya və arif olmuşdu bu şəxs. Sonradan tapılan əlyazmalarına diqqət yetirdikdə onun Allaha bağlılığı açıq-aşkar müşahidə olunur: “Allahım! Bilirsən ki, ömrüm boyu heç bir zaman səni unutmadım. Uzaq diyarlarda yalnız sən yanımda idin.Qaranlıq gecələrdə dərdlərim və kədərlərimin ortağı yalnız sən idin. Təhlükə anlarında məni mühafizə edən, göz yaşlarımı görüb yaralı ürəyimi öz zikrinlə sakitləşdirən Sən idin!.."

Məqampərəstlik, birincilik və məhşur olmaq ondan uzaq idi. Axı Tovhid əhli bu şeyləri Allaha olan eşqinə və xalisliyinə dəyişərmi? Bu barədə Mustafa Çamran görün nə deyir: " Heç kəsin məni tanımasını istəmirəm. Heç kim namazlarımdan və dualarımdan xəbərdar olmasın. Yalnız Allah. Ondan başqası mənim dualarımı eşitməsin."

Tanıyanlar onun gecə namazları zamanı münacatlarının yüksəkliyindən danışırlar. Yazdıqları məktublarda da bu görünür. Buna diqqət yetirək: "Gecə yarıları yerin və göyün əsrarəngiz susqunluqlarında, münacat edib ulduzlarla danışmaq və yavaş yavaş zamanın yoluna doğru yüksəlmək istəyirəm. Aləmdə sonsuzlaşmaq, varlıq aləminin sərhədlərindən keçmək istəyirəm. Dərd və qəmlə dolu ürəyim Azad olmaq istəyir. Dağınıq ruhum artıq uçmaq və bu quru qürbət diyarından köçüb getmək istəyir. Könlüm, varlıq yükündən xilas olub, yoxluq aləmində yalnız Allahıyla vəhdətə çatmaq arzusundadır."

Sanki qoşulduğu karvanın rəhbəri İmam Huseynin (ə) münacatlarıdır. Allaha olan bağlılığını və Rəbbinə məhəbbəti İmam Huseyndən (ə) öyrənmişdir. Necə ki, Şəhidlər sərvəri İmam Huseyn(ə) Aşura günü buyurur: “İlahi, hər bir qəmdə pənahım, hər bir çətinlikdə ümidim Sənsən. Ürəkləri lərzəyə salan, çarəni azaldan, dostu narahat edən və düşməni sevindirən qəmləri Sənə tapşırdım. Səndən başqasına yox, yalnız Sənə məhəbbət bəslədiyim üçün, bu şikayəti Sənə söyləyirəm. Sən o qəmləri aradan apardın. Sən hər bir nemətin, hər bir xeyir işin sahibisən. Bütün arzuların sonu Sənsən”.

Mustafa Çamranın həyat yoldaşı onunla son dəfə görüşməsini və şəhadətini belə yad edir: “Mustafa şəhadətindən iki gün əvvəl mənim yanıma gəlib dedi: "Mən sabah buradan gedirəm və sənin həqiqətən məndən razı olmağını istəyirəm, çünki mən sabah şəhid olacam! Səndən halallıq istəyirəm. Əgər getməyimə razı olmasan, şəhid olmayacağam".

Sonda qeyd etmək istəyirəm ki, şəhadət Allah Təalanın bir hədiyyəsidir. Bu hədiyyə hər kəsə nəsib olmaz. Bu hədiyyəyə layiq olmaq lazımdır. Düzdür, bu hədiyyə insanın əməllərinə görə deyil, əksinə, Allah Təalanın Fəzli sayəsində insanlara verilir. Ancaq rəvayətlərdən məlum olur ki, bu Allahın fəzlinə görə olsa belə, hər kəsə bu hədiyyə verilməz. Hansısa əməli müqabilində bu ona əta olunur. Bir sözlə, möminin öz vəzifəsinə düzgün əməl etməsi sonda ona şəhadətin əta olunmasına səbəb ola bilər.

 

Ramin Bayramov (arxivdən...)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.