haberL haberR

Sentyabra bağlanan sülh ümidləri - payız dönüşə, yoxsa döyüşə gətirəcək?

Kateqoriya: Təhlil Yayımlama tarixi: 02.09.2016 12:27:21

Bu ay Qarabağ danışıqlarında çoxdan gözlənilən həlledici mərhələnin başlayıb-başlamayacağına aydınlıq gələcək; seçim yenə işğalçı ölkənindir; rusiyalı politoloq: “Zaman Ermənistanın əleyhinə işləyir...”

Sentyabr ayının başlaması ilə Qarabağa dair danışıqların intensivləşməsi meyli müşahidə edilməkdədir. Dünən Almaniyanın Potsdam şəhərində ATƏT XİN başçıları Şurasının qeyri-formal toplantısında Dağlıq Qarabağ konflikti də diqqət mərkəzində olub.

Ondan bir gün qabaq Rusiya XİN başçısı Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyana telefon açaraq problemi müzakirə edib. Sentyabrın 8-də isə Moskvada ATƏT-in Minsk Qrupu həmsədrləri prezidentlərin Vyana və Sankt-Peterburq görüşündən sonra təzədən dalana girmiş kimi görünən nizamlama prosesini irəli aparmaq üçün məsləhətləşmələrə start verəcəklər.

Bir sıra analitiklərə görə, Qarabağ münaqişəsinə cəlb olunmuş vasitəçi güclər, ələlxüsus da Rusiya apreldəki 4 günlük müharibədən sonra sülh prosesində həlledici mərhələnin gecikməsinin nə dərəcədə təhlükəli olduğunu, bunun payızda növbəti hərbi eskalasiyaya gətirə biləcəyini yaxşı fərqindədir. O üzdən də qarşıdakı aylarda həmsədrlər səviyyəsində sülh təşəbbüskarlığının əhəmiyyətli şəkildə güclənəcəyi barədə iddialar var.

Bu iddiaların nə dərəcədə doğrulacağını yenə zaman göstərəcək. Əgər aparıcı dövlətlərin - Minsk Qrupu həmsədrlərinin işğalçı Ermənistana münasibəti dəyişməz qalacaqsa, status-kvo dəyişməyəcəksə, onda əlbəttə ki, sentyabr əvvəlki bir neçə aydan fərqlənməyəcək, hətta artan müharibə riski ilə yadda qalacaq. Müharibə isə hazırda nə Rusiyaya, nə də Qərbə əl verir.

Özünün cılız iqtisadiyyatı və orduya çağırışçı problemi yaşayan Ermənistan isə bu müharibədən, ümumiyyətlə, çıxmaya bilər. Yəni əslində yeni böyük savaş ən çox elə işğalçı tərəfə sərf eləmir. Bu acı perspektiv son vaxtlar düşmən ölkədə yavaş-yavaş dərk edilməkdədir. Belə ki, aprel döyüşləri istər-istəməz erməniləri öz real potensialları haqda obyektiv düşünməyə vadar edib - hərçənd, yenə də Qarabağ məsələsində kompromisdən yayınmağa cəhd edirlər.

Kompromis, daha doğrusu, ərazilərin boşaldılması isə qaçılmazdır. Ermənilər müharibə istəmirsə, buna getmək zorundadırlar. Torpaq əvəzinə - sülh, tərəqqi. Ermənistan üçün yeganə xilas formulu yalnız budur!

*****

Siyasi analitiklərin Dağlıq Qarabağ problemi və işğal altındakı digər Azərbaycan torpaqları, həmçinin bu ərazilərin durumu ilə bağlı maraqlı yanaşma və təxminləri var.
“Problem ondadır ki, biz işğal altındakı ərazilərin hansı vəziyyətdə olduğunu dəqiq bilə bilmirik, nədən ki, müşahidəçilərin ora girişi çətindir. Yalnız ümumi anlayış mövcuddur ki, rayonlar dağıdılıb və orada heç bir fəal həyat yoxdur. Heç nə də baş vermir. Erməni əhali həmin ərazilərə getmir, çünki Ermənistan rəhbərliyi bu ərazilərə gələcəkdə mübadilə obyekti kimi baxır”.

Musavat.com-un məlumatına görə, belə bir fikri Rusiyadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli şəxslərindən sayılan politoloq Sergey Markov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində bildirib.

Lakin politoloqun sözlərinə görə, böyük dağıntılara və zəhmət tələb eləməsinə rəğmən, Azərbaycan toplumu və dövləti həmin ərazilərin bərpasına çox böyük həvəs və entuziazmla girişəcək və buna nail olacaq. “Dünya birliyində Dağlıq Qarabağ ətrafındakı bu rayonların Azərbaycan üçün hansı anlam daşımasının dərki yetərlidirmi” sualına Markov belə cavab verib: “Bütün beynəlxalq sənədlər deyir ki, təkcə Dağlıq Qarabağ ətrafındakı rayonlar yox, elə Dağlıq Qarabağın özü də dünya ictimaiyyəti tərəfindən Azərbaycana məxsus ərazilər kimi qəbul edilir. Bunu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, digər sənədlər təsdiq edir. Ancaq beynəlxalq birlik çətin anlasın ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon - Dağlıq Qarabağla eyni şey deyil. Situasiyanın unikallığı da ondadır ki, işğalçı tərəf təkcə ermənilərin kifayət qədər yüksək faiz təşkil etdiyi Dağlıq Qarabağ regionunu yox, həm də ermənilərin minimal sayda olduğu rayonları da zəbt edib. Azərbaycan bu faktı ictimai fikrin malı etməlidir - ki, mütəxəssislər və dövlət liderləri ilə yanaşı, əksər ölkələrin ictimai fikri də bunu bilsin, problemdən baş açsın”.

Politoloq Ermənistanın hazırda 7 rayonu könüllü şəkildə işğaldan azad eləməsinin mümkünlüyünə də toxunub. Bu ərazilərin hərb yolu ilə azad edilməsi ehtimalı artıbmı?

Sergey Markov: “Mən düşünürəm ki, ”Kazan formulu" üzrə kompromisin formalaşdırılması ehtimalı olduqca böyükdür. Həmin formula əsasən, Ermənistan sərhədlərin açılması, bölgənin hərbsizləşdirilməsi və Dağlıq Qarabağın statusu haqda danışıqların başlaması qarşılığında 7 rayonu azad edir. Əgər heç bir sülh anlaşması əldə olunmasa, o zaman ehtimal böyükdür ki, bu rayonlar silah gücünə azad olunacaq. Üstəlik, müharibə həmin 7 rayonla məhdudlaşmayacaq, Dağlıq Qarabağa da girəcək".

*****

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın yalançı siyasəti və danışıqların imitasiyası prosesi davam edir”. Bunu axar.az-a açıqlamasında deputat vəkili Asim Mollazadə bildirib. O, son zamanlar Rusiya tərəfindən Dağlıq Qarabağda rus sülhməramlıların yerləşdirilməsi məsələsinin gündəmə gətirilməsini də şərh edib:
“Münaqişənin həlli o zaman mümkün olacaq ki, Rusiya Ermənistana əmr edib müəyyən dəyişikliklərə nail olmaq üçün addımlar atacaq. O ki qaldı Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə, əgər buna ehtiyac yaranarsa, o zaman ATƏT-in bununla bağlı hələ 90-cı illərdə qəbul etdiyi qərarı işə düşəcək. Qərara əsasən, sülhməramlı qüvvələr qonşu ölkələrin təmsilçilərindən ibarət olmamalıdır. Bununla bağlı sülhməramlı qüvvələr qismində ATƏT-ə daxil ölkələrdən müəyyən nümayəndələr dəvət oluna bilər. Düşünürəm ki, MDB ölkələrindən, məsələn, Qazaxıstan bu prosesdə iştirak edə bilər. Lakin qonşu ölkələrin bu prosesə cəlb olunması çox ciddi təhlükələr yarada bilər”.

Deputata görə, Qarabağ məsələsi ilə bağlı ən əsas qərar Rusiyanın Ermənistana müvafiq əmrindən ibarət olacaq:

“Məhz bu zaman Ermənistanın hansısa addımlar atması gələcəkdə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından gedir. Yalnız bundan sonra çox ciddi danışıqlar prosesi başlaya bilər”.
Öz növbəsində Qarabağa dair danışıqların hazırkı gedişini dəyərləndirən Sergey Markov hesab edir ki, indilikdə nizamlama prosesi “Kazan sənədi” əsasında aparılır və proses intensiv müzakirələr mərhələdəsindədir, lakin qapalı rejimdə aparılır. “Orada çoxsaylı həll olunmamış məqamlar var. Ermənistan rəhbərliyi hansısa formada müqavimət göstərməyə çalışır, çünki rəsmi İrəvan yekun etibarilə 7 rayonu Dağlıq Qarabağın müstəqil statusunun Azərbaycan tərəfindən tanınması qarşılığında azad eləmək istəyərdi.

Bu rayonların boşaldılması qarşılığında sərhədlərin açılması, bölgənin silahsızlaşdırılması və Dağlıq Qarabağın statusu haqda danışıqlara başlamasını isə erməni tərəfi məğlubiyyət kimi qəbul edir. Ancaq mənə bu, heç də məğlubiyyət kimi görünmür - bu, hər iki tərəf üçün çox mühüm kompromisdir. Zaman Ermənistanın əleyhinə işləyir. Ona görə ki, qüvvələr nisbəti daima Azərbaycanın xeyrinə dəyişir”, - deyə sonda Putinin müşaviri vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.