haberL haberR
Seyidlər, kəramət sahibləri həmişə inanclı insanların maraq mövzusu olmuşdur

Növbəti araşdırma mövzumu Azərbaycanın tanınmış seyidlərindən və kəramət sahiblərindən olan Seyid Lazım Ağaya həsr etmək istədim. Bunun üçün kəramət sahibi olan seyidlərin yaşadıqları ərazilərdə oldum, onlarla ünsiyyətdə olmuş insanlarla söhbətləşdim və internetdən bu barədə xeyli maraqlı məlumatlar əldə etdim.

Müsəlman Azərbaycan xalqında seyidlərə ehtiram həmişə böyük olub. Ölkəmizdə Peyğəmbər nəslinin çox sayda nümayəndəsi xalqımızın mənəvi dəyərləri sırasında yer almış, pənah ünvanı olmuşdur.

Hədislərdə də Peyğəmbərimizin (s) nəslindən gələn seyidlərə ehtiram olunması vurğulanır.

Bəs Seyidlər kimlərdir və özəllikləri nədir?

Seyid lüğətdə “ağa” mənasındadır. Nəsli əziz İslam Peyğəmbəri (s) və qızı xanım Zəhra (ə)-a çatan hər bir şəxsə bu ad verilir. Əli (ə)-ın digər xanımlarından olan övladlarına da bəzən ehtiram məqsədilə seyid deyilir. Onlara hömət etmək Quranın “Şura” surəsinin 23-üncü ayəsinə istinadən edilir. Peyğəmbər (s): “Mən qiymaət günü övladıma yardım edən, onlara hər hansı yardm göstərən, dil və qəlblərilə sevən şəxslərə şəfaət edəcəm.” (Kafi c 4, s 60), İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Qiyamət günü İslam Peyğəmbəri “Ey insanlar! Hər kəs mənim övladlarımdan hər hansınasa yaxşılıq edib, geyindirib, doyuzdurub və ona pənah veribsə hərəkət etsin ki, mən də onun qarşılığını verim”-deyə xitab edər.” (Vəsailuş şiə c 16, s 333)

Seyidlər müsəlman cəmiyyətinin sosial strukturlarında xüsusi ehtiramlı təbəqələrdən birini təşkil etməklə, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də belə nüfuz sahibidirlər.

Seyidlərin bir çoxlarının kəramət sahibi olmuşdur. Bunlardan biridə Azərbaycanın məşhur Seyidlərindən olan Seyid Lazım Ağadır.

Seyid Lazım Ağa Azərbaycanda və yaxın müsəlman ölkələrində tanınan, böyük hörmət sahibi, insanlar üçün gərəkli möcüzələrə qadir kəramətə malik olan seyiddir. Ona qarşı xalqın hörməti gündən-günə artmışdır. Seyid Lazım Ağanın Ağdamda yerləşən məqbərəsini minlərlə insan ziyarət edir. Qarabağ camaatının ziyarətgahı, sağlığında çox sayda insana Allahın inayətilə şəfa vermiş seyidin adı belədir: “Seyid Lazım”.

Seyid Lazım ağa Ağsaqqal kimi böyük hörmət və ehtirama sahib olub. O, 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Lakin ömrünün böyük hissəsini Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində ömür sürüb. Keçən əsrin əvvəllərində Ağdamın Çəmənli kəndində çox xeyirxah insan olan, qubernatorun yüzbaşısı işləyən Alı bəy yaşayıb. Alı yüzbaşı Seyid Lazım Ağanın ata-babası ilə çox yaxın dost olub. Ona görə də ailəni Çəmənli kəndinə dəvət edib və burada yaşaması üçün hər cür şərait yaradıb. Seyid Lazım Ağanın nəsli 4-cü imamımız Həzrəti Zeynalabdinin (ə) nəslinə mənsubdur. Seyid Lazım Ağa həm də düşmənlərə qarşı mübariz insan olub. O, 1914-18-ci illərdə Soltan bəyin dəstəsində erməni daşnakı Andronikə qarşı vuruşub.

Seyid Lazım Ağanı tanıyanlar onun 3 həyat prinsipi olduğunu vurğulayır: ədalət, səxavət, ibadət.

Gözəl əxlaqlı ,sağlam vücudlu, uca boylu, üzündən nur tökülən bu peyğəmbər övladının 114 illik həyatı möcüzələrlə dolu olub. Onun cəddinə pənah gətirən heç kim ümidsiz qayıtmayıb. Heç kəsdən özü üçün nəzir qəbul etməzdi. Verilən nəziri kasıblara paylayardı. Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilir, çox mükəmməl Quran oxuyardı. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfatla, heyvandarlıqla məşğul idi. Başına qaragül dərisindən papaq qoyarmış. Ağdam camaatı üçün Seyid Lazım Ağanın sözü “Quran” ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən asırdı. Üzündən nur yağan Ağa adətən çox vaxt bazarda onun üçün qoz ağacından xüsusi hazırlanmış kürsüdə otururdu. Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-niyazı olanlar da onu elə burda tapardı. Dükanın qarşısında bir qutu vardı, bu qutu axşamadək nəzir-niyazla dolardı. Amma Ağa əlini o nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb və ehtiyaclı insanlara paylanırdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə gedənlər Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə.

Hələ Ağdam işğal olunmamışdan əvvəl ermənilər rayonu top, qrad atəşinə tuturlar. Bazarda əhalinin çox olduğu bir gün erməni işğalçıları tərəfindən atılan qradlardan biri Seyidin ayaqları altına düşür və möcüzə baş verdiyi deyilir. Mərmi asfaltı yararaq torpağa girir və partlamır. Ağdam işğal olunan günə qədər də mərmi həmin yerdə qalır. İkinci atılan mərmi isə digər bir ərazini yerlə-yeksan edir. Ağa ilə bağlı rəvayətlər çoxdur. Bunlardan birin Rusiyada yaşayan ağdamlılardan biri belə danışır: “Bir dəfə Rusiyada ermənilər sürdüyüm avtombilə hücum edir. Güllə baran altında maşını “Ya Seyid Lazım Ağanın cəddi, kömək ol” deyəndən sonra sürdüm və Allahın izni ilə ermənilərin tələsindən sağ-salamat qurtuldum.”

Seyid Lazım Ağa həddən artıq vətənpərvər insan idi. 1988-ci ilin fevral ayında Qarabağda şəhid olan Bəxtiyar və Əlinin qana boyanmış qönçə nəşini qucaqlayaraq hönkürüb ağlamış: "Yerinizə minlər doğulacaq" demişdir.

1993-cü ildə Ağdam uğrunda gedən qanlı vuruşmalarda bir türk jurnalisti əsgərlərlə birlikdə mühasirəyə düşür. Aramsız yağan qrad atəşlərindən xilas olmaq üçün əsgərlər "Ya Allah" deyəndən sonra Seyid Lazım Ağanın cəddini köməyə çağırırlar. Atılan qradlar elə göydəcə istiqamətini dəyişir, başqa səmtə düşürdülər. Bu hadisənin şahidi olan həmin türk jurnalist Seyid Lazım Ağanın sorağı ilə onun Mingəçevirdəki evinə gəlib çıxır.

Seyid Lazım Ağa 1994-cü ildə məcburi köçkün olduğu Mingəçevir şəhərində vəfat edib. Öz vəsiyyətinə əsasən Ağdam rayonunun Çəmənli kəndində dəfn edilib.

Məlumat üçün onu da qeyd edim ki, onun qəbrinində yerləşdiyi Ağdamın Çəmənli kəndindəki ziyarətgah yaxın zamanlarda təmir olunub. Maraqlısı isə burasındadır ki, bir yəhudi tacir onun ziyarətgahını təmir etdirir. Həmin yəhudi bildirib ki, “Mənim övladım olmurdu. Bir dəfə Moskvada bazarda olan zaman gördüm ki, bir qrup azərbaycanlı “Ya Seyid Lazım Ağa” deyib hansısa işləri görürdülər. Mən onlardan soruşanda ki, niyə belə edirsiniz? Dedilər ki, Azərbaycanın Ağdam rayonunda çox kəramətli insan kimi tanınan Seyid Lazım ağa olub. Bizim nə müşkülümüz var, onun çağırıb Allahdan işlərimizin yaxşı getməsi üçün dua etməsini istəyirik. Sən də arada işlərin alınmayanda belə et, inşallah düzələr. Mən də övladımın olması üçün hər yerə müraciət etmişdim, amma yenə də müşkülüm həll olmurdu. Öz-özümə düşündüm ki, əgər bu şəxsin adın çağırıb mənim üçün dua etməsini istəsəm, mənim də övladım olarmı? Fikrimdən yayınmadım və niyə də olmasın dedim. Ağanın adını çağırdım. Sonda qərara aldım ki, əgər övladım dünyaya gəlsə, Ağanın ziyarətgahın təmir etdirəcəm. Bəli övladım oldu və Ağdam rayonun Çəmənli kəndinə getdim. Ağanın məqbərəsini ziyarət etdim və təmir işlərinə başlamaq üçün müəyyən qədər pul verdim. Ağanın qəbri-şərifi olan yeri təmir etdirdim, lakin Ağdam rayon icra hakimiyyəti məscidi özləri təmir edəcəklərini bildirdilər və təmir üçün mənə təşəkkür etdilər.”

Əziz oxucular sizlərə onuda bildirmək istəyirəm ki, hadisə 3 ya 4 il bundan əvvəl baş versə də məscid hələ də təmir olunmayıb.

Hazırladı İlkin Məmmədov 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.