haberL haberR

Seymur Həzi ”Azadlıq” qəzetinin Mətbuat Şurasından çıxmasını istəyir

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.07.2016 10:18:25

“Mən Prezident Administrasiyasından idarə olunan bir qurumda təmsil olunmağımızı istəmirəm”

Həbsdə olan jurnalist Seymur Həzi “Azadlıq” qəzetinin Mətbuat Şurasından çıxmasını istəyir. O, bu barədə yaxınları vasitəsilə Meydan TV-yə məlumat göndərib. Jurnalist fikrini onunla əsaslandırıb ki, Mətbuat Şurası “Azadlıq” qəzetinin maliyyə problemləri ilə çarpışdığı bir vaxtda ona kömək etmir: “ 22 iyul Mətbuat Günü yaxınlaşır. Bununla belə, ”Azadlıq” qəzeti hakimiyyətin təzyiqi altında nəşr olunmağa davam edir. “Azadlıq” qəzetinin birbaşa hakimiyyət tərəfindən sıxışdırıldığı heç kimdə şübhə doğurmur. Ancaq bu qəzetin də təmsil olunduğu Mətbuat Şurası və onun millət vəkili olan sədri “Azadlıq”ın vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görmür. Buna görə də “Azadlıq” qəzeti Mətbuat Şurasından çıxmaq barədə məsələ müzakirə etməli və qərar qəbul etməlidir”.

Seymur Həzi fikirlərini bu sözlərlə bitirib: “Mən Prezident Administrasiyasından idarə olunan bir qurumda təmsil olunmağımızı istəmirəm”.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev deyir ki, qəzet heyəti bu məsələni müzakirə edib, Mətbuat Şurasında qalıb-qalmamaqla bağlı qərar verəcək. “Çox təəssüf ki, Mətbuat Şurası ümidləri doğrultmadı. Biz Mətbuat Şurasının yaradanlardan biri olmuşuq. Qəzetin problemləri yaranandan indiyə kimi ciddi bir addım atmayıblar”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Meydan TV-yə bildirib ki, “Azadlıq”ın problemləri ilə bağlı qəzetin rəhbərliyi onlara müraciət edərsə, müzakirə edə bilərlər: ““Azadlıq” qəzeti digər qəzetlər kimi müəyyən vaxtlarda KİV-ə Dəstək Fondundan layihələr alıb. Son zamanlar niyəsə Fonddan layihələr almır. “Azadlıq” qəzeti də digər qəzetlər kimi işıq üzü görür, onun abunəçiləri var. Onun satışı var, amma təəssüf ki, “Qasid” firması qəzetə olan borclarını ödəmir. Mənim fikrimcə, “Azadlıq” qəzetinin problemlərinin əsasında “Qasid” firması ilə olan məsələ dayanır. Biz bu məsələni müxtəlif vaxtlarda müzakirə etmişik. “Azadlıq” qəzetinin rəhbərliyi Mətbuat Şurasına müraciət etsə, bu məsələni yenə bir yerdə müzakirə edib həlli yollarını axtararıq ki, qəzet qarşılaşdığı problemləri digər mətbuat orqanları kimi asanlıqla dəf edə bilsin. İstənilən vaxt Mətbuat Şurası bu cür müzakirələrin açılmasına razıdır. Qanunvericilik çərçivəsində nəzərdə tutulan yardımın olunmasına da hazırdı”.

Əflatun Amaşov Seymur Həzinin “Mətbuat Şurası Prezident Administrasiyasından idarə olunur” fikrini şərh etmək istəmədi: “Mətbuat Şurası kifayət qədər demokratik, işgüzar nüfuzu olan, obyektiv bir qurumdur”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.