haberL haberR

Siqaretin fəsadları və ya ölümün bir addımlığında

Kateqoriya: Sosial Yayımlama tarixi: 05.11.2015 17:56:27

Damla-damla toplanır. Söhbət hansısa şirədən deyil, ciyərimizə toplanan qətrandan gedir

Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş olan yarpaqlarından hazırlanır. Tütün müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ilə çəkilə bilər. Tütün istər trubka, istərsə də müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar, nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirlərin qarşısını ala bilməz.

Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi, siqaretin tüstüsündəki elementlər hər birinin insan orqanizminə bir faydası yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən zərərlisi olan nikotin, qatran, karbon monoksid (CO) və xərçəng yarada bilən maddələrdən ibarətdir.
Nikotindən tibbi məqsədlərdə istifadə olunmur, çünki zəhərli maddədir. O, ən zəhərli maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarda nikotin hər hansı bir adamın damarına vurularsa, bu halda həmin adam ölə bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə (100-120 mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır.

Məlumdur ki, gündə 2 qutu siqaret çəkən insanlar çoxdur. “Onlar bəs nə üçün zəhərlənmirlər” sualı ortaya çıxır. Cavab olaraq onu göstərə bilərik ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənir. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən siqaretdəki nikotin havaya yayılır və yalnız müəyyən bir hissəsi orqanizmə keçir. Sadəcə 1 siqaret çəkən hər hansı 1 adamın orqanizmində 1,2 - 2 mq miqdarında nikotin keçə bilir.

Nikotin böyrəküstü vəzlərdən adrenalin və noradrenalin hormonların ifraz olunmasına səbəb olur. Belə bir vəziyyət isə bir müddətdən sonra mədə yarasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha surətlə döyünür və bunun nəticəsində isə qan təzyiqi yüksəlir.

Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə bu zaman əl və ayaqlarına qan az gedir və həmin orqanlarda temperatur aşağı düşər. Belə vaxtlarda yalnız siqaret çəkildikdən sonra 15-20 dəqiqə əl və ayaqlarda temperatur normal hala çatır.

Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, baş gicəllənmə kimi hallar meydana gələ bilir.

Əgər bir adamın damarında 2 mq nikotin vurulursa, bu zaman ürək bir dəqiqə müddətində 15 dəfə daha çox döyünür. Ürəkdən vurulan qanın həcmi 10 litr olduğu halda,12 litr olur. Belə bir halda siqaret çəkən adamın ürəyi, yerində dayandığı halda adam sanki yorulmuş vəziyyətdə olur. Bu hal iflic də yarada bilər.

Goründüyü kimi nikotin sakitləşdirici bir vasitə deyil, əksinə orqanizmi yoran və ziyan verən bir maddədir.
Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər özünü göstərə bilir.

Siqaretin həzm sistemi ilə əlaqədar zərərləri

1. Siqaret çəkmək iştahanı pozur
2. Həzm prosesini çətinləşdirir
3. Dişləri saraldır
4. Mədə yarasına səbəb olur
5. Dodaq, dil və qida borusu xərçənginin yaranmasına səbəb olur.

Siqaretin tənəffüs sistemi ilə əlaqədar zərərləri

1. Öskürdür və bəlğəm əmələ gətirir
2. Xroniki bronxitlə və emfiezemya səbəb olur
3. Qırtlaq və ağciyər xərçəngləri siqaret çəkənlər arasından daha çox müşahidə edilir
4. Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ gəlməsinin 90%-nə səbəbi siqaretdir.

Siqaretin qan dövranı sistemi ilə əlaqədar zərərləri

1. Damar divarlarının elastikliyinin azalmasına səbəb olur (Arteriyskoleroz)
2. Qol və qıç damarlarında tıxanmalar əmələ gətirir. Qanqren olur. Əl və ayaqların kəsilməsinə, şikəstliyə səbəb olur.
3. Beyni qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic olma hadisələri meydana gəlir.
4. Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi infarktlarının əmələ gəlməsinə zəmin yaradır. Miokart infarktın bu gün ölkəmizdə və dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə, həm infarkt, həm də infarktdan ölüm hadisələri 10 dəfədən də çox müşahidə edilir.

Siqaretin digər zərərləri

1. Hafizə zəifləyir. Ona görə ki, damarlarda kirəclənmə baş verir (arteriyoskleroz).
2. Əhval-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir.
3. Dəridə qırışlar yaranır
4. Hamilə qadınların hələ doğulmamıs uşaqları ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu, hətta ölü doğum ehtimalını artırır.
5. Uşağı əmizdirən analarda nikotin ana südü vasitəsilə körpəyə keçir və bu da uşağın gələcək inkişafına mənfi təsir göstərir.
6. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir. Evdə siqaret çəkən bir ata öz uşaqlarını da zəhərləyir.

Siqaret dünyası

Əhalisi təxminən 7 milyarda yaxın olan Yer kürəsində tütün sektoru hələ də ən böyük sənaye sahələrindəndir. İllik siqaret istehsalından hər birimizə təxminən 1000 qutu siqaret düşür. Qısaca, siqaret satışı, sektora təxminən 200 milyard dollar gəlir gətirir və pulu bölüşdürən siqaret şirkətləri günü-gündən böyüyür.
Ancaq bu fəaliyyət dünyanın zənginləşməsinə heç də yardım etmir. 1993-cü ildə Dünya Bankı siqaretdən yaranan xəstəliklərin maddi nəticələrini, bu xəstəliklər üzündən ortaya çıxan iş gücü qabiliyyətinin itirilməsini, yanğın ziyanlarını və siqaretə xərclənən pul miqdarını hesablayaraq, bunların dünya iqtisadiyyatına 200 milyard dollardan çox ziyan vurduğunu ortaya qoydu.
Dünyada ən çox siqaret istehlak edən ölkə, kişilərin 60%-nin, qadınların isə 8%-nin siqaret çəkdiyi Çindir. Bu ölkədə 385 milyon siqaret çəkən yaşayır. Buna bağlı olaraq hər il sadəcə Çində 750.000 insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını itirir.
Dünyada hər il 4 milyon insan siqaret çəkdiyi üçün həyatını itirir. Əgər lazımi tədbirlər görülməsə, bu miqdar 20 il sonra 10 milyona çatacaq.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST, World Health Organization-WHO) dünyada ən böyük sağlamlıq probleminin siqaret olduğunu elan edib.

Siqaret çəkənlərin çox zaman düşündükləri yanlış fikirlər

Sinirlərimi sakitləşdirir: Siqaret çəkmək əvəzinə, dərindən bir neçə dəfə nəfəs almanız və ya qurtum-qurtum bir stəkan su içməniz daha təsirli olacaq. Və üstəgəl ağciyərləriniz daha sağlam olacaq.

Məni canlandırır: Sabah bir siqaret çəkmək bəlkə də yuxunuzun qaçmasına kömək edə bilər, ancaq eyni işi soyuq su ilə əl-üz yumaq və ya 5 dəqiqə idman etmək daha yaxşı görə bilir. Üstəgəl tez yaşlanmanızın da qarşısını alır.

Sıxıntılarımı aparır: Birini gözlərkən sizin zamanınızın keçməsi üçün bir siqaret yandırmanız bəlkə də bir az sıxıntılarınızı aparır. Ancaq bunu qəzet, jurnal və ya kitab oxuyaraq, meyvə və ya çərəz yeyərək də edə bilərsiniz, üstəlik xərçəng xəstəliyinə yaxalanma riskiniz artmadan.

Düşünməyə yardım edir: Əgər siqaret çəkməsəniz daha yaxşı düşünərdiniz. Çünki hər nəfəs siqaret təxminən 100.000 beyin hüceyrəsini öldürür.

Kökəlməyə mane olur: Unutmayın, alacağınız bir neçə kilo bəlkə sağlamlığınız üçün lazımsız ola bilər, ancaq siqaret sizi sürətlə ölümə aparır.

Siqaretdən zövq alıram ya da siqareti sevirəm: Siqaret əsla zövq alınacaq, seviləcək bir şey deyil. Bir insanın quru, üstəlik zəhərli bir otu sevmək çox mənasız bir davranışdır. Siqaret zövq deyil, olsa-olsa əziyyət verir. İnsana dost deyil, düşməndir.

Niyə tərgitmək istəyirlər?

Aşağıda siqareti tərgidənlərin tərgitmə səbəbləri sıralanıb:

1) Sağlamlığıma əhəmiyyət verdiyim üçün
2) Həyatımda müsbət dəyişikliklər etmək üçün
3) Damarlarımdakı daralmaya mane olmaq üçün
4) Tənginəfəs olmamaq üçün
5) Xərçəng olmamaq üçün
6) İnfarkt keçirməmək üçün
7) Nəfəsimin pis qoxumaması üçün
8 ) Üstümün başımın pis qoxumaması üçün
9) Ətrafımdakıların sağlamlığını qorumaq üçün
10) Ətrafımdakıları narahat etməmək üçün
11) Özümə olan hörmətimi artırmaq üçün
12) İbtidai bir davranışdan qurtulmaq üçün
13) Özümə etibarımı artırmaq üçün
14) Uşaqlarıma nümunə olmaq üçün
15) Nəvələrimə nümunə olmaq üçün
16) Tələbələrimə nümunə olmaq üçün
17) Uşağımın xətrini qırmamaq üçün
18 ) Pulumu israf etməmək üçün
19) Həyat yoldaşıma daha çox işgəncə çəkdirməmək üçün
20) Rahat yerimək üçün
21) Rahat yatmaq üçün
22) Rahat pilləkən çıxmaq üçün
23) Siqaret sağlamlığımı ciddi şəkildə təhdid etdiyi üçün
24) Həkimimə gedərkən utanmamaq üçün
25) Sürətlə yaşlanmağımı durdurmaq üçün
26) Sərbəst olmaq üçün
27) Daha rahat nəfəs almaq üçün
28) Yeməklərdən daha yaxşı dad almaq üçün
29) Daha yaxşı iy hiss etmək üçün
30) Daha çox zəhər tənəffüs etməmək üçün
31) Özümlə fəxr etmək üçün
32) Özümə yaraşdırmıram
33) Siqaretdən diksindiyim üçün

Bunların sayını çoxalda da bilərik. Hər halda sizin də siqareti tərgitmək üçün özünüzə məxsus səbəbiniz vardır.

Cavad Turan
Faktxeber.com

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.