haberL haberR

Tale Bağırzadə və digərlərinin məhkəməsi başlayır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.07.2016 12:15:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi başlayır.

İstintaq başa çatarkən müdafiə tərəfi açıqlamışdı ki, cinayət işində ortaya sübut qoya bilməyiblər. Üstəlik, istintaq bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb.

«Müsəlman Birliyi» Hərəkatının rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F.Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı özünün Facebook səhifəsində yazdığı statuslara görə ötən il dekabrın 8-də həbs edilib. O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılır.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfərin həlak olduğu bildirilir. Həmin gün T.Bağırzadə və onun 14 tərəfdarının həbs edildiyi söylənilir.

Həmin vaxt rəsmi və hakimiyyətyönlü mətbuatda bildirilirdi ki, Nardaran qəsəbəsində dini radikal qüvvələr kök salıb.

 

T.Bağırzadə isə bu əməliyyatdan əvvəl Nardaran sakinlərinin problemləri ilə bağlı hakimiyyəti sərt tənqid edirdi. Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası verilib.(azadliq.org)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.