haberL haberR

“Taliban” təfəkkürlü insanlarla eyni fikri bölüşmək qeyri-mümkündür - Deputat

Kateqoriya: Münasibət Yayımlama tarixi: 19.01.2016 10:27:11

Son günlər mətbuatın və sosial şəbəkələrin bəlkə də ən çox gündəmini zəbt edən şəxs deputat Zahid Orucdur
 O, səsləndirdiyi fikirlərin çoxluğu ilə yox, hər kəsi təəccübləndirəcək açıqlamaları ilə gündəmə gəldi. 
 
Ölkəmizdə baş verən iqtisadi böhran, bunun fonunda yaranan gərginlik, keçirilən etiraz aksiyaları ilə bağlı sadə bir vətəndaşın qəlbindəki həqiqətləri deputatın açıq şəkildə dilə gətirməsi bir anda onu populyar etdi, insanlara sevdirdi. Çünki heç kəsin gözləmədiyi halda o, iqtidaryönlü deputat olaraq, xalqın istəklərini səsləndirdi. Bununla belə, Z.Orucun bu cür fikirlərini birmənalı qəbul etməyənlər də az olmadı. Belə fikirlər ortaya atıldı ki, guya, deputat gündəmi dəyişmək üçün siyasi oyun oynayır. Bu iddialar ən çox müxalif camiə daxilində səsləndi. Amma etiraf etmək lazımdır ki, ən qatı müxalifətçinin, siyasi partiya liderlərinin deyə bilmədiklərini Z.Oruc açıq şəkildə söylədi. Bu da hər kəsdə maraq doğurmaya bilməzdi. 
 
Gəzən söz-söhbətə aydınlıq gətirmək üçün deputatın özü ilə əlaqə saxladıq. Z.Oruc barəsindəki fikirlərə bu cür cavab verdi: “Parlament sosial düşüncələrin, narahatlıqların daşındığı yerdir. Burada əsas mövqelər müzakirə olunur ki, cəmiyyət qarşıdurmalardan azad olsun. Qədim Roma dövründə də Senatın vəzifəsi bundan ibarət idi. Həmin vaxt müxtəlif mövzuları savaş halına gətirirdilər. Amma hər şey intellektual savaş şəklində olurdu. Birinci açıqlamam hansısa icra orqanı barədə olmuşdu. İkincidə, öz həmkarlarımı kəskin şəkildə tənqid etmişdim. Mən dövlətimizin mövqeyini qorumaq, cənab prezidentin 2015-cı ilin yekunlarına dair müşavirədə irəli sürdüyü ideyaların həyata keçirilməsi üçün zəminin hazırlanması ilə bağlı mövqeyimi göstərirdim. Başqa cür mövqeləri şərh etməkdən çox uzağam. Ona görə ki, bir neçə gün öncə qəzetiniz vasitəsilə bir siyasi qurum barəsindəki mövqeyimizi, həmin siyasi qurumun öz mətbuat orqanlarında necə qarşıladıqlarını yaxşı bilirsiniz. Ünvanıma hər cür təhqirlər səsləndirdilər. “Taliban” təfəkküründə olan insanlarla eyni addımı atmaq, eyni fikri bölüşmək qeyri-mümkündür. Dövr ərzində hansı əqidəni daşıdığımızı hər kəs yaxşı bilir. Başqa cür ola da bilməz. Demişdim ki, cənab prezidentin sabitliyimizin, ərazi bütövlüyümüzün qarantiyası olduğunu heç kəs mübahisələndirə bilməz. Hətta sizin qəzet vasitəsilə böyük yazı ilə də çıxış etmişdim. Deputat olduğum vaxtlarda xalqın problemlərini, faydalı olan məsələləri daim gündəmə gətirmişəm. İstəmişəm ki, problemlər küçələrdə, meydanlarda yox, tribunlarda müzakirə olunsun. Vətəndaş o zaman görəcək ki, istədiklərinə nail olur. Fikirlərimə görə, mənə qarşı heç bir tənqidi addımlar atılmayıb. Düşünürəm ki, cənab prezident sonuncu müşavirədə hamıdan daha sərt danışıb. Bizim üçün başlıca məqsəd dövlət başçısının platformasını davam etdirməkdir. Kimsə düşünür ki, baş verən proseslərin fonunda yeni siyasi qüvvə meydana çıxa bilər, yanılır. Çünki meydanlara çıxan insanlar da cənab prezidentin sözlərini, tapşırıqlarını dinləyirlər. Gördüyünüz kimi, son aksiyalarda heç bir siyasi qurumun plakatları yox idi. Onların şüarları siyasi xarakter belə daşımırdı. Hökumətin atdığı addımlar bizi bu proseslərdən çıxarmağa imkan verəcək”.
 
Deputat onu siyasi oyun qurmaqda ittiham edənlərə də cavab verdi: "Bu barədə hər cür rəylər var. Bir kəsim deyir, narazılığı yatırıb hakimiyyətdə qalmaqda davam etmək istəyirlər. Başqa kəsim deyir ki, 2013-cü ildə nə üçün bu şəxslərin namizədlikləri irəli sürülmüşdü. Sosial şəbəkə istifadəçilərinin fikirlərini dəyərləndirmək istəmirəm. Müxtəlif mövqe göstərmək onların haqqıdır. Düşüncəmiz daha çox milli amaldadır. Burada başqa məqsəd axtarmaq doğru deyil. Nə deyilməsindən asılı olmayaraq, ölkə başçısının yürütdüyü siyasətə sadiq qalmaqda davam edirik. Milyonlarla insan var ki, İlham Əliyevin yolunda həyatlarından keçməyə hazırdırlar. Başqa fikrə ehtiyac duymuram”.(Yeni Müsavat)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.