haberL haberR

Tanınmış ilahiyyatçı Mübarək Ramazan ayına hazırlıqdan danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 11.06.2015 18:35:05 2480 dəfə oxunub.

İlahiyyatçı Mübarək Ramazan ayının gəlişi ilə əlaqədar olaraq müsəlmanlara tövsiyələr verdi

“Demək olar ki, Mübarək ayın daxil olmasına bir həftə qalır. Odur ki, bu bir həftə ərzində Allahı daha çox zikr etmək, dualar oxumaq, küsülülərin barışması, kimin boynunda kimin haqqı varsa, halallıq alması və s. bu kimi vacib əməllərə riayət etmək lazımdır. O zaman insan Mübarək Ramazan ayına hazırlıqlı daxil olar”.

Bu fikri islamazeri.az-a Corat qəsəbə məscidinin imam-camaatı ilahiyyatçı Hacı Sahib Məmmədov deyib. O deyib ki, Mübarək Ramazan ayına hazırlıq əlamətlərindən biri kimi bu aydan əvvəlki iki aylarda (Şəban, Rəcəb) oruc tutmağın müstəhəbliyi təkid olunub: “Hədislərdə gələn məlumatlara görə, xüsusilə, Rəcəb və Şəban aylarında müsəlmanların müstəhəb oruc tutmaları təkid olunmuşdur. Bu da təbii ki, Mübarək Ramazan ayına hazırlıq əlamətlərindəndir ki, insan artıq Ramazan ayında oruc tutmağa həm fiziki, həm də mənəvi cəhətdən hazır olsun. Hətta hədislərdə qeyd olunub ki, Şəban ayının orucunun fəziləti Rəcəb ayınının orucundan daha fəzilətlidir”.

İlahiyyatçı Mübarək Ramazan ayına hazırlıq məqsədiylə müsəlmanları Şəban ayının son günlərini oruc tumağa çağırıb. O, bu bir həftənin günlərini oruc tutmaq üçün müsəlmanlara tövsiyə edib.

“Bu ay Mübarək olduğuna görə, Allahın qonaqlıq ayı olduğuna görə, müsəlmanların bu ayı xüsusi bir şəkildə qarşılamaları tövsiyə olunur. Rəsulallahdan (s) nəql olunan hədislərdən birində deyilir ki, Ramazan ayı sizə özüylə rəhmət, məğfirət və bərəkət gətirməkdədir. Bu ay fəzilətli bir aydır. Möminlər gərək bu ayı xüsusi şəkildə hazırlaşmalıdırlar. Mübarək Ramazan ayı Allahın bəndələrinin üzünə açdığı çox bərəkətli, məğfirət dolu bir aydır. Bu ay bağışlanmaq üçün, geniş ilahi rəhmətə sığınmaq üçün böyük bir fürsətdir. Allahdan istəyirəm ki, Özü bizi bu ayda müvəffəq eləsin. Bizləri bağışlananlardan qərar versin”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.