haberL haberR

Tarif Şurası: Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir

Kateqoriya: Ölkə Yayımlama tarixi: 11.06.2015 17:00:00

“Dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək”
 “Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir. Elə dərmanlar var ki, çox bahadır. İnsanlar həmin dərmanların qiymətində enmənin şahidi olacaqlar”.
 

İslamazeri.az-ın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

İ. Məcidov bildirib ki, dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək: “Bütün apteklərdə eyni qiymətlər olacaq. Bu həm də sığorta sisteminin inkişafına töhfə vermiş olacaq. Artıq 10 istinad ölkəsi təsdiq edilib. Sahibkarların fəaliyyəti baxımından bildiyiniz kimi 22 may tarixində Nazirlər Kabineti tərəfindən müvafiq qayda təsdiq olunub. Burada həm topdançılar, həm də aptek təşkilatları üçün müəyyən marjalar nəzərdə tutulub. Həmin marjalar da beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər normaldır. Apteklər həmin marjalarla öz fəaliyyətlərini normal şəkildə təmin edə biləcəklər və qiymət baxımından apteklər arasında rəqabətə ehtiyac qalmayacaq. Bütün rəqabət keyfiyyət müstəvisinə keçmiş olacaq”.

İ. Məcidovun sözlərinə görə, hazırda 4500 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb: “Nəzərə alsaq ki, dərman vasitələrinin müxtəlif qablaşdırma formaları var, bu, dozalardan və qablaşdırma formalarından asılı olaraq təqribən 20 min dərman vasitəsi üçün qiymət tənzimlənməsi deməkdir. Hər bir dərman vasitəsi üçün təqribən ən azı 10 istinad ölkəsi üzrə qiymət müqayisə aparılmalıdır ki, ən aşağı qiymət bazis qiyməti olaraq müəyyən edilə bilsin. Bunun əsasında da topdan və pərakəndə satış qiymətləri müəyyən edilmiş olacaq. Burda dərmanın adı əhəmiyyət kəsb eləmir. Biz onun təsiredici maddəsinə baxırıq. Təsiredici maddə baxımından müxtəlif adlarda dərmanların qiyməti eyni olmalıdır. İşin kifayət qədər məsuliyyət tələb etdiyini nəzərə alaraq ilkin mərhələdə həyati vacib və daha çox tələb olunan dərmanların qiymətlərinin tənzimlənməsi nəzərdə tutulub. Qiymətlər təsdiqləndikcə qiymət cədvəlləri həm Tarif Şurasının, həmİqtisadiyyat və Sənaye Nazirliyinin, həm də Səhiyyə Nazirliyinin müvafiq portallarında yerləşdiriləcək. Eyni zamanda, tənzimlənən qiymətlər bütün dərman vasitələrinin üzərində göstəriləcək. Bununla bağlı ciddi nəzarət tədbirləri həyata keçiriləcək”.

İ. Məcidov qeyd edib ki, bu iş üçün Nazirlər Kabinetinin qərarı ilə Tarif Şurasının katibliyində 5 əlavə ştat vahidi ayrılıb: “Bu işə artıq əczaçılar da cəlb olunub. Əməkdaşlarımız müvafiq treninqlərdə olublar. Vahid qiymətlərin müəyyən olunması bizim sahibkarların çevik işləməyindən asılı olacaq. Onlar bəyannamələri təqdim etməlidirlər ki, biz də onu mümkün qədər tez yoxlayıb şuranın iclasına təqdim edək, qiymətlər təsdiq edilsin. Bəyannamələrin doldurulması bir neçə gün tələb edir. Bəyannamələr düzgün doldurulmalıdır. Tarif Şurasının katibliyində bununla bağlı yoxlama aparılacaq. Sənədlər qaydasında olduqdan sonra şuranın iclasının gündəliyinə təqdim olunacaq və qiymətlər təsdiqlənəcək”.  

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.