haberL haberR
“Məktəb direktorunun bir iş günü” layihəsi çərçivəsində ümumtəhsil məktəb rəhbərlərinin tanıdılmasına start verilib

Təhsil Nazirliyindən islamazeri.az-a verilən məlumata görə, l ayihə çərçivəsində KİV nümayəndələri məktəb direktorunun fəaliyyəti ilə tanış olur, onlara məktəbdə tətbiq olunan yeniliklər və tədris prosesində istifadə edilən innovativ metodlar barədə məlumat verilir.

Layihə çərçivəsində tanıtım turu Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdən başlayıb.
Jurnalistlər məktəbin direktoru Yuliya Kərimovanın bir günlük iş fəaliyyətini izləyiblər. Sinif otaqlarına baş çəkən Yuliya Kərimova media nümayəndələrinə məktəbdə tam orta təhsil pilləsində təmayül siniflərinin təşkil olunduğunu bildirib.

Məktəbəhazırlıq məşğələləri və “Sağlam təhsil sinfi” jurnalistlərdə xüsusi maraq doğurub. Aşağı siniflərdən başlayaraq tədris prosesində elektron vasitələrdən geniş istifadə olunduğunu deyən direktor məktəbdə ən müasir İKT avadanlıqlarının quraşdırıldığını bildirib. İbtidai təhsil siniflərində təlim mühiti də müasir metodologiyaya əsasən qurulub. Uşaqların mütaliə mədəniyyətini yüksəltmək üçün isə tez-tez teatrlaşdırılmış oxu dərsləri təşkil olunur.
Yuliya Kərimova şagirdlərin fiziki sağlamlığına da xüsusi diqqət ayrıldığını vurğulayıb. Jurnalistlərlə birlikdə fiziki tərbiyə dərslərini izləyən direktor uşaqların əyləncəli idmana böyük həvəs göstərdiklərini qeyd edib.
Müasir avadanlıqlarla təchiz olunmuş müəllimlər otağında həm işləmək, həm də istirahət üçün hər bir şərait yaradılıb. Yuliya Kərimova müəllimlərin peşəkar inkişafını təmin etmək üçün burada tez-tez təlimlərin keçirildiyini də bildirib.
Sonda media nümayəndələri məktəb direktoru ilə birlikdə təhsil islahatları və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.