haberL haberR

Tiflisin mərkəzində azan səsgücləndiricilə niyə verilmir? - Video

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 17.06.2016 02:45:04

İslamazeri.az olaraq məsələni araşdırmaq qərarına gəldik.....

Tiflis; Bu şəhər azərbaycanlıların dədə-babalarının yaşadığı Gürcüstanın qədim şəhərlərindən biridir. Hələ də, burada azərbaycanlılar gürcü və digər millətlərlə birlikdə yaşayır, yaradır, vergi verir və vətənlərini sevirlər. İnanclılar burada azad ibadət edir, öz mərasimlərini qeyd edirlər.

Lakin, bəzən başa düşülməyən məqamlar insanda sual yaradır. Məsələn bu yaxınlarda mediada Tiflisin mərkəzi məscidi olan Cümə məscidində mikrafonla azanın verilməməsi inanclı kəsimin diqqət mərkəzindədir. İslamazeri.az xəbər verirki, bu həssas məsələ təkcə Gürcüstan inanclıları, yəni o ölkənin islam dininə qulluq edənləri deyil, Azərbaycanda yaşayanları da narahat etməkdədir. Axı bu cür məsələlər ölkəmizdə də ara-sıra baş vermişdi. Azan qadağası və ya azanın səsinin mikrafonla və ya səsgücləndiricilə verilməsinə məhdudiyyətlər Azərbaycana yad məsələ deyil. Həmd olsun Allaha demək olarki, bu cür problemlər artıq ölkəmizdə rast gəlinməməkdədir. Lakin, qonşu, özüdə soydaşlarımızın yaşadığı Tiflis şəhərində azanın səsinin mikrafonla və ya səsgücləndiricilə verilməsinə məhdudiyyətlərə biganə qala bilməzdik.

Odurki, İslamazeri.az olaraq məsələni araşdırmaq qərarına gəldik.

Cümə məscidi (aşağıda islamazeri.az-ın Tilfisdən hazırladığı videoreportaja baxıb adı qeyd olunan məscidin harada yerləşdiyini özününüz izləyə bilərsiniz) Tiflisin Meydan adlanan mərkəzi məhəllərinin birində tikilib. Burada sünni, şiə birlikdə namaz qılır. Xüsusilə cümə günləri məscidə gələnlərin sayı çox olur. Məscidin içində iki zal diqqət çəkir. Biri sünnilər, digəri isə şiələr üçündür. Əlbəttə ki, şiə və sünni bu məsciddə istədiyi yerdə namaz qıla bilər. Söhbət camaatla qılınan namazdan gedir. Məscidin kiçik həyəti, həyətdə tualet və dəstəməzxanası var. Ətrafdakı evlərin əksəriyyəti isə, azərbaycanlılara məxsusdur. Düzdür indi bu ərazidə bəzi azərbaycanlılar Azərbaycana köçdüklərinə görə, buradakı evlərini ya kirayəyə vermiş, ya da satmışlar. Ancaq yenədə küçədə gəzərkən məscidin məhəlləsinin azərbaycanlılara məxsus olduğu və ya ən azı gürcülər qədər azərbaycanlılar yaşadığını deməyə əsas verir. Bu yerdə qeyd edək ki, bu məhəllənin köhnə sakinlərindən daha çox gürcülər bu mərkəzi yerləri tərk ediblər. Çünki, bu ərazidə yaşayan azərbaycanlıların əksəriyyətinin vəziyyəti gürcülərə nisbətdə daha yaxşıdır. Bu dediklərimizi Tiflisdəkilər hamısı təsdiq edər.

Bəs məsələ nədir? Həqiqətənmi burada yaşayan insanlar indi azanın mikrafonla verilməsindən narahatdırlar?

Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov  İslamazeri.az-a məsələ ilə bağlı bunları deyib: “Ölkədə azan qadağası yoxdur. Lakin Tiflis Cümə məscidində səsgücləndiricilə azan verilmir. Hər məzhəbin nümayəndələri məscidin içində azan verirlər. Əgər belə bir qadağa varsa, bunu aradan qaldırmaq lazımdır. Çünki, azan məscidin ayrılmaz bir parçasıdır.”

Azanın səsgücləndiricilə verilməməsinin illərdir davam etdiyini bildirən Mirtağı Əsədov bu məsələnin müxtəlif səbəblərlə əlaqəli olduğunu bildirib. O bu məsələdə turistlərin bu əraziyə daha çox gəlişini də istisna etmədiyini bildirib.

“Məscidin məsulları və ya hansı quruma aiddirsə bu qurum bu məsələni həll etməlidirlər. Əgər həll yolu çətin olsa, hüquqi yollara baş vurmaq lazımdır. Ümidvarıq bu məsələ tezliklə öz həllini tapacaq”, - deyə Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov əlavə edib.

Mirtağı Əsədov Cümə məscidi olan ərazidə əvvəllər iki məscidin olduğunu, lakin Sovet hakimiyyəti tərəfindən dağıdıldığını da qeyd edərək deyib: “Sovet hakimiyyəti dağıtsada, varis Gürcüstan dövlətidirki, bu dağıdılan məscidlərin yerində yeni məscidlər tikmək iqtidarındadır.”

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov “Salamnews”a müsahibəsində azan qadağasının olmadığını bildirib.

“Gürcüstanda 312 məscid fəaliyyət göstərir. Bu məscidlərin əksəriyyətində azan verilir və heç bir qadağadan söz gedə bilməz: Bu sahədə Gürcüstan digər ölkələrə nümunədir və inanclı insanlar öz dini ayinlərini sərbəst şəkildə həyata keçirirlər", -deyə Hacı Ramin İgidov qeyd edib.

Azan qadağası ilə bağlı yayılan məlumatlara gəlincə GMİ-nin sədri deyib ki, 5 il bundan öncə Tbilisidəki Cümə məscidi ərazisində yaşayan insanlar tərəfindən azanın uca səslə verilməsindən narahat olaraq müraciət etmişdilər: "Biz də həmin müraciətləri nəzərə alaraq azanı uca səslə deyil, aşağı səslə məscidin içində verilməsini təmin etdik. Lakin burada azan qadağasından söhbət gedə bilməz. Gürcüstanda azan qadağası yoxdur".

Adının açıqlanmasını istəməyən gürcüstanlı inanclı isə məsələdə dövlət qurumlarının olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, bu qurumlar dini mərasim və dini işlərə azadlıq yaratmaqla inanclıları nəzarətdə saxlamaq istəyirlər,  bəzi hallarda azanın mikrafonla verilməməsi kimi məsələlərdə onları başa düşməyə çağırırlar. Lakin mənbəmiz bu məsələnin təməl dəyər olduğu üçün ruhanilər arasında tam olaraq qəbul olunmadığını qeyd edib.

Gördüyünüz kimi məsələ elədə mürəkkəb deyil. Sadəcə azərbaycanlıların, xüsusilə inanclıalrın birlikdə bu məsələni həll edə biləcəyini düşünürük (oranın əhalisinin adından rəsmi məktub kimi). Çünki, məsciddən müasir zamanda səsgücləndirici ilə azan verilmirsə, bu normal məsələ deyil. Sivil və normal ölkələrdə azanın səsi heç bir kəsə problem yaratmadığı kimi, Gürcüstanda da bunun problem olmadığını düşünürük. Necəki, bizlər kilsələrin zınqırov səslərindən narahat olmuruq, gürcü dostlarımızın da bizlərin məscidlərimizdən gələn azan səsindən narahat olmayacaqlarını güman edirik.

P.S. Məsələnin siyasi xarakterli olduğunu  istisna etmirik.

İslamazeri.az-ın Tiflisdən, o cümlədən adı qeyd olunan məsciddən reportajı:

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.